KÖŞƏ

Mənsumə Babayeva

“Milli Şura”çıların zəifliklərini ört-basdır etmək cəhdi

07 yanvar 2020 20:39
5879

Boykot taktikası bu ünsürlərə çirkin niyyətlərini həyata keçirmələrinə yardımçı olmaq iqtidarında deyil

Azərbaycan daha bir mühüm  siyasi kampaniya- növbədənkənar parlament seçkiləri  ərəfəsindədir. Seçkiöncəsi “Milli Şura”çılar ənənələrinə uyğun olaraq yenə də boykot çağırışı etməkdədirlər. Amma unudurlar ki, boykot zəifliyin, məğlubiyyət qorxusunun göstəricisidir.

Boykot taktikasını o siyasi partiyalar həyata keçirir ki, onların həqiqətən də çox böyük siyasi gücü var və bu taktika doğrudan da cəmiyyətdə rezonans doğura, seçkilərə ciddi təsir göstərə bilir.  Dağıdıcı qüvvələrin il ərzində  qeyri-qanuni mitinq və piket cəhdləri,  müxtəlif üsullarla küçələrə iki cüt, bir tək adamı toplaması onların hansı sosial dayağa, nüfuza malik olduqlarını göstərdi.  Ümumiyyətlə, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövrü   xalqımızın yaddaşına xaos, anarxiya və hakimiyyətsizlik ili  kimi həkk olunub.

Demokratiyanın vacib tələblərindən biri kimi  “seçkilərə qatılmayan, boykot yolunu tutan siyasi partiya seçkilərin nəticələri ilə bağlı fikir söyləyə bilməz” prinsipi dağıdıcı düşərgə təmsilçilərinin özləri tərəfindən də etiraf olunur. Əlilərin, cəmillərin boykot çağırışına səs verməyən müxalif düşərgənin nümayəndələri  AXCP sədrini dar düşüncəyə sahib olmaqda ittiham edirlər. Qeyd edək ki, Ə.Kərimli bildirib ki,  boykot olan yerdə heç bir cəbhəçi, yaxud “Milli Şura” üzvü  seçkilərdə iştirak edə, yaxud seçicilərə səslənə bilməz. Gülüş doğuran açıqlama deyilmi?

Butün bu  olaylar  onu göstərir ki, “Milli Şura” oyuncaq bir təşkilatdır. Onun verdiyi “qərarlar” xaricin sifarişləridir.  Əli Kərimlinin isə kimliyi, hansı məqsədlər uğrunda mübarizə aparması hər kəsə məlumdur. Bu gün AXCP-nin bir neçə adda fəaliyyət göstərməsini xatırlamaqla onun kimliyinin aydın mənzərəsini yaratmaq mümkündür. Təmsil olunduğu qurum daxilində belə özünü idarə edə bilməyən, “birincilik” xəstəliyini qabarıq şəkildə büruzə verib mərhum Ə.Elçibəylə  söz savaşına çıxan bir şəxsin özünü ictimai fikrə xalqın gələcəyini düşənən fərd kimi təqdim etməsi ikrah doğurur. Bu günə qədər ölkəmizdə keçirilən seçki proseslərində daim kənardan seyrçi mövqedə dayanmağa üstünlük verən əli kərimlilərin məqsəd və məramı Azərbaycanın demokratik inkişafına kölgə salmaqdır. Təəssüf  hissi ilə qeyd etmək lazımdır ki, əli kərimlilər ermənipərəst qüvvələrin əlində oyuncağa çevrildikləri, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutduqları üçün işğalçı Ermənistanı müdafiə edərək, demokratik ölkə kimi dəstəkləyirlər. Artıq geniş şərhə ehtiyac duymuruq.

Yeni Azərbaycan Partiyası  İcra katibinin müavini Siyavuş Novruzov mətbuata açıqlamasında bu mühüm məqamı xüsusi qeyd edir ki,  “Milli Şura” özünün zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir. Azərbaycanda 50-dən artıq siyasi partiya var və bu partiyalardan 40-dan çoxu parlament seçkilərində iştirak edəcək: “Bundan əlavə Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri var və bu insanlar da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər, o cümlədən xaricdə təhsil alıb gəlmiş gənclər də seçkiyə böyük həvəs göstərirlər. Yəni namizədliklərini irəli sürmək üçün çox insanlar var”.

S.Novruzov  “Milli Şura”nın  bir yanlış informasiyanı cəmiyyətə sırımaq istəyinə də münasibət bildirərək vurğulayıb ki,  guya onlar seçkidə iştirak etməsə, bu seçki qeyri-demokratik olacaq: “Dünyanın heç bir yerində, heç bir beynəlxalq hüquq normasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Seçki Məcəlləsində bununla bağlı bir müddəa yoxdur. Ona görə də kimin iştirak edib-etməməsi öz hüququdur. “Milli Şura” getsin Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub insanlara düzgün təqdim etmir və seçkilərin üzərinə kölgə salmaq istəyirlər. Onların sosial bazası, elektoratı yoxdur, bilirlər ki, seçilməyəcəklər, çünki xalq etimad göstərməyəcək. Bu baxımdan da özlərinin zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər”.

“Müxalifət seçkilər yolu ilə yox, çevriliş nəticəsində hakimiyyətə gəlmək istəyir” deyən hüquqşünas Aslan İsmayılov isə bildirir ki,  Azərbaycana düşmən olan qüvvələr öz maraqları naminə hər dəqiqə “Milli Şura”nın potensialından istifadə etmək məqamını gözləyirlər: “Bu gün özlərini “Milli Şura”ya və Azərbaycana dost kimi göstərən qüvvələrin də əksəriyyətini əsasən məhz öz mənfəətləri maraqlandırır.”

Dağıdıcı ünsürlər çox yaxşı anlayırlar ki, onların siyasi meydanı iqtidarın gördüyü işələrin fonunda daralıb. Özləri 27 il bundan öncənin nostalji hissləri ilə yaşasalar da xalqımız ağı qardan seçməyi çox yaxşı bacarır. Dövr dəyişir, insanların düşüncələri dəyişir. Bu gün kimliyindən, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs vicdanının səsinə qulaq asaraq  həqiqətə həqiqət gözü ilə dəyər versə, ölkəmizin böyük inkişaf yolunda inamla irəlilədiyini nəinki etiraf edər, uğurlarımızla qürur hissi keçirər. Xalq əli kərimlilərə, cəmil həsənlilərə əsl yerlərini göstərib. Onların yeri arxivin günc-bucağıdır.