KÖŞƏ

Sevinc Azadi

2500 m hündürlüyü olan “israf dağı”

29 aprel 2021 21:15
2606

Bu gün dünyada istehsal edilən qidanın üçdə biri (30 faizi) süfrəyə gəlmədən zibilliyə atılır

Hazırda dünyada 8 milyarda yaxın insan yaşayır. İldə isə 4,5 milyard ton ərzaq istehsal olunur. Dünyanın ərzaq istehsalı bəşəriyyəti asanlıqla doyduracaq səviyyədədir, hətta 50 faiz artıq istehsal var. Yəni hər il 10 milyard insanı qida ilə təmin edəcək ərzaq istehsal olunur. XXI əsr texnologiyası bütün bəşəriyyəti qidalandırmağa kifayət edəcək səviyyədədir. Amma XIX əsr iqtisadçıları bunun tam əksini müdafiə edirdi. Başda Tomas Maltus olmaqla həmin dövrün “mütəfəkkirləri” insan sayının həndəsi silsilə ilə artdığını, ərzaq məhsullarının isə ədədi silsilə ilə azalacağını və bu səbəbdən ac qalmamaq üçün əhali artımının qarşısını almağın vacibliyinə dair iddia ortaya atmışdı. Heç bir elmi əsasının olmamasına baxmayaraq, Məltusun bu məhdud resurslar nəzəriyyəsi uzun illər müstəmləkəçiliyin əsas ideologiyası oldu. Onun fikrini qəbul edənlər ölkələri işğal etməyi, hərbi təzyiqlə istismar etməyi və çox vaxt da aclığa məhkum etməyi bu şəkildə rasionallaşdırdılar.

XX əsrdə Con Maynard Keyns (John Maynard Keynes) kimi ingilis iqtisadçılar Maltusun nəzəriyyəsini tətbiq etməyə çalışdılar. Əsrin ikinci yarısındakı neft müharibələrinin səbəbi də bu təbliğat idi. 1970-ci illərdə dünyanın neft ehtiyatlarının 2020-ci illərdə tükənəcəyinə dair yüzlərlə xəbər dərc edildi, “elmi” hesabatlar hazırlandı. Bu gün artıq məlumdur ki, istehlakın artmasına baxmayaraq, yerin altı hələ uzun illər kifayət edəcək qədər qalıq yanacaqları ilə doludur. Bu zaman sual yaranır ki, niyə dünya əhalisinin 12 faizi aclıq həddindən də aşağı yaşayır? BMT-nin Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, bu gün dünyada 850 milyon insan aclıq çəkir. Bu gün dünyada ən zəngin 1 faiz insanla ən kasıb 50 faiz insan eyni sərvətə malikdir. Yəni aclığın və yoxsulluğun birinci səbəbi sərvətlərin ədalətli və ya ən azından bir-birinə yaxın şəkildə bölüşdürülməməsidir. Ən zəngin 80 nəfərin sərvətinin milyardlarla insandan, onlarla ölkədən çox olduğu dünya ədalətsizliyin artıq ən son həddə olduğunun göstəricisidir.

Dünyadakı aclığın ikinci səbəbi isə israfdır. Hazırda dünyanın kiçik bir hissəsi resursların əksəriyyətini israf edərək istehlak edir. Dünyada hər il ümumi ərzaq istehsalının üçdə biri zibilliyə atılır. Yəni, istehsal edilən qidanın 30 faizi istifadə edilməmiş tullanılır. 1 trilyon dollar dəyərindəki bu israfın 70 faizi inkişaf etmiş ölkələrin payına düşür. Qərb dünyasında hər insan ildə 110 kq yemək israf edərkən Afrikada bu rəqəm 9 kq-dır. İnkişaf etmiş ölkələrdə yeməklər evlərdən, restoranlardan və supermarketlərdən zibilliyə atılır, inkişaf etməkdə olan ölkələrdə isə daşıma və saxlama problemlərinə görə məhv olur. Bəşəriyyət olaraq istehsal etdiyimiz tərəvəz və meyvənin 45 faizini, balıq məhsullarının 35 faizini, çörəyin 30 faizini, ət və süd məhsullarının 20 faizini zibilə atırıq. Bu 3 km diametri və 2500 m hündürlüyü olan “israf dağı” deməkdir.

ABŞ təkbaşına hər gün 141 trilyon kalori dəyərindəki ərzağı zibiliyə atır. Bu qidanın illik dəyəri 155 milyard dollara bərabərdir. Yəni Afrika qitəsinin illik idxalının 4 misli qədər yemək təkcə Amerika xalqı tərəfindən israf edilir. Burada istehsal edilən qidanın 40 faizi yeyilmir. Avropa İttifaqında isə ildə 140 milyard avro dəyərindəki 90 milyon ton qida küçəyə atılır. Təkcə İngiltərədə ildə 17 milyon ton yemək israf edilir. İngilis xalqı kahının 38 faizini, çörəyin 23 faizini, yemişin 26 faizini zibilə atır. Fransada adambaşına ildə 20-30 kq qida tullanılır. Bunun 7 kg-nın paketi belə açılmır. Bu israf 12-20 milyard avro deməkdir. Bu miqdarın yoxsulluqla mübarizə aparan hər hansı bir Afrika ölkəsi üçün necə böyük bir miqdar olduğunu xatırlatmağa ehtiyac yoxdur. Bir sözlə, dünyada israfın miqdarı təəccüb doğuracaq dərəcədə böyükdür.

Qurandakı “…Yeyin-için, lakin israf etməyin. Çünki (Allah) israf edənləri sevməz.” (Əraf surəsi, 31) ayəsi ilə israf uca Rəbbimiz tərəfindən qəti şəkildə haram edilməsinə baxmayaraq, bu sahədə həddi aşan bəzi İslam ölkələrinin vəziyyəti ayrı bir məqalə mövzusudur.  Məsələn, “The Economist” saytında yerləşdirilən bir araşdırmanın nəticələrinə görə, dünyada həddindən artıq israfın 87 faizinin 25 ölkəyə aiddir və ən çox yemək israfı isə Səudiyyə Ərəbistanı vətəndaşları tərəfindən edilir. İqtisadiyyat mütəxəssisləri hesab edir ki, Səudiyyə rejimində yeməyin zibilə atılması bu iqtisadiyyata milyonlarla dollar ziyan vurur və yemək artıqlarının zibilə atılması ətraf mühitə də böyük ziyanlar vurur.

Bəs görülən tədbirlər israfın qarşısını alırmı? Tədbirlər əlbəttə ki, çəkindiricilik baxımından təsirli olur. Lakin israf bəlasının yer üzündən silinməsi, ancaq insanların eqoizm və acgözlüklərini tərk etmələri ilə mümkün ola bilər.

Sevinc Azadi, “İki sahil”