Vəli İlyasov |
İrana gələn haram milyardların qarşısını kim aldı?
Belə bir el məsəli var: “Soğan yeməmisənsə, için niyə göynəyir?” İran rəsmilərinin birdən-birə coşmaları və Azərbaycana qarşı hərzə-hədyan danışmaları bu zərbi-məsəli yenidən xatırlamağımıza əsas verdi..
İran-Azərbaycan münasibətlərinin hazırkı gərginliyinin başlanğıcı İranın Qafana benzin daşıyan iki sürücüsünün həbsi deyil; guya İsrail ordusunun Qarabağa yerləşdirilməsi barədə gəzən şayiələr də deyil və nəhayət, “irinləmiş” bədnam Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri... də deyil. Əslində Tehranın Bakıya qarşı siyasətinin kəskinləşməsinin səbəbi Azərbaycanın vaxtilə nəzarətsiz qalan Qarabağ ərazisindən İranın Baltikyanı və Yaxın Şərq ölkələrinə narkotranzitinə Azərbaycanın “stop” qoymasıdır. Bu yaxınlarda Biləsuvarda yarım ton heroinin Azərbaycan gömrükçüləri tərəfindən müsadirə edilməsi sadə bir iş deyildi. Təsəvvür edirsinizmi yarım ton heroinin qiyməti narkotika bazarında neçəyədir? Söhbət milyonlardan gedir.
Xatırladaq ki, bu, İranın Azərbaycan ərazisindən keçirmək istədiyi və Bakı tərəfindən qarşısı alınan ilk iri “ağ ölüm”partiyası deyil. 44 günlük müharibədən sonra Azərbaycan xüsusi xidmət orqanları bu marşrutla daşınan 1,5 tondan çox heroin trafikinin qarşısını alıb. Bu isə ümumilikdə İranın milyardlar gətirən narkoticarətinə ciddi zərbədir. Bakı İrana axan milyardlarla haram pulların qarşısını kəsib...
Heç kəsdə şübhə yoxdur ki, İran hakimiyyəti narkotrafiki geniş miqyasda təşviq edir. Çünki dövlət bundan öz geosiyasi məqsədləri üçün geniş istifadə edir. Artıq sirr deyil ki, İranın Yaxın Şərqin ən müxtəlif ölkələrində — Yəməndən İraqa qədər şiə hərbi qruplaşmaları mövcuddur və onları qeyri-leqal gələn pullarla silahlandırmaq, muzd vermək və saxlamaq lazımdır.
Əgər həmin pullar dövlət büdcəsindən ayrılsa, bu, beynəlxalq terrorizmə himayədarlığın İran tərəfindən açıq etirafı kimi qəbul edilərdi. Ancaq haram pullarla terrorizmi maliyyələşdirən Tehran hazırda çəkinmədən başqalarını terrorizmi dəstəkləməkdə ittiham edir. Qeyd etməliyik ki, Qarabağ Ermənistan tərəfindən işğala məruz qoyulandan 2020-ci ilədək Tehran Qarabağdan Ermənistan vasitəsilə azad və təhlükəsiz narkotrafik dəhlizi kimi istifadə edib. Əgər Azərbaycan bu narkotrafikin qarşısını almasaydı və ya heç olmasa ona çox ciddi zərbə vurmasaydı, əksinə, bu narkotik tranzitinə razılıq versəydi, bu gün Bakı ilə Tehran arasında münasibətlərdə heç bir problem olmazdı. Amma Azərbaycan prinsipial mövqe tutaraq İran narkotrafikinə çox ciddi maneə yaratdı və nəticədə müşahidə etdiyimiz proseslər baş verdi.
Tanınmış rusiyalı tarixçi alim, politoloq Oleq Kuznetsov bu barədə bildirir ki, İran-Azərbaycan münasibətlərinin hazırkı gərginliyinin əsl səbəblərini Kremldə yaxşı anlayır və onu “sionist dövlət” iddialarının nəticəsi hesab etmirlər. Şübhəsiz ki, İran Rusiyanı öz tərəfinə çəkməyə, heç olmasa, beynəlxalq ticarət xətti ilə Azərbaycana və onun müttəfiqi olan Türkiyəyə daha intensiv təzyiq göstərməyə çalışacaq, amma çətin ki, buna nail olsun. Rusiya indi iqtisadi tənəzzüldədir, Avropa və Şimali Amerika ölkələri tərəfindən də iqtisadi sanksiyaların sərtləşdirilməsinə səbəb olmamaq üçün İranın narkotrafik çamuruna barmaq batırmağı Kremldə heç kim arzu etmir. Bu peyin suyunda çimmək görünür ki, yalnız İrana və onun züytutanı Ermənistana nəsib olacaq. Əlbəttə, qarğa ilə dost olanın dimdiyi peyində olar...
Bəşəriyyətə baha qiymətə ölüm satan İranın yüksək vəzifəli şəxsləri narkotik alverçiliklərini gizlədərək anti-Azərbaycan təbliğatı aparırlar. Bu günlərdə İranın xarici işlər naziri Hüseyn Əmir Alldullahian rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Azərbaycan haqqında şər-böhtan danışmaqdan çəkinməyib. Guya Azərbaycan sərhədləri dəyişdirir, orada terrorçular, sionistlər var və s. Ancaq Lavrovun heç bir reaksiya verməməsi İranın baş diplomatına tərs şillə təsiri “bağışlayıb”.
Dünyada müsəlmanlardan “radikal islamçılar” və “terrorçular” obrazı yaradan İranın baş dindarları İslamın qanunlarına zidd olaraq tiryək, anaşa, heroin alveri ilə pul yığaraq həmin pulları başqa ölkələrdə insan qırğınlarına xərcləyir və heç utanmadan özlərini İslam dininin mühafizi adlandırırlar. Halbuki bu müharibələrdə qırılanların əksəri öz müsəlman “qardaşlarıdır”. Həmin adamlar ermənilər Xocalıda, Kəlbəcərdə, Cəmillidə, Qaradağlıda, Meşəlidə günahsız uşaqları, qocaları, qadınları amansızlıqla qıranda, Qarabağdakı məscidlərimizi təhqir edəndə, ibadət yerlərində donuz bəsləyəndə cınqırlarını belə çıxarmadılar. Öz ölkəsində vətəndaşlarını zillətdə saxlayan, azadlıqları boğan, iyirmi birinci əsrdə günahlı-günahsız insanların əlini-qolunu kəsən, dar ağacından asan, dini fanatizm, cahillik və səfalət içərisində saxlayan, qısaca desək, Allahsız işlər görüb Allahdan ağızdolusu danışanlar bir gün bütün bunlara görə cavab verməli olacaqlar. Deyəsən həmin vaxt yaxınlaşır.