KÖŞƏ

Zahid Rza

“Milli Şura”nın siyasi intiharı

04 iyul 2020 10:59
5503

Son vaxtlar radikal müxalifət düşərgəsində təmsil olunan partiyaların vəsiqə və arayışları ilə Qərb ölkələrinə ixrac olunan “siyasi mühacirlərin” cinayətkar əməlləri ilə təkzibolunmaz fakrların üzə çıxması bəzi qaranlıq mətləblərin aydınlığa qovuşmasına təkan verdi. Bəlli oldu ki, məlum “siyasi mühacirlər” cinayətkar dəstələr yaradaraq, insan alveri, miqrant biznesi ilə məşğul olaraq qeyri-qanuni yollarla külli miqdarda pul qazanıblar.

Ermənipərəst dairələrin, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən digər qrupa aid “siyasi mühacirlər”in sosial şəbəkələrin yaratdığı geniş imkanlardan istifadə edərək xəyanətkarcasına Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparırlar. Artıq bəlli olub ki, erməni lobbisi bəzi beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycanın dövlət maraqlarının əleyhinə təbliğat aparan bu qaragüruha ianə adı ilə külli miqdarda pullar verir, həmin “müstəqil bloqgerlər”in ofis, ev xərclərini ödəyir, onlara hər cür şərait yaradırlar. Xəyanətkar, satqın “müstəqil bloqgerlər”in dağıdıcı müxalifətlə sinxron fəaliyyəti, onların internet televiziyalarının maddi təchizat baxımından geniş imkanlara malik olması bəzi qaranlıq məqamları üzə çıxarır. Bəlli olur ki, bütün bunlar Azərbaycan əleyhdarı olan bəzi dairələrin vahid bir mərkəzdən sistemli şəkildə idarə etdiyi prosesdir.

Dağıdıcı müxalifətin sırasında yer alan bəzi siyasi partiyaların başbilənlərinin köməyi ilə xarici ölkələrdə siyasi mühacir adı ilə məskunlaşan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Qabil Məmmədov və digərlərinin Qərb ölkələrində öz gücləri ilə yüksək səviyyədə təmin olunmuş internet TV-lər yaratmaları absurddur. Şübhəsiz, bu xəyanətkar dəstənin arxasında dayanan qüvvələr var. Həmin qüvvələr pərdə arxasından hər cür dəstək verərək öz çirkin niyyətlərini də belə satılmış ünsürlərin əli ilə həyata keçirməyə çalışırlar. Milli mənliyi, ruhu qısırlaşmış bu dönük məxluqatlar erməni lobbisinin və onların havadarlarının inhisarında olan media orqanlarının, neoimperialist ölkələrin gizli xidmət orqanlarının şübhəli qaynaqlarından maliyyələşən beynəlxalq QHT-lərin ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasına züy tutmaq üçün dəridən-qabıqdan çıxırlar. Antimilli ünsürlərin yığnağına çevrilən “Milli Şura”nın son zamanlardakı videotoplantılarında baş verənlər isə onların antimilli simasını tam çılpaqlığı ilə nümayiş etdirdi. Bu xəyanətkarlar həmin zoom toplantılardakı əməlləri ilə bir daha sübut etdilər ki, ölkəmizə nə qədər pisdirsə onlar üçün daha yaxşıdır. Özləri də açıq-aşkar utanmadan söyləyirlər ki, onların əsas işi Azərbaycan hökumətini şərləməkdir.

Dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar karantin günlərində də belə bu antimilli ünsürlər təxribat və böhtan xarakterli məlumatlar yaymağa çalışaraq öz xəyanətkar simalarını bir daha göstərdilər. Amma onların bu xain arzuları da puç oldu. Xalq-dövlət birliyi çətinliklərin öhdəsindən uğurla gəldi.

“Sapı özümüzdən olan baltalar”ın, Azərbaycan əleyhdarlarının dəyirmanına su tökən Vətən, millət dönüklərinin bu mənəviyyatsız, namərd əməllərinə nə ad vermək olar? Bütün etik-mənəvi, əxlaqi dəyərləri tapdalayaraq millətinə, respublikamızın rəhbərliyinə, dövlət adamlarına şər-böhtan, təhqir yağdıran, millətin ziyalısını, sayılıb-seçilən insanlarını mənəvi və fiziki təhqirlərə məruz qoyan bu satqın söyüş makinaları cəmiyyətimizin böyük təpkisi və ictimai qınağına tuş olduqları üçün daha da aqressivləşiblər. Bu rəzil kampaniyanın lap əvvəlindən hiss olunurdu ki, həmin xəyanətkarların başlatdıqları normal, sivil siyasi mübarizə yox, ölkəmizin milli mənafe və maraqlarına qarşı yönləndirilən, beynəlxalq imicini korlamağa çalışılan, pərdəarxası qüvvələr tərəfindən məharətlə idarə olunan məkrli və zərərli bir oyundur. Bunların əməlləri kimi, leksikonları da insanda ikrah və nifrət hissləri yaradır.