KÖŞƏ

Sevinc Azadi

Ermənistan daha böyük bəlaların astanasında

25 dekabr 2020 18:39
2509

Artıq neçə gündür ki, Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbiylə etiraz aksiyaları keçirilir. Hökumət evini əhatəyə alan nümayişçilərlə polis arasında qarşıdurmalar yaşanır. İnzibati binaların girişindəki polis cərgələrini yarmağa və yaxud da binaya keçmək istəyən rəsmilərə maneə törətməyə cəhd edənlər arasında saxlanılanlar var. Rəsmi məlumatda 69 aksiya iştirakçısının polisə aparıldığı göstərilir.

Məlumata əsasən, etirazçıların Hökumət Evinə keçmək istəyən Nazirlər Kabineti işçisinin yolunu kəsəndən sonra vəziyyət gərginləşib. Ötən həftə keçirilən aksiyadan sonra etirazçıların əhəmiyyətli hissəsi meydanı tərk etməyə başlayıb, lakin bir çoxları burada qalaraq oturaq aksiyaya qoşulublar. Xəbərlədə deyilir ki, səhər çağlarında müxalifətin Yerevandakı Hökumət Evini mühasirəyə almaqla ilin son hökumət iclasının işini pozmaq cəhdi baş tutmayıb. Polis binanı əhatəyə almış etirazçıları aralayıb, nazirlər və baş nazir Paşinyanın avtomobilləri üçün yolu təmizləyib. Bu arada aksiya iştirakçıları "Nikol - satqın!" deyə qışqırıblar. Etirazçılar həmçinin hökumət üzvlərindən Paşinyanın istefa planını təqdim etməyi və ya "xalqın hüzuruna çıxıb satqın Nikolun tərəfində olduqlarını" bəyan etməyi tələb ediblər. Bu xəbəri də Ermənistan mediası yayıb. Xəbərə görə, etiraz aksiyaların təşkilatçılarından olan, Daşnaksutyun fəalı, "Yerkir media" televiziya informasiya xidmətinin rəhbəri Geğam Manukyan jurnalistlərə deyib ki, "onlar (hökumət üzvləri) binaya gizli yolla daxil olsalar da, binadan çıxmaq imkanları olmayacaq". Ermənistanın News.am saytının yaydığı məlumata görə, polis Yerevanda cümə axşamı səhər saatlarında Hökümət binasına aparan əsas küçəni bağlayıb. Saytın xəbərinə görə, gücləndirilmiş polis qüvvələri avtobuslarla kabinet binasına çatdırılıb və polis binanın qarşısında 5-6 sıra şəklində sıx düzülüb.

"Elm-təhsil sahəsi strukturları da Nikol Paşinyanın istefası tələbinə qoşulub", Ermənistanın News.am saytı bu gün Vətəni Qurtarma Hərəkatının Facebook səhifəsində yaydığı mesaja istinadən yazıb. Saytın xəbərinə görə, istefa tələbinə qoşulanlar sırasında Ermənistan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və 8-ə qədər universitetlərin də daxil olduğu elmi müəssisənin 300-dən çox çox əməkdaşı var.

Qeyd edək ki, Ermənistanda etirazlar Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanat imzalandıqdan sonra başlayıb. Ermənistan müxalifəti 22 dekabrdan etibarən ölkə boyunca tətil keçirməyə, işə, dərsə getməməyə və etiraz aksiyalarına qoşulmağa çağırıb. Müxalifət liderləri Nikol Paşinyanın istefaya çıxmasının dörd yolunu açıqlayıblar. Bu barədə paytaxtın Respublika Meydanında çıxış edən Daşnaksutyun partiyasının nümayəndəsi deyib. İşxan Sağatelyanın sözlərinə görə, Baş naziri istefaya məcbur etmənin dörd yolu ola bilər. Birinci halda, Paşinyan özü istefaya çıxır; ikincisində parlament növbədənkənar iclasda müvafiq qərar qəbul edir; üçüncüsündə, dövlətə xəyanətlə bağlı cinayət işi açılır; dördüncüsündə, hökumət, nazirlərin əksəriyyətinin (üçdə iksinin) tələbi ilə fövqəladə toplantı çağırır.

İndi hamının məğlubiyyətlə bağlı Paşinyanı ittiham etməsi fonunda Ermənistan Baş naziri bugünkü vəziyyətə görə əks cəbhəni günahlandırır. Paşinyan 10 il Ermənistana rəhbərlik etmiş Robert Koçaryanın onu ittiham etməsinə cavab olaraq beynəlxalq ictimaiyyətin Ermənistanı işğalçı kimi tanımasına görə məhz Köçaryan-Sarkisyan hakimiyyətinin günahkar olduğunu və məsuliyyət daşıdığını bildirib. Müxtəlif mənbələrin yaydığı məlumatlara görə, Madrid və Kazan görüşlərindən sonra Ermənistan tərəfinin apardığı qeyri-konstruktiv siyasət nəticəsində baş tutan qısa aprel döyüşlərindən sonra Serj Sarkisyan ətraf rayonları qaytarmaqla bağlı ciddi pressinqlə üzləşib. Ermənistanın sabiq prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məxfi sənədi imzalamağa hazır olub. Bunu Serj Sarkisyanın  sabiq dostu, separatçı-terrorçu həmkarı, sonralar isə münasibətləri düşmənçilik səviyyəsinə qədər çatmış Samvel Babayan da etiraf edib.

İndi Nikol Paşinyanı təslim olmaqda ittiham edən Serj Sarkisyan və Robert Koçaryan nədənsə unudurlar ki, 2016-cı ilin aprel döyüşləri vaxtı Sarkisyan Moskvaya zəng edərək xilas üçün yalvarmış, Azərbaycanın şərtlərini qəbul edəcəyini bildirmişdi. Lakin sonrada Sarkisyan verdiyi sözdən qaçaraq bu məsuliyyət altına girməməsi, hakimiyyəti çox asanlıqla Paşinyana “təhvil verməsi” Qarabağ danışıqlarının perspektivliyinə ciddi zərbə vurmuş oldu. Bu fonda, 2018-ci ilin baharında hakimiyyətə gələn Paşinyan Sarkisyanın aqibətindən nəticə çıxarmaq və münaqişənin nizamlanmasında köhnə səhvləri təkrarlamamaq əvəzinə, özünü əsl “təlxək” kimi apararaq müharibənin istənilən vaxt başlaması üçün bütün zəminləri yaratdı. Nəticədə, Azərbaycan Ordusu 200 il davam edən erməni mifi və illüziyalarını tamamilə məhv etdi, regionda indiyə qədər mövcud olmuş geosiyasi konfiqurasiya darmadağın oldu.

Hazırda məğlubiyyət fonunda Ermənistan daxilində baş verənləri seyr etsək, bu ölkədəki siyasi hakimiyyətin və müxalifətin hələ də normal düşünmək qabiliyyətlərinin olmadığını görmüş olarıq. Ermənistanın sabiq prezidenti, əli minlərlə günahsız azərbaycanlının qanına bulaşmış Ermənistanın sabiq prezidenti Robert Koçaryan son müsahibəsində Paşinyanı günahlandıraraq qeyd edib ki, “Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin artıq heç bir perspektivi yoxdur”. O əlavə edib ki, hakimiyyətdə olsaydı, müharibə baş tutmazdı. Görünür, Robert Koçaryan Paris danışıqları zamanı ayaqyolu adı ilə necə otaqdan çıxıb təyyarəyə minin qaçdığını unudub. Elə bu günlərdə  Ermənistan Prezidentinin müşaviri olmuş, 1991-1997-ci illərdə Qarabağ danışıqlarında iştirak etmiş Jirayr Libaridyan həm keçmiş, həm də indiki hakimiyyəti Qarabağ danışıqlarında tutduqları mövqelərinə görə tutarlı şəkildə tənqid edib. O bildirib ki, “Biz (Ter-Petrosyanın komandası) sülh müqabilində əksər rayonları qaytarmaq və status məsələsini sonraya saxlamaq üçün fürsət yaratmaq istəyirdik. Növbəti administrasiyalar əraziləri yalnız status müqabilində geri qaytarmaq qərarına gəldi. Yəni, Qarabağın müstəqilliyinin tanınması və ya ən azı müstəqilliyə yol açan referendum kimi addıma qərar verildi”.  “Nəzərə almalıydıq ki, zaman keçdikcə Azərbaycan öz hərbi qüdrəti və resursları baxımından daha da güclənirdi. Razılaşmaya yolumuz nə qədər uzun idisə, bir o qədər də müharibəyə yaxınlaşırdıq və onu qazanmaq şansımız azalırdı” - deyə o bildirib.

İndi həm Ermənistandakı hakimiyyət, həm də müxalifət torpaqların əsl sahibinə qayıtdığı reallığı ilə barışmalıdırlar. 1998-1999-cu illərdəki danışıqlardan, 2009-cu ildə Madrid və 2011-ci ilin Kazan görüşündən nəticə çıxarmayan erməni cəmiyyəti eyni səhvi bu dəfə təkrarlamamalıdır. Bəli, beləcə, Ermənistan cəmiyyəti dünənindən və bu günündən sabahı naminə nəticə çıxarmalıdır. İndi Ermənistan daxilində baş verən proseslər erməni cəmiyyətindən  Cənubi Qafqazda yaxın perspektivdə baş verəcək proseslərə ayıq baxışla baxılmasını tələb edir.