KÖŞƏ

Röya Rasimqızı

Erməni vəhşiliyinin qanlı izləri

18 mart 2020 20:41
8805

Ulu öndər Heydər Əliyev bildirirdi ki, tariximizin hər səhifəsi bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri ilə yanaşı, faciəli səhifələri də vardır. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Bu sənədin imzalanmasından ötən dövr ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub.

Faktlara əsaslanan tariximiz təsdiqləyir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Təkcə 20-ci əsrin əvvəllərində çar Rusiyası tərəfindən nəşr edilmiş xəritələrə baxmaq kifayətdir. İndiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub.

Ötən yüz illikdə “Böyük Ermənistan” xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlıqdan kənar əməlləri xalqımızın yaddaşında qanlı izlər qoymuşdur. 1905-1907, 1918-1920, 1948-1953- cü illərdə rus imperiyasının havadarlığı ilə keçirilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olmuşdur. 1988-ci ildən Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr, qətillər, kəndlərin dağıdılması, 70 nəfərin - 21 qadın və 6 uşağın öldürülməsi ilə nəticələnən Qukark faciəsi, Vardenisdə (40 nəfərin öldürülməsi) olayları yaddan çıxmayıb. İrəvanda, Masisdə, Kalinində, Kacaranda, Qafanda, Kirovakanda, Gorusda, Sisyanda, Amasiya və Alaverdidə törədilmiş qanlı hadisələr 250 min soydaşımızın qədim Azərbaycan torpaqları olan doğma yurdlarını tərk etməsi ilə nəticələndi. Beləliklə əsrlər boyu, mərhələlərlə həyata keçirilən soydaşlarımızın Qərbi Azərbaycandan zorla köçürülməsi siyasəti 1988-ci ildə başa çatdırıldı. 1990-cı illərdə daha da şiddətlənən və qanlı olaylarla müşahidə olunan deportasiya və soyqırımları düşünülümüş şəkildə Ermənistan dövlətinin rəhbərliyi altında təşkil olunurdu. Ermənilərin törətdikləri soyqırımları zamanı qətlə yetirilənlərin, dağıdılan kəndlərin, tarixi abidələrin sayını hesablamaqla qurtarmaz. Təxmini hesablamalara görə ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlarda ölənlərin sayı 4 milyondan artıqdır. Təkcə Çəmbərəkənd qəbristanlığında dəfn olunan bakılıların sayı minlərlədir.

Xocalı soyqırımı erməni vəhşiliyinin növbəti təzahürüdür. Xocalı faciəsində həlak olan 613 nəfərin 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri qocalar olub. 8 ailə tamamilə məhv edilib. Ermənilər sağ qalmış insanlara işgəncələr verib, başlarının dərisini soyub, uşaqların gözlərini çıxarıb. Bu, insanlığa sığmayan hərəkət, vəhşilik, cinayətdir.

Qeyd olunanlar erməni vəhşiliklərinin çox az hissəsidir. Erməni diasporunun zaman-zaman apardığı təbliğata görə beynəlxalq ictimaiyyətə “yazıq, məzlum və əzilən” millət kimi təqdim olunan ermənilər artıq fakt qarşısında aciz olduqlarını inkar edə bilmirlər. Faktlara əsaslanan tarix hər zaman bu tələbi ortaya qoyur ki, həqiqəti yalan təbliğatla deyil, faktlarla ortaya qoymaq gərəkdir.