KÖŞƏ

Sevinc Azadi

Ermənilərin “soyqırımı” mifomaniyası

24 aprel 2021 00:58
1896

50 ildən çoxdur ermənilərin dünyaya car çəkərək “soyqırımı” adlandırdıqları hadisə əslində, dinc əhaliyə divan tutduqlarına görə 2345 nəfər erməni təxribatçısının - “Qnçaq”, “Daşnaksütyun”, “Ramqavar” kimi terrorçu təşkilatlarının fəallarının həbsi idi

Həmin dövrün hadisələri ilə ümumi tanışlıq deməyə əsas verir ki, hələ XIX əsrin sonlarında Türkiyədə yaşayan ermənilər müxtəlif iddialarla bu ölkədə üsyanlar təşkil etmiş, məkrli niyyətlərini həyata keçirməyə çalışmışlar. Anadolunun Şərqində sıx şəkildə yaşayan ermənilərin ilk üsyanı 1890-cı ildə baş vermiş, Van, Sason, Adana ərazilərini əhatə etmişdir. 1905-ci ildə hətta türk sultanına qarşı sui-qəsd planlaşdıran ermənilər çirkin niyyətlərini həyata keçirməyə müvəffəq olmamışlar. 1914-cü ildə I Dünya müharibəsinin başlanması ilə ermənilərin Türkiyə əleyhinə daha geniş və fəal iş aparmasına əlverişli tarixi şərait yaranmışdır. 1915-ci ilin əvvəllərində çar Rusiyası Türkiyəyə müharibə elan edərkən məhz ermənilərdən vasitə kimi yararlanmış, Anadolu vilayətinin şərqində yaşayan erməni əhalisini yağlı vədlərlə aldadıb öz tərəfinə çəkməyə nail olmuşdur. Çar Rusiyası Osmanlı imperiyasını diz çökdürüb hakimiyyəti ələ alacağı təqdirdə, erməniləri ali vəzifə kürsülərində əyləşdirəcəyi, onlara azadlıq və geniş səlahiyyətlər verəcəyi, habelə regionda müstəqil erməni dövlətinin yaranmasına kömək göstərəcəyi ilə bağlı üzərinə müəyyən öhdəliklər də götürmüşdür. Bu vədlərdən şirniklənən Anadolu erməniləri isə sürətlə silahlanaraq dinc əhaliyə qarşı kütləvi qırğınlara başlamış, çar Rusiyasının Türkiyə ilə müharibədə qalib gəlməsinə çalışmışlar. Erməni terror təşkilatlarından xüsusi təlimat almış, silahlanmış ermənilər həmin dövrdə Türkiyənin bir çox yaşayış məntəqələrini dağıtmış, türklərlə yanaşı, kürdləri də qətlə yetirmiş, dinc insanlara divan tutmuşlar. Yaranmış ağır vəziyyətdə Ənvər Paşanın rəhbərlik etdiyi Türkiyə hökuməti ölkədə azğınlıq edən bəzi erməni dəstələrinin Rusiya ilə işbirliyinin qarşısını almaq və tərksilah etmək, habelə dinc əhalinin təhlükəsizliyini qorumaq üçün onları müharibə zonalarından uzaqlaşdırmaq qərarına gəlmişdir. Osmanlı dövlətinin 1915-ci 27 may tarixli “Köç” qərarı da ermənilərin müharibə olan bölgələrdən sabit regionlara köçürülməsinin şərtlərini, qaydalarını özündə əks etdirmişdir. Ermənilərin ağlasığmaz vəhşiliyindən dəhşətə gəlmiş Osmanlı dövlətinin daxili işlər naziri Tələt Paşa dövlətçilik əleyhinə təxribatla məşğul olan 2345 nəfər cinayətkar erməninin həbsi barədə sərəncam vermişdir. Bundan sonra türk təhlükəsizlik qüvvələri ermənilərin ruslarla işbirliyinə son qoymaq məqsədilə 1915-ci il aprelin 24-də 2345 nəfər erməni təxribatçısını - “Qnçaq”, “Daşnaksütyun”, “Ramqavar” kimi terrorçu təşkilatlarının fəallarını həbs etmişdir. Həmin şəxslərə qarşı milli-etnik zəmində hər hansı soyqırım aktı həyata keçirilməmiş, onlar sadəcə, xəyanətlərinə və dinc əhaliyə divan tutduqlarına görə qanun qarşısında cavab vermişlər. Ermənilərin dünyaya car çəkərək “soyqırımı” adlandırdıqları bu hadisə əslində, Osmanlı dövlətinin fərmanı əsasında ruslarla iş birliyinə gedən 2345 nəfər erməni terrorçusunun tutulub saxlanmasıdır. Bu hadisədən dərhal sonra Eçmiədzin katalikosu Gevorq Türkiyədə ermənilərə qarşı guya kütləvi qırğınlar törədildiyi barədə ABŞ prezidentinə teleqram göndərmiş, erməni terrorçularının cəzalandırılmasını “soyqırımı aktı” kimi qələmə vermişdir. O, təcili surətdə “günahsız və əzabkeş” erməni xalqına kömək əlinin uzadılmasını xahiş etmiş, çar Rusiyasının ABŞ-dakı səfiri isə Amerika hökumətini bu qondarma “soyqırımı” barədə məlumatlandırmışdır. Həmin mərhələdən etibarən “Daşnaksütyun” və digər erməni terror təşkilatları, Eçmiədzin kilsəsi, bütövlükdə erməni ictimaiyyəti “dənizdən-dənizə böyük Ermənistan” xülyalarını gerçəkləşdirmək üçün qondarma “erməni soyqırımı” iddialarını dünya xalqlarının beyninə yeritmək istiqamətində geniş təbliğat kampaniyasına start vermişlər. O vaxtdan bəri 24 aprel tarixinin Ermənistanda qondarma “soyqırım qurbanlarının anma günü” kimi qeyd olunmasına başlanılmışdır.

Erməni kilsəsinin irəli sürdüyü iddialar sonradan Amerika və Avropada erməni lobbisinin fəal iştirakı ilə məkrli bir kampaniyaya çevrilmişdir. Bədnam qonşularımız özlərinin qondarma “soyqırım iddialarını” ilk dəfə 1965-ci il aprelin 20-də Uruqvayda tanıdılmasına nail olmuşlar. 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərəzli qərara imza atmışdır. Daha sonra Argentina, Rusiya, Yunanıstan, Kanada, Livan, Belçika, Vatikan, İtaliya, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva, Çili, o cümlədən Avropa Parlamenti qondarma “erməni soyqırımı”nı tanımaq barədə qətnamə və bəyanat qəbul etmişdir. Təkcə 2010-cu ildə ABŞ və İsveçin qanunverici orqanları müvafiq qətnamə layihəsini təsdiqləmiş, Böyük Britaniya və İspaniya isə erməniləri məyus etmişdir. Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası isə Azərbaycan diasporunun fəal iş aparması nəticəsində “erməni soyqırımı”nın tanınması haqqında ədalətsiz qərarını ləğv etmişdir.

Bir məqamı da xatırlatmaq yerinə düşər ki, hələ 2005-ci ilin aprel ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq prezidenti R.Koçaryana müraciətlə qondarma “erməni soyqırımı” iddialarının araşdırılması üçün müştərək komissiyanın yaradılmasını, bu məsələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif etmişdir. Türkiyə Arxivləri İdarəsinin rəhbəri Yusuf Sarınay isə ermənilərin hər il aprelin 24-ü tarixini dünyaya “erməni soyqırımı günü” kimi təqdim etmələrinin yalan olduğunu sübuta yetirmək məqsədilə Osmanlı dövrünə aid arxivlərin qapılarını dünya ölkələrinin tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan etmişdir. Bu təklifə indiyədək cavab verməyən ermənilərin real faktlara əsaslanmadığı, bu qondarma iddiadan ideoloji və siyasi məqsədlərlə yararlandığı indi dünya ictimaiyyətinə də yaxşı bəllidir.