Vəli İlyasov |
Azərbaycan hüquq mühafizə orqanlarının həbs etdikləri Fəxrəddin Abbasov 1956-cı il dekabrın 25-də Lerik rayonunun Bılabənd kəndində anadan olub. Bu adam öz yurduna, millətinə və milliyyətinə xor baxan nadürüstlüyü ilə soydaşlarının nifrətini qazanmışdı.
Fəxrəddin Abbasov firavan həyat sürür, başından böyük iddialarla yaşayırdı. Onu yolundan azmağa vadar edən də elə həmin iddiaları oldu, nəticədə isə rəzil xalq düşməninə çevrildi. 1993-cü ildən Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olurdu. Özünə “ideoloq” seçdiyi bədnam Əlikram Hümbətova qoşularaq Azərbaycanı parçalamaq yolu tutmuşdu. Hətta o, Azərbaycana düşmən kəsilən qatı separatçı, “Talış-Muğan Respublikası” yaratmağa çalışan üzdəniraq polkovnik Əlikram Hümbətov tərəfindən qondarma qurumun “parlamentinin spikeri” təyin edilmişdi. Əlikram Hümbətov komandirlik etdiyi briqadanı döyüşdən çıxararaq Lənkərana gətirəndən dərhal sonra Fəxrəddin və digərlərinin fəal iştirakı ilə bölgəni parçalayıb Azərbaycandan ayırmaq kimi bir iyrənc plana rəvac verdi. Əslində bu planın müəllifləri onlar deyildi. Planlar xaricdə cızılmışdı. Əlikramla Fəxrəddin yalnız icraçı lakeylər idi. Lakin plan pozuldu, ümummilli liderimiz Heydər Əliyevin bir çağırışı ilə cənub bölgəsinin bütün ziyalıları, ağsaqqalları və əhali ayağa qalxaraq bu Vətən xainlərini süpürüb atdı.
Vətənə xəyanəti aşkara çıxandan sonra Rusiyaya qaçan Fəxrəddin Abbasov uzun müddət idi ki, Azərbaycan dövlətçiliyi əleyhinə təxribat xarakterli çıxışlar edirdi. Həmin çıxış və addımlar həbs edilənə qədər davam etməkdə idi. Milli kimliyini və ləyaqətini itirmiş Fəxrəddin Abbasov tez-tez İrəvana, hətta Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə səfərlər edirdi. Ermənistanda isə həmişə onu xüsusi təmtəraqla qarşılayırdılar. O da ermənilərə məxsus mətbuat orqanlarında Azərbaycana qarşı çıxışlar səsləndirirdi. Dəfələrlə İrəvanda separatçı tədbirlərə qatılan Fəxrəddin Abbasov düşmənin maraqlarına uyğun addımlar atır və ölkəmizə qara yaxmaqla məşğul olurdu. Bundan başqa, onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi də bildirilir.
Yada salaq ki, separatçı xain 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib, uzun müddət elmi kommunizm, daha sonra politologiya fənnini tədris edib. Hətta 2005-ci ildəki parlament seçkiləri ərəfəsində Azərbaycana gəlib, öz namizədliyini irəli sürsə də, millət vəkili seçilə bilməyib. Həmin vaxt Azərbaycan əleyhinə apardığı təbliğata və qanunsuz fəaliyyətə baxmayaraq, onun sərbəst olaraq ölkəyə gəlib-getməsinə heç bir maneə yaradılmayıb. Bu faktları göz önünə gətirəndə F.Abbasovun talışların hüquqlarının tapdalanması haqqında səsləndirdiyi fikirlərin yalan, düşmən qüvvələr tərəfindən hazırlanmış təxribat xarakterləri iddialar olduğu üzə çıxır.
Görünür, onun necə təhlükəli və çörək yediyi qaba tüpürən nadan olduğunu Rusiya tərəfi də anlayıb. Belə ki, separatçı 2014-cü ildə müraciət etsə də, ona Rusiya vətəndaşlığı verilməyib.
Daim tolerant dəyərlərin mövcud olduğu Azərbaycanda nəinki talışlar, digət millətlərin nümayəndələri də mehriban dostluq prinsipləri əsasında rahat, bərabərhüquqlu və azad yaşayırlar. Talışların Azərbaycan dövlətini necə sevdiyini təkcə Qarabağ münaqişəsində onların göstərdiyi şücaətlər də sübut edir. Təbii ki, qaniçən Ermənistan rejiminin çaldığı zurnaya oynayan bu nadan heç bir halda doğma talış xalqının nümayəndəsi ola bilməz. O, daim üzərində “erməni maşası” damğası ilə yaşayacaq. Əgər bu ləkə ilə həyatda qalmağa yaşamaq demək olarsa...
Görəsən, bu gün işıqlı dünyaya dəmir barmaqlıqlar arxasından baxan Fəxrəddin Abbasov anlayırmı ki, Yer üzündə Vətənə xəyanət etməkdən də betər rəzalət yoxdur. Bu yaşa qədər anlamayıbsa, bundan sonra çətin ki, anlasın. Deməli, “qozbeli qəbir düzəldər” kəlamını nahaq deməyiblər.