KÖŞƏ

Günel Eyyubova

Sülhün və sabitliyin başlıca şərti

21 aprel 2021 00:25
2482

Tolerantlıq, yalnız mənəvi vəzifə deyil, həm də siyasi və hüquqi ehtiyacdır

Tolerantlıq anlayışı Avropada demək olar ki, II Dünya müharibəsindən sonra daha da aktuallaşdı. Bu kateqoriyanın yaradıcılarının fikrincə, insanlar arasındakı ünsiyyətin təkmilləşdirilməsi üçün universal təməl yaranmalı idi. Bundan başqa Avropanın iqtisadi, sosial, mədəni, siyasi, bir sözlə, ölkələrin daha geniş kontekstdə inkişafı üçün tolerantlıq vacib idi.

Son vaxtlar dünya ölkələri arasında uzun müddət davam edən münaqişələr, aydınlaşdırılmayan proseslər, müxtəlif mədəniyyətlərə, dinlərə mənsub olan insanlar arasında münasibətlərin kəskinləşməsi tolerantlıq problemini aktuallaşdırır.  Çünki hər humanist şəxsiyyət başqasının həyat tərzinə, inanclarına, davranışlarına, adət-ənənələrinə tolerantlıq göstərməlidir. Tolerantlıq - dözümlülük müasir dünyada ünsiyyət, inkişaf üçün zəruri şərtdir.

Cəmiyyətin mədəni və mənəvi inkişafı hər birimizin tolerantlığından asılıdır. Hər fərd individualdır, hər insanın özünəməxsus xüsusiyyətləri var.  Lakin gözlənilən odur ki, iki fərqli dini əqidədə, düşüncədə olan insan bir-biri ilə ortaq “dil tapıb”, konstruktiv mövqe nümayiş etdirə bilsin. Tolerantlıq, yalnız mənəvi vəzifə deyil, həm də siyasi və hüquqi bir ehtiyacdır.

1995-ci il UNESCO-nun təşəbbüsü ilə BMT tərəfindən Beynəlxalq Tolerantlıq ili elan edildi. Elə həmin il noyabrın 16-da  Parisdə UNESCO-nun üzvü olan 185 dövlət tolerantlıq prinsipləri Bəyannaməsini qəbul etdilər. Qeyd edilən tarixdən etibarən “tolerantlıq” sözü gündəlik həyatımızın bir parçası halına gəldi. Yeri gəlmişkən, qeyd edək ki, dünya dövlətləri içərisində Azərbaycan öz etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi sahəsində örnək sayılan respublikalardandır. Bu gün Azərbaycanda 115 azsaylı xalq yaşayır. Ümumiyyətlə, Azərbaycan nəinki vətəndaşlarına münasibətdə tolerantlıq nümayiş etdirir, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Azərbaycan həmişə sülhün, əmin-amanlığın, dostluğun tərəfdarı olub.

Ümumiyyətlə, XXI əsr insanının adekvat seçimi müharibə və münaqişələr, dinlərarası konfliktlər olmamalıdır. Tolerantlıq - barışığın əldə edilməsini mümkün edən və müharibə mədəniyyətinin sülh mədəniyyəti ilə əvəz olunmasına kömək edən bir fəzilətdir. Başqa insanların hüquq və azadlıqlarını pozmamaqla bərabər hüquq və azadlıqlara sahib olmaq bacarığıdır. Dözümlülük (tolerantlıq) dedikdə, heç də güzəşt, razılıq və narazılıqdan bəhs etmirik. Tolerantlıq fərqli, yad olanı tanımaq, qəbul etmək, hörmət etmək deməkdir. Belə cəmiyyətlərdə fərd diskriminasiyaya məruz qalmadan, heç bir süni maneə ilə qarşılaşmadan özünün sosial inkişafı üçün imkanları asanlıqla dəyərləndirə bilir. Eyni zamanda, tolerantlıq hər hansı bir baxışa və hərəkətə laqeydlik də demək deyil. Məsələn, irqçiliyə, şiddətə, şərəf və ləyaqətin alçaldılmasına, insan hüquqlarının pozulmasına göz yummaq, görməzlikdən gəlmək də yolverilməzdir.

Bu gün biz mobilləşmə və qloballaşma, urbanizasiya, inteqrasiya əsrində yaşayırıq. Hər gün mediada onlarla insanların tolerant və intolerant münasibətlərini, davranışlarını oxuyuruq, izləyirik.  Təcrübə göstərir ki, insan nə qədər savadlı və mədəni olarsa, ətrafdakı insanlara və bütövlükdə dünyaya daha dözümlü olar. Ümumiyyətlə, fikrimizcə, dünyada hər bir insan özünü yaxşılığa doğru dəyişdirməyə çalışsa, özü ilə barışıq yaşamağı öyrənsə planetdə sülh bərqərar olar, çaxnaşmalar, müharibələr, etnik qarşıdurmalar sona çatar.