KÖŞƏ

Sevinc Azadi

Xəyanətkarlar, fərarilər yuvası

30 oktyabr 2020 18:53
2075

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları Ermənistanın əsl simasını üzə çıxardı

Ordumuz Qarabağ cəbhəsində gedən ağır döyüşlərdə tarixi qələbələr qazanmaqda davam edir. İşğalçı Ermənistan isə biabırçı məğlubiyyət burulğanında çırpınır. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın qarşısında məğlub olduqlarını erməni cəmiyyətinə heç cür izah edə bilmir, üzləşdiyi acınacaqlı vəziyyətdən çıxış yolları axtarır. Bundan başqa son bir aylıq döyüşlər erməni əhalisi arasında illərlə formalaşmış "güclü ordu" mifini darmadağın etdi. Belə absurd mifi təbii ki, Ermənistan rəhbərləri yaratmışdı. Amma ordumuzun əks-hücum əməliyyatları Ermənistanın əsl simasını üzə çıxardı. İşğalçı ölkə bir anda xəyanətkarlar, fərarilər yuvasına çevrildi...

Təkcə bir məqamı xatırladaq ki, son 20 gündə Ermənistanda 4 yüksək vəzifəli şəxs işdən qovulub. Oktyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan, oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, oktyabrın 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan və eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan vəzifəsindən uzaqlaşdırılıb. Adları çəkilən məmurlar vəzifədən getdikdən sonra xəyanətdə ittiham edilirlər.

Əlbəttə, Ermənistanda hökm sürən xaos yalnız ordu daxilində deyil, cəmiyyətdə də ağır nəticələr verir. Sadə ermənilər övladlarının, yaxınlarının məğlubiyyətlərlə nəticələnən döyüşlərə getməsini istəmirlər. İnsanlar evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparılır. Hakimiyyətə qarşı kütləvi itaətsizlik, fərarilik o həddə çatıb ki, Nikol Paşinyan Ermənistanın Ədliyyə nazirinin müavini Vahe Danielyanı oktyabrın 28-də vəzifəsindən azad edərək maaşını saxlamaqla cəbhəyə göndərib. Bu da fərarilik hallarının qarşısını almağa kömək etməyib. Görünür, V.Danielyanın vəzifəsindən uzaqlaşdırılması həm də fərarilərə qarşı ədliyyə orqanlarının cəza tədbirləri görə bilməməsi ilə bağlıdır, bu yolla Paşinyan hakimiyyət nümayəndələrini qamçılamağa çalışır.

Paşinyanın könüllü dəstələr formalaşdırmaq barədə çağırışından keçən müddət ərzində erməni məmurlar heç bir dəstə formalaşdıra bilməyiblər. Bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, könüllü dəstə toplamaqla bağlı ən böyük problemlə İrəvan meriyası qarşılaşıb. Qəzet meriya nümayəndələrinin insanlarla müxtəlif söhbətlər aparsalar da, könüllü dəstə üçün yetərli şəxs yığa bilmədiklərini yazıb.

Ermənistanda vətəndaşlar təkcə ordunun ağır məğlubiyyəti, ölkədə hərc-mərclik, özbaşınalıqdan deyil, həm də günü-gündən ağırlaşan sosial-iqtisadi durumdan ciddi narazıdırlar. Hazırda Ermənistanda ərzaq daxil olmaqla əksər məhsulların qiymətində kəskin artım müşahidə olunur. Bahalaşma onsuz da ciddi sıxıntılar içində yaşayan kasıb ermənilərin vəziyyətini daha da ağırlaşdırır. Bu azmış kimi, erməni mətbuatı ölkəyə gətirilən malların əksəriyyətinin qiymətinin yenidən qalxacağının anonsunu verib. Kəllə-çarxa qalxan qiymətlər dərin iqtisadi böhran yaşayan, bundan əlavə, koronavirusla mübarizə aparmaq iqtidarında olmayan Ermənistanda həyatı iflic edir. Bu cür sıralanmış ağır problemlər getdikcə işğalçı ölkəni fəlakətə sürükləyir.

Məlum proseslərin fonunda siyasi təlatümlər Paşinyan hakimiyyətinin sonunu gətirir. Artıq Ermənistanda siyasi qüvvələr, klanlararası qarşıdurma və ziddiyyətlər o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, dünya yaxın günlərdə Nikolun qurduğu gestapo rejiminin çöküşünü müşahidə edəcək. Bu işdə Azərbaycan Ordusunun vurduğu zərbələr isə həlledici olacaq!