KÖŞƏ

Vəli İlyasov

Münaqişə bitib, UNESCO haqqın yanına indi niyə gecikir?

27 avqust 2021 02:35
1580

Bəzi beynəlxalq təşkilatlar otuz üç il davam edən Ermənistan-Azərbaycan münaqişəsi dövründə ərazisi işğal edilən şəhər və kəndləri viran qoyulan, günahsız vətəndaşları soyqırımına məruz qalan ölkəmizin yanında olmadı, işğalı pisləmədi, işğalçını qınamadı, ona təsir göstərmədi. Qısaca desək, yaxasını kənara çəkib gözləmə mövqeyində durdu.

“İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik”. 

Bu sözləri Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edərkən deyib. Söhbət zamanı dövlətimizin başçısı bildirib ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var: “Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir.”

Xatırladaq ki, keçmiş Qarabağ münaqişəsi Ermənistanın ərköyünlüyü və işğalçılıq ədası nəticəsində otuz ildən artıq davam etdi. Bütün beynəlxalq təşkilatlarda və UNESCO-da bu faktı yaxşı bilirlər. Düzdür, maddi-mənəvi dəyərlərimizə dair bir neçə layihə reallaşdırıldı, ancaq nədənsə Qarabağda məhv edilən milli-mədəni və dini dəyərlərimiz bu təşkilatı narahat etmədi. Bütün Azərbaycan hökuməti və vətəndaşları UNESCO kimi beynəlxalq təşkilatın belə biganəliyindən, bizə qarşı diqqətsizliyindən narazı qaldı.

Dünyanın ilk insan məskənlərindən bir olan Azıx mağarasında axtarış aparılması, sonra dağıdılması, oradan tapdıqları nadir eksponatların oğurlanaraq Ermənistana aparılması məgər siyasi məsələdir?

Dünya mədəniyyətinin inciləri olan Üzeyir Hacıbəylinin, Aşıq Ələsgərin, Aşıq Alının abidələrinin güllələnməsi və dağıdılması, muzeylərimizin, kitabxanalarımızın, qəbristanlıqlarımızın yerlə-yeksan edilməsi, məscidlərimizin təhqir olunması erməni vəhşiliyinin pis nümunələridir. UNESCO ən azı bu vandallığa qarşı çıxmalı, işğalçıya təsir göstərməli, insanlıqla bir araya sığmayan əməllərini pisləməli və dayandırmağı tələb etməli idi. Ancaq təəssüf ki, heç birisini etmədi və kənardan seyrçi münasibətdə qaldı. Otuz üç il davam edən münaqişə dövründə heç olmazsa bir dəfə işğal zonasına gəlmək nə çətin iş oldu ki? Nə qədər ki, gec deyil bu təşkilatın nümayəndələri, ekspertləri azad olunmuş Azərbaycan ərazilərinə gəlməli, erməni vəhşiliyinin canlı şahidləri olmalı və qiymətləndirməli, müvafiq hesabatlar hazırlayıb yaymalıdırlar. Bu işlərin isə siyasətə heç bir dəxli yoxdur. Nizamnamələrində haqq-ədaləti meyar kimi seçən beynəlxalq təşkilatlar onu yalnız kağız üzərində qəbul etməməli, onun qorunmasına və bərpasına öz töhfəsini verməli, insanların ümidlərini qırmamalı, əksinə, qırılan ümidləri cücərtməlidirlər. Biz də nüfuzlu UNESCO-dan bunu gözləyirik.