KÖŞƏ

Yeganə Əliyeva

Test qovğası: havayı atılan güllələr

01 mart 2016 22:42
1078

Düz bir həftədir ki, gündəmi zəbt etmiş test üsulunun ləğvi “xəbəri” müzakirə olunur. Əslində mövzu birtərəfli qaydada mətbuatda və sosial şəbəkələrdə müzakirəyə çıxarılır, suallar qoyulur və bu suallara rəsmi qurumlardan cavablar istənilir. Cavab isə yoxdur, çünki sualları cavablandıracaq tərəf, yəni Təhsil Nazirliyi ali məktəblərə qəbul qaydalarının dəyişdiriləcəyi, test üsulunun ləğv ediləcəyi barədə heç bir açlıqama verməyib. Belə olan halda ritorik bir sual ortaya çıxır: Təhsil Nazirliyi demədiyi bir sözə görə niyə cavab verməlidir ki?!

Bəli, test üsulunun ləğvi ilə bağlı yayılan məlumatlar kökündən yanlışdır! Bu yanlışlıq isə məlumatsızlığın və naşılığın əlamətidir. Bu ajiotaj həm də test üsulunun ləğv ediləcəyi xəbərini dövriyyəyə buraxanların təhsil sistemindəki proseslər barədə bilgilərinin səhih olmamasının göstəricisidir...

Bəs, son 20 ildə zaman-zaman müzakirə olunan test üsulunun ləğvi məsələsinin yenidən gündəmə gətirilməsi təsadüfdürmü? Böyük ehtimalla bəli!

...Günah bəzi jurnalistlərdə, guya test üsulunun guya, ləğv ediləcəyi barədə dəqiqləşdirilməmiş məlumat yayan sayt rəhbərlərindədir. Onlar test üsulunun ləğv ediləcəyi xəbərini hələ ötən bazar günü təhsil naziri Mikayıl Cabbarovun ANS-in “Hesabat” verilişinə müsahibəsi efirə getməmişdən əvvəl yayırdılar. Guya Mikayıl Cabbarov həmin müsahibəsində ali məktəblərə qəbul zamanı test üsulundan istifadə edilməyəcəyini söyləyib. Halbu ki, nazir müsahibəsində test üsulunun ləğvinə dair bir kəlmə də işlətməyib. Əksinə, Mikayıl Cabbarov ali məktəblərə qəbulun qaydalarının təkmilləşdirilməsi məqsədilə Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında məsləhətləşmələr aparıldığını söyləyib.

Əslində isə söhbət ondan gedir ki, test imtahanlarının forma ilə məzmunu bir-birindən fərqləndirilməlidir. Bu, test üsulunun birdəfəlik ləğvi demək olmasa da, hər halda yaxın bir neçə ildən sonra imtahan qaydalarında məzmun dəyişikliyinin olacağı gözləniləndir. TQDK-nın qəbul qaydalarında apardığı dəyişikliklər də məhz bu məqsədə xidmət edir. Məsələn, imtahan suallarında açıq test tapşırıqlarının tətbiq edilməsi...

Buraxılış imtahanlarının da 2012-ci ildən mərkəzləşdirilmiş qaydada TQDK tərəfindən həyata keçirilməsi test imtahanlarının məzmun və forma baxımından bir-birinə uyğunlaşdırılması sahəsində planlaşdırılan islahatların ən önəmli hissəsi sayılır. Bu, bir növ Vahid Milli Test (VMT) modelinin Azərbaycanda tətbiqinə hazırlığın mühüm mərhələsidir. Bu modelin mahiyyəti ondan ibarətdir ki, buraxılış və ali məktəblərə qəbul imtahanları birləşdirilir və TQDK-nın bazasında Vahid Dövlət İmtahanı Komissiyası yaradılır. Yəni bu imtahanları yenə də TQDK təşkil edir, keçirir və nəticələri hesablayıb onun əsasında ali məktəblərə yerləşdirmə aparır. Bir şərtlə ki, indikindən fərqli olaraq, şagirdlərin yükünün azaldılması üçün imtahanların sayı da azaldılır. Burada ən uğurlu model odur ki, universitetlərə xüsusi seçim hüququ verilmir, kim həm attestat almaq, həm də ali məktəblərə qəbul imtahanı vermək istəyirsə, ərizə ilə TQDK-ya müraciət etməlidir. Bundan sonra həmin məzunlar 4 və ya 5 fəndən imtahan verməlidir və TQDK bu imtahanların nəticələri əsasında ali və orta ixtisas məktəblərinə yerləşdirmə aparmalıdır.

VMT modelində ali və orta ixtisas məktəblərinə yerləşdirmə mexanizmləri də sadədir. Belə ki, imtahan prosesi başa çatdıqdan sonra maksimim balın 20 faizindən aşağı toplayan (hazırkı sistemdə maksimim nəticə olan 700 balın 20 faizi 150 bal eləyir - E.S.) məzunlara ümumiyyətlə, attestat verilmir. 150-300 bal intervalında nəticə göstərənlər yalnız orta ixtisas məktəblərini seçə bilər. 300-dən yuxarı bal toplayanlar isə TQDK-ya yazdıqları ərizədə göstərdikləri ixtisaslar üzrə ali məktəblərə yerləşdirilir. Bunun digər üstünlüyü isə odur ki, ali məktəblərə rüşvətlə tələbə qəbulu keçirmək imkanı verilmir. Çünki universitetlərə yerləşdirməni yenə də TQDK həyata keçirəcək. Ən ciddi üstünlüklərdən biri odur ki, buraxılış siniflərinin şagirdləri əlavə imtahan yükündən azad olunur.

Bu modelin tətbiq olunacağı halda TQDK-nın statusu da dəyişmir və Komissiya hazırkı statusda öz funksiyalarını davam etdirməlidir. Dəyişiklik isə yalnız TQDK-nın bazasında Biliyin Qiymətləndirilməsi üzrə Dövlət Agentliyi, yaxud da qirumun başqa ad altında fəaliyyət göstərməsi ola bilər. Çünki TQDK bu sahədə doğrudan da böyük təcrübəyə və hər kəs tərəfindən razılıqla qarşılanan şəffaf mexanizmə malikdir. Ən azından hamı, o cümlədən Təhsil Nazirliyinin rəhbərliyi də razılaşır ki, ali məktəblərə qəbulda rüşvət amili yoxdur.

Nəhayət, test üsulunun əsas mahiyyəti orta təhsil dövrü ərzində qazanılmış biliyi ölçmək və qiymətləndirməkdir. Şagirdə normal təhsil vermək və ona ali məktəbə daxil ola biləcək səviyyədə bilik qazandırmaq isə Təhsil Nazirliyinin işidir. Azərbaycan reallığında uğurlu variant elə test üsuludur. Məzmin dəyişikliyi isə istənilən halda qaçılmaz olacaq - üç il tez, beş il gec.

...Testin ləğvi mövzisinda uzun-uzadı müzakirələr açmaqla havayı atılan güllələrə heyfiniz gəlsin, hörmətli həmkarlar!