KÖŞƏ

Sevinc Azadi

Ermənistan unutmamalıdır: “Dəmir yumruq” öz yerindədir

16 iyul 2021 21:59
3938

2020-ci ilin payızında başlanan və Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələnən Vətən müharibəsi Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcını qoydu. İndi bölgədəki bütün proseslər ölkəmizin liderliyi altında həyata keçirilir. Postmüharibə dövründə rəsmi Bakı üçün əsas hədəflər sırasında yeni geoiqtisadi layihələrin reallaşdırılmasına nail olmaqdır. Təbii ki, bunun üçün bölgədə sülh və əməkdaşlıq çox vacibdir. Təəssüflər olsun ki, müharibədəki acı məğlubiyyətdən sonra belə ABŞ və Fransadakı erməni diasporu, revanşist güclər və erməni kilsəsi öz həmvətənlərini zəhərləməyə davam edirlər. Ancaq Ermənistanın müxtəlif rayon və şəhərlərində insanlar revanşist müxalifətin çağırışlarını ciddiyə almır. Erməni xalqının çoxu başa düşür ki, indiyə qədər liderlərinin apardığı siyasət nəticəsində Ermənistan tənəzzülün eşiyinə gəlib.

Postmüharibə dövrünün ən çox müzakirə edilən məsələsi Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və yekun sülh müqaviləsinin imzalanmasıdır. Dünya təcrübəsi də göstərir ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Lakin təəssüf ki, Ermənistan ordusu darmadağın olduqdan sonra da işğalçı dövlət tərəfindən yaradıcı, normal, konstruktiv qarşılıqlı fəaliyyət və ehtiyatlı ağıllı davranış əvəzinə təxribatlar, atəşə tutma və düşmənçilik taktikası yürüdür. Bu köhnə, kobud və çeynənmiş üsul Azərbaycanı yeni qarşıdurmalar burulğanına çəkmək və Ermənistanı Azərbaycanın aqressiyasının qurbanı kimi təqdim etmək məqsədilə həyata keçirilir. Sonu olmayan bu yol tarixi dalana, eyni səhvlərin təkrarlanmasına aparır. Başqa sözlə desək, əzilmiş, alçaldılmış və yarıçılpaq vəziyyətdə olan ordu qalıqlarına malik Ermənistanın sülh sazişini imzalamaqdan imtina etməsinin işğalçı ölkə üçün ağır fəsadlara səbəb olacağı şübhəsizdir.

Son günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələr, həmçinin Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək üçün atdığı ilk addımlar deyil. Avropa İttifaqı Komissiyasının prezidenti Şarl Mişelin regiona səfəri dövründə Ermənistan vəziyyəti gərginləşdirməklə Azərbaycanı cavab addımlarına təhrik etməyə və daha sonra bu gərginlikdən öz maraqlarına uyğun istifadə etməyə çalışır. Lakin İrəvan eyni təxribatlara 2020-ci ilin dekabrında əl atmışdı və Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatının nəticələri ermənilər üçün sarşıdıcı olmuşdu.

Ermənistanın təxribatları eyni zamanda, Rusiya sülhməramlılarının fəaliyyətlərini şübhə altına almağa istiqamətlənib. Ermənistan bu təxribatlarla Rusiya sülhməramlılarının missiyasının uğursuz olduğunu göstərməyə çalışır.

İstənilən halda hazırkı gərginliyi yaradan Ermənistan hakimiyyətinin məqsədləri regionda sülhün və sabitliyin bərpasını zərbə altında qoyur. Müharibə zamanı dabanından qığılcım çıxanlar umutmalı deyillər ki, Qarabağa aid istənilən müzakirə yalnız Azərbaycan Konstitusiyası və qanunları əsasında mümkündür. İstər Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyillər. İstənilən təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq. Necə deyərlər, “Dəmir yumruq” öz yerindədir.