KÖŞƏ

Elçin Zaman

Acı məğlubiyyətə görə Paşinyan komandası linç edilir

10 noyabr 2020 17:13
2204

Prezident İlham Əliyev Ermənistanı kapituliyasiyaya məcbur etdi

Müzəffər Azərbaycan Ordusunun son 44 gündə Qarabağda həyata keçirdiyi misli-bərabəri olmayan döyüşlər bütün dünyanı heyrətləndirdi. Məhz bu qətiyyətli döyüşlərin nəticəsi idi ki, qısa müddətdə 4 rayon mərkəzi, 4 qəsəbə və 300- ə yaxın kəndi işğaldan azad edildi. Ən başlıcası isə alınmaz qala olan və Azərbaycanın qeyrət simvolu kimi dəyərləndirilən Şuşa şəhəri noyabrın 8-də azad edildi. Hətta qondarma «dqr»-in qondarma rəhbəri Araik Arutyunyan etiraf etməyə məcbur olmuşdu ki, Şuşa şəhərinə kim nəzarət etsə, Qarabağa tam nəzarət də onun olacaqdır.

Bəli, məhz ordumuzun bu rəşadəti döyüşləri hələ bir müddət əvvəldə qeyd etdiyimiz kimi, Ermənistanın kapituliyasiyaya gətirib çıxarmalı idi. Məhz bu tarixi hadisə baş verdi. Belə ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın təslimçilik aktıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya şərtlərinə razılıq verdi. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, yalnız Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürəcəyi təqdirdə hərbi əməliyyatlar dayandırılacaq.

Qeyd edək ki, noyabrın 10-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdakı 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, dekabradək qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız azad olunacaq. Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya və Türkiyənin birgə iştirakı ilə təmin ediləcək, sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə eyni qaydada aparılacaq.

Bəyanatda digər çəkən önəmli məqam ondan ibarətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın qəti və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur və artıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Rusiya silahlı qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Sülhməramlıların yerləşmə müddəti 5 il müəyyənləşdirilir.

Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında, o cümlədən sülhyaratma mərkəzində fəal  iştirak edəcək. Bu isə o deməkdir ki, Qarabağda Azərbaycanın milli mənafeyinə zidd olan addımların atılmasına icazə verilməyəcək.

Bəyanatda açıq şəkildə bildirilir ki, Ermənistandan fərqli olaraq Azərbaycan etnik təmizləmə həyata keçirmək istəyindən uzaqdır. Necə ki, Şuşanın işğaldan azad edilməsi ilə hərbi üstünlüyünü daha da yüksəldən Azərbaycan Ordusu üçün Xankəndi və ətraf məntəqələrin də işğaldan azad edilməsi bir neçə günün işi idi. Məhz erməni təbliğatı bu məqamı gözləyirdi ki, ölkəmizi etnik təmizləmə törətməkdə günahlandırsın.

Hətta bu barədə qondarma «dqr»in prezidenti Araik Arutyunyan kapitulyasiyaya məcbur olduqlarını etiraf edərkən bildirib: «Dünən qəbul olunan qərara tarixin necə qiymət verəcəyini bilmirəm. Amma biz məcbur olduq. Niyə? Ona görə ki, biz hərbi planda 43 günlük hərbi əməliyyatlar nəticəsində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını, eləcə də əsasən Hadrutu, Martuni və Əsgəran rayonlarının bir hissəsini və ən başlıcası isə Şuşanı itirdik.»

Oyuncaq «prezident» əlavə edib ki, bu gedişlə bir neçə günə bütün Qarabağı itirəcəkdilər: «Döyüşlər Stepanakertin (Xankəndi-red.) ətrafında - 2-3 kilometrliyində gedirdi. Hər şey bu templə davam etsəydi, bir neçə günə bütün Qarabağı itirəcəkdik, çoxlu sayda itkilər olacaqdı...»

A. Arutunyan qeyd edib ki, əgər Xankəndi itirilsəydi, Ağdərə və Xocavənddəki erməni birləşmələri mühasirəyə düşəcəkdi. O, sonda məğlubiyyətin məsuliyyətini son on illər ərzində Ermənistanı və Qarabağdakı qondarma rejimi idarə edənlərin üzərinə atıb.

Azərbaycan həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü bildirib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışını həmişə dəstəkləyib.

Ermənistanın kapituliyasiya sənədində yer alan digər önəmli məqam isə Naxçıvanın blokadadan azad olunması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisi üzərindən Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilərlə qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla həyata keçirdiyi işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

Qeyd edək ki, hələ bir neçə həftə əvvəl işğalçı ölkənin himayədarları tərəfindən Azərbaycan Ordusunun zəfər döyüşlərini  dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Öz siyasətini xalqın maraqları əsasında quran Prezident İlham Əliyev dönməzliyi və yenilməz sərkərdə qətiyyətliliyi ilə ölkəmizin milli mənafeyini uca tutdu. 

Məhz İkinci Qarabağ savaşında biz informasiya istiqamətində üstünlüyümüzü əldə etdik. Ali Baş Komandanımız dövlətimizə qarşı olan bütün hücumların qarşısını cəsarətlə aldı. Cənab Prezident benəylxalq nüfuzu olan, ictimai rəyə ciddi təsir edən KİV-lərə 30-a yaxın müsahibə verməklə Ermənistanın işğalçı mahiyyətini ifşa etdi və dövlətimizin haqq işini dünyaya çatdırdı.

Bir sözlə, Ermənistanın təslim olmağa məcbur edilməsi bu ölkənin regiondakı yeni işğalçılıq planlarını alt-üst etdi. Bu gün məhz ordumuzun qələbələri  Cənubi Qafqazda Azərbaycanın milli maraqlarını qoruyan yeni siyasi gerçəklik formalaşdırdı. Nəticə etibarilə xalqımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Ali Baş Komandanımız bu siyasi fəaliyyəti ilə nəyi necə və nə zaman etməyi yaxşı bildiyini beynəlxalq aləmə müdrikcəsinə göstərdi.

Ən mühümü isə odur ki, son 44 gündə davam edən gərgin döyüşlər  xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi.