KÖŞƏ

Sevinc Azadi

Ermənilərin sərhəd hay-küyü və…

21 may 2021 02:32
1304

Azərbaycan və Ermənistan arasında son günlərdə ən çox diqqət cəlb edən hadisə, heç şübhəsiz ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı yaranan gərginlikdir. Əslində, bu gərginliyin yaranmasının əsas günahkarı Ermənistan özüdür. İlk növbədə o baxımdan ki, Ermənistan burada yenə beynəlxalq hüquqa zidd davranış sərgiləyir, faktiki Azərbaycana məxsus ərazilərin sərhəd bölgüsü zamanı yenidən mənimsənilməsinə cəhd edir. Amma bu haqsız mövqedə olduğunu bilməsinə rəğmən, sərhədlərin müəyyən edilməsi prosesində Azərbaycanın əraziləri üzərində nəzarəti geri qaytarması fonunda Ermənistan indi beynəlxalq miqyasda hay-küy salmağa can atır. Müxtəlif qaynaqların məlumatına görə, Ermənistan baş nazirinin vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan sərhəd məsələsinə yardım edilməsinə görə nəinki KTMT liderlərinə, Minsk qrupu ölkələrinə, eyni zamanda, nə qədər paradoksal səslənsə də, NATO Baş katibinə belə müraciət edib. Bundan başqa, Ermənistanın xaricdəki nümayəndəliklərinə Azərbaycanın “aqressiyası” ilə bağlı həmin ölkələrdə geniş anti-Azərbaycan təbliğatı aparmaq tapşırılıb. Burada belə bir sual ortaya çıxır: Ermənistanda hakimiyyətdə kimin olub-olmamasından asılı olmayaraq, Rusiyanın kurasiyası ilə sona çatmalı olan Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiya məsələsini şişirtmək kimin maraqlarına cavab verir? Axı həm Nikol Paşinyan, həm də Robert Koçaryan və digər müxalifət liderləri yaxşı başa düşürlər ki, ortada reallaşdırılması mütləq olan öhdəliklər var.

Noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra bölgədə yeni münasibətlərin qurulması üçün mütləq sərhəd problemlərini də həll etmək lazımdır. Zəngəzur dəhlizinin işə salınması və Azərbaycanla Ermənistan arasında sülhün qorunması sərhədlərin delimitasiyası və demarkasiyası olmadan mümkün deyil. Azərbaycan tərəfinin üçtərəfli Bəyanat və ondan sonrakı prinsipial mövqeyi nəticəsində Rusiya tərəfinin də yaşıl işıq yandırdığı Azərbaycan və Ermənistan arasında sərhədlərin qurulması prosesinə dekabr ayından start verilib.

May ayının əvvəlindən sərhəd postlarının qurulmasının ikinci mərhələsinə başlanılıb (Birinci mərhələ Azərbaycanın cənub - qərb torpaqları ilə Ermənistanın cənub - şərq torpaqları arasında sərhədlərin çəkilməsi həllini tapdı). Lakin birinci mərhələdən fərqli olaraq, indi məlum mövzu ətrafında Ermənistan hakimiyyəti daha ciddi spekulyasıyalara gedir. Spekulyasiyaların başında isə Ermənistan müxalifəti, müxalifətin liderlərindən sayılan Robert Koçaryana yaxın media qrupları və yerli nümayəndələr dayanır. Sərhədlərin müəyyənləşdirilməsi prosesi Rusiyanın başçılığı altında davam etdiyindən R. Koçaryan bu məsələ haqqında şərh etməkdən çəkinsə də, məlum mövzu ona yaxınlığı ilə tanınan şəxslərin ciddi şəkildə siyasi hakimiyyətə qarşı seçkiqabağı təbliğatda əsas təzyiq alətinə çevrilib.

Öz növbəsində, Nikol Paşinyan sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə cığallıqla yanaşaraq, geosiyasi kartlardan istifadə etmək qərarına gəlib. Bu kontekstdə Paşinyan hakimiyyətinin Fransa və ABŞ-la fasiləsiz dialoqu diqqət çəkir. Ələlxüsus, Fransa tərəfinin hadisələrə birtərəfli qiymət verməsi kimlərin son günlər davam etməkdə olan süni gərginlikdə maraqlı olduğunun göstəricisidir. Buna cavab olaraq Azərbaycan XİN "Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır'', - deyə bəyan edib.

Buna baxmayaraq, Ermənistan tərəfinin kömək üçün KTMT və Rusiyaya hərbi kömək üçün müraciət etməsi çox gülünc görünür. Təsadüfi deyil ki, KTMT-nin lideri və üçtərəfli Bəyanatın arbitri sayılan Rusiya Ermənistanın bu sayıqlamalarına həm XİN, həm də Prezident Administrasiyası səviyyəsində bir neçə dəfə adekvat cavab verib, bütün açıqlamalarda üçtərəfli Bəyanatın bəndlərin tərəflər tərəfindən yerinə yetirilməsinin vacibliyi qeyd olunub. Sonuncu dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, sərhəddə bircə güllə belə atılmayıb, bircə toqquşma belə baş verməyib. “Oturublar və sakitcə bu situasiyanı necə həll etməklə bağlı danışıqlar aparıblar. Bizdən də danışıqlarda iştirak üçün xahiş ediblər, bizim hərbçilər də iştirak edib və razılıq əldə olunub. Mən burda hisslərlə oynamaq və insanları qıcıqlandırmaq üçün heç bir səbəb görmürəm, məsələni sakitcə həll edirik”, - deyə S. Lavrov vurğulayıb.

Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə görə emosiyaları gərginləşdirməyə səbəb görmür. Bu, birbaşa hazırda sərhəd məsələsində emosional davranan və məsələni süni şəkildə böyüdən müxalifətli-iqtidarlı Ermənistana aiddir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?