Vəli İlyasov |
Birinci Qarabağ müharibəsində torpaqlarımızı işğal edən ermənilər əvvəllər hər yerdə öyünür, qalib olmaları ilə fəxr edirdilər. Hətta indi yaxasını kənara çəkməyə çalışan eks-prezident Serj Sarkisyan Avropa Şurasının iclaslarından birində Xocalıda törətdiyi hərbi cinayətlərdən böyük fəxrlə danışır, özünü erməni toplumunun qəhrəmanı kimi sırımağa çalışırdı. O, utanıb-qızarmadan Avropa parlamentarilərinə Xocalıda günahsız insanları, qocaları, uşaqları, qadınları vəhşi üsullarla öldürdürmələrindən fəxarətlə danışırdı. Lakin İkinci Qarabağ müharibəsində məğlubiyyətin yiyəsi tapılmır. Ölkənin rəhbərləri və yüksək səlahiyyətli şəxsləri bir-birlərini müharibəni uduzmaqda, qorxaqlıqda, tədbirsizlikdə və hətta satqınlıqda günahlandırırlar. Vəzifəli şəxslərin əksəriyyəti baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyanın məhkəmə qarşısında cavab verməli olduğunu söyləyir və yalnız onu və komandasını təqsirləndirirlər.
Ancaq Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan başqa cür düşünür. O, belə hesab edir ki, 44 günlük müharibədə məğlubiyyətə görə təkcə Nikol Paşinyan məsuliyyət daşımır. Eks-prezident Paşinyanın sələflərinin bu məğlubiyyətdə günahkar olduğunu bildirib.
Ter-Petrosyan Paşinyanın sələfləri siyahısında Vətənin Xilası Hərəkatının üzvlərinin olduğunu söyləyib. Eks-prezident Nikol Paşinyanı “müxalifətin övladı” adlandırıb: “1997-ci ildən başlayaraq Erməni Ümummilli Hərəkatını çıxmaq şərti ilə Ermənistandakı bütün siyasi qüvvələr davamlı olaraq İrəvan üçün Qarabağ probleminin həllində əlverişli olan bütün təşəbbüsləri və cəhdləri rədd ediblər. Bütün qüvvələr Qarabağda status-kvonun saxlanması siyasətinə sarılmışdılar və hansısa kompromis variantlarından imtina edirdilər. Nəticədə ölkəni elə fəlakətə gətirib çıxardılar ki, indi yalnız Paşinyanı ittiham edirlər. Anlamaq lazımdır ki, bizim fəlakət payımızda xalqın heç bir günahı yoxdur. Məhz xalq bu fəlakətin nəticəsinin yeganə və birbaşa daşıyıcısıdır”.
Levon Ter-Petrosyan Ermənistan və onun xaricdəki diasporunun hələ də məğlubiyyətdən heç bir nəticə çıxarmadığını bildirib: “Müharibədən sonrakı ritorika yenə də xarici dünyadan mənasız, boş gözləntilərdən, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirməkdən ibarətdir. Seçkiqabağı kampaniya dövründə bu tendensiya yalnız güclənəcək. Bu o deməkdir ki, erməni xalqını itkilər və məyusluq gözləyir”.
Bəli, ermənilər havadarlarının fitvasına uyaraq Azərbaycanın ərzilərini görünməmiş vəhşiliklə işğal edəndə, şəhər və kəndlərimizi yandırıb külə döndərəndə, soyqırımlar törədəndə bu günü də düşünməli idilər. Haqq nə qədər nazilsə də ancaq qırılmadı. Ermənilər etdikləri hərbi cinayətlərə görə cəzalandırıldılar və Azərbaycan Ordusunun mühakiməsindən qaçıb qurtaranlar isə hələ beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər. Sonrakı peçmançılığın heç bir faydası olmayacaq.