KÖŞƏ

Günel Eyyubova

İslamofobiya haradan və necə qaynaqlanır?

21 aprel 2021 20:54
2904

2050-ci ildə Avropa əhalisinin 20%-i müsəlman olacaq

Müasir dövrün qlobal problemləri arasında islamofobiya da var. Hətta islamofobiyanı rasizm və antisemitizmlə müqayisə edənlər də var. Bir çoxları da düşünür ki, günümüzdə antisemitizm aradan çıxaraq öz yerini islamofobiyaya verib. Bəzi müəllif və tədqiqatçıların fikricə isə günümüzdə kütlələrə təsir etmək üçün strateji elm olan psixologiyadan istifadə olunur. Əlbəttə aydındır ki, islamofobiya da müsəlmanlara qarşı edilən psixoloji təzyiqdir.

Ötən il koronavirus (COVID-19) pandemiyasının ilk aylarında Avropada İslam əleyhinə çıxışların intensivliyi bir qədər azalsa da, yay aylarından etibarən islamofobiya səbəbli cinayətləri yenidən eşitməyə başladıq. Müsəlmanlara qarşı hücumlar və təxribatlar Fransa, Montenoqro, İsveç və Norveçdə daha çox qeydə alınır.

Ötən il sentyabrın 2-də Fransanın “Charlie Hebdo” satirik jurnalı 2015-ci ildəki əməllərini təkrarlayaraq, Həzrəti Məhəmməd peyğəmbərin (s) karikaturasını yenidən çap etdi. Bu azmış kimi, Fransa prezidenti Emmanuel Makron açıq şəkildə jurnalı dəstəklədi. O, İslam əleyhinə olan bu təxribatı “redaksiyanın seçim hüququ” kimi qiymətləndirdi. Daha sonra İsveçin Malmö şəhərində 300-dən çox radikal müsəlmanların müqəddəs kitabı olan “Quran”ın səhifələrini yandırdı. Norveçdə isə “Quran”ın yandırılmış səhifələri tapıldı.

Göründüyü kimi, təxribat törədilən məkanlar fərqli olsa da, amma müsəlmanlara qarşı açıq şəkildə düşmənçilik ssenarisi eynidir. Hollandiyada radikal sağçı Azadlıq Partiyasının lideri Gert Vilders ölkəsində və Avropada İslam dininin qadağan olunmasına çağıran çıxışlar edir. Bundan bir neçə il öncə də G.Vilders “Fitnə”adlı 15 dəqiqəlik “filmi”ndə İslamı nasizm və kommunizmlə müqayisə edirdi. 30 sentyabr 2005-ci ildə Danimarkada “Jyllands-Posten” qəzeti Hz.Məhəmmədi təhqir edən karikaturaları dərc etdi. Karikatura krizinə danimarkalı siyasətçilət etinasız yanaşdılar. Baş nazir Rasmussen müsəlmanlara olunan təhqirə münasibət bildirməkdən boyun qaçıraraq, bunun “media azadlığı” olduğunu bildirdi.

Statistikaya görə, təkcə 2019-cu ildə Almaniyada müsəlmanlara qarşı 871 cinayət törədilib. Bunlardan 58-i müsəlman dinini təbliğ edən saytlara qarşı yönəldilib, 46 hücum nəticəsində müsəlmanlara islamofoblar tərəfindən müxtəlif dərəcəli xəsarətlər yetirilib. Fransada fiziki hücumlardan tutmuş, müsəlmanların müqəddəs hesab etdikləri məkanların təhqir olunmasına qədər ümumilikdə 1042 islamofobiya hadisəsi qeydə alınıb.

Hazırda yalnız Avropa İttifaqı məkanında rəsmi rəqəmlərə görə, 16 milyon müsəlman yaşayır. Ümumilikdə Avropada təxminən 54 milyon insan müsəlmandır. Tədqiqatçıların fikrincə, mühacirlərin Avropa ölkələrinə axını və onların arasında doğum hallarının artması nəticəsində 2050-ci ildə Avropa əhalisinin 20%-i müsəlman olacaq.

Fobiya- normal insanın qorxmayacağı əşyadan, obyektdən, hərəkətdən qorxmaq, qaçmaq mənasını verir. Qeyri-müsəlman ölkələrində islamofobiya ilə bağlı sorğuların nəticələrindən də görünür ki, həmin coğrafiyalarda ön mühakimədən yola çıxaraq əslində bəşər tarixinin ən təkmil, mütərəqqi dini olan İslama, onun atributlarına qarşı nifrət təbliğ edilir. Dinimizə qarşı yanlış fikirlər formalaşdırılır. Bu gün sırf dinin mahiyyətinin təqdim etdiyi şəkildə cəmiyyətə çatdırılması çox vacib məsələdir.