Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Sevinc Azadi

Erməni vandallığı davam edir

26 oktyabr 2020 19:34
627

Prezident İlham Əliyevin də söylədiyi kimi, məscidləri dağıdan, orada heyvan saxlayaraq bu dəyərləri təhqir edən ölkə əsla müsəlman ölkələrinin dostu ola bilməz

 

Bu gün dünya ölkələrində demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük xalqımızın əsrlər boyu formalaşan və bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir və bu, inkaredilməz həqiqətdir. Dünyada dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda kilsə və sinaqoqlarla yanaşı, bir çox xristian, yəhudi dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi də buna əyani sübutdur. Bir çox ölkələri öz ağuşuna almış arzuolunmaz proseslərin fonunda ölkəmizdə azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsi, bu mühitin qorunub saxlanılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və xalqımız bunu gündəlik həyatının hər anında hiss etməkdədir.

Ölkəmizin əlverişli coğrafi şəraitdə yerləşməsi və zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olmuş, burada Zərdüştlük, Xristianlıq və İslam dini yayılmışdır. Qədim inancların adətləri, tarixi qədimliyi bu günə qədər qalmaqdadır. Dini inancların fərqli olduğu, yayıldığı məkanlarda müxtəlif etnosların sülh içində yaşaması ən böyük multikultural ənənədir. Bu tarixi ənənəni Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, rutullar, udilər, assiryalılar və qrızlar bu günə qədər qorumaqdadırlar. Həmçinin ölkəmizdə bu gün də bir çox dinlərin milli-mənəvi dəyərləri, abidələri bərpa və mühafizə olunur. Bütün bunlar ölkədə güclü tolerantlıq ənənələrinin, multikulturalizmin təşəkkülünə, möhkəmlənməsinə və inkişafına gətirib çıxarmışdır. Bunun nəticəsidir ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri ölkəmizdə gedən müharibə dövründə də vəhdət nümayiş etdirirlər. Bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycandakı dini konfessiyalarla birgə Vətən müharibəsi ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb. Həmçinin Gəncəyə ötən günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən təşkil edilən terror hücumu xristian və yəhudi icmaları tərəfindən pislənmiş və günahsız insanların ölümünə etiraz olunmuşdur.

Bu gün dünya ictimaiyyətinə yaxşı məlumdur ki, ermənilər işğal altında olan torpaqlarımızda dini abidələrimizə qarşı vandalizm siyasətini davamlı olaraq həyata keçirir. Onlar tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləridir. İşğal olunmuş ərazilərdə qalan və İslam dövrünə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Məhz buna görə bu abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilib. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Bütün bunlar Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Bu, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, bütövlükdə müsəlman dünyasına qarşı törədilən cinayətdir. Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verən ölkə kimi İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman səylərini davam etdirməyə hazırdır. Bu mənada İslam dünyası Ermənistanın uzun illərdən bəri davam edən işğalçılıq siyasəti və Azərbaycanın milli-mədəni irsinin, İslam mədəniyyətinə aid dini abidələrin dağıdılması ilə bağlı qətiyyət sərgiləməlidir. Birmənalı şəkildə unutmaq olmaz ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, məscidləri dağıdan, orda heyvan saxlayaraq bu dəyərləri təhqir edən ölkə əsla müsəlman ölkələrinin dostu ola bilməz.

Mənsumə Babayeva
28 illik işğala son
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?