KÖŞƏ

Sevinc Azadi

Ermənistan ordusu sosial partlayış ərəfəsində

31 mart 2022 23:58
2151

Avtobus sürücüsündən daha az maaş alan müqaviləli hərbi qulluqçular vəziyyətin dözülməz olduğunu bildirirlər

Ermənistan tərəfinin təxribatları nəticəsində 2020-ci ilin sentyabr ayının sonunda Dağlıq Qarabağda başlayan hərbi əməliyyatlar, müharibə təkcə işğalçı ölkənin biabırçı məğlubiyyəti ilə nəticələnmədi. Eyni zamanda, çox sayda hərbçi, həmçinin hərbi texnika, silah-sursat itkisi Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxardı. İşğalçı ölkənin küçə və meydanlarında vətəndaşların mütəmadi keçirdikləri etiraz aksiyaları, mövcud hakimiyyətdən istefa tələbi də məhz bundan qaynaqlanır.

İşğalçılıq siyasəti bu ölkənin iqtisadiyyatına, büdcəsinə, nəticədə vətəndaşların yaşayış səviyyəsinə də əhəmiyyətli dərəcədə mənfi təsir edib. Belə bir tənəzzül ələlxüsus müharibədən sonra daha qabarıq şəkildə büruzə verir və erməni cəmiyyəti bunun fərqindədir ki, müharibə onların iqtisadi geriləməsinə, əhalinin yaşayış səviyyəsinin tamamilə aşağı düşməsinə, yoxsulluq, səfalət vəziyyətinə çatmalarına səbəb olan ən əsas amillərdəndir. İndi erməni cəmiyyəti də, Ermənistan dövləti də açıq şəkildə iqtisadi geriləməni etiraf edir və bunun səbəbinin özlərinin məğlubiyyəti ilə bitən müharibə olduğunu bəyan edir. Həqiqətən də işğalçı ölkədə elə bir tənəzzül, elə bir səfalət mövcuddur ki, bunu görməməzliyə vurmaq, təkzib etmək də mümkün deyil və bunu ölkə rəhbərliyinin, səlahiyyətlilərin, hətta dövlət qurumlarının belə etiraf etməkdən başqa çarəsi qalmır.

Ermənistanda qiymətlərin artımı, ərzaq məhsullarının bahalaşması müşahidə olunur. Xüsusən ölkə iqtisadiyyatındakı bərbad vəziyyətə görə əmək haqları, əhalinin gəlirləri çox aşağı düşüb. Ermənistanın bu ilin yanvar-mart ayları üzrə iqtisadi göstəriciləri hələ keçənilkinə belə çatmayıb. Ermənistan Milli Statistika Komitəsinin 2022-ci ilin yanvar-fevral ayları üçün xülasəsində bildirildiyi kimi, ölkə iqtisadiyyatı hələ ötən ilin səviyyəsindən də 5 faiz geri qalır. İqtisadi tənəzzül ilə yanaşı, Ermənistanda qiymətlərin artımı vətəndaşlarının gözü qarşısında baş verir. İşğalçı ölkədə istehlak mallarında 5,2 faiz, sənaye mallarında 7,1 faiz qiymət artımı olub ki, bu heç də təsadüfi deyil. Vurğulamaq yerinə düşərdi ki, Ermənistanın daxili valyutasının dollara nisbətən ucuzlaşması, dəyərdən düşməsi də günün reallığıdır. Məhz bu reallıq özü də istehlakçı qiymətlərindəki bahalaşmaya səbəb olan faktorlardandır və drama nisbətən dolların məzənnəsindəki artım bahalaşmanı daha da sürətləndirir.

Bütün bu qiymət artımları fonunda Ermənistanda əməkhaqlarında, əhali gəlirlərində əks istiqamətdə, yəni azalmaya doğru mənfi göstərici müşahidə olunmaqdadır. Xüsusilə də bu azalma erməni hərbçilərin əməkhaqqlarında özünü aydın göstərir. Ermənistan silahlı qüvvələrinin müqaviləli hərbi qulluqçuları arasında maaşların az olması ilə bağlı narazılıqlar günü-gündən artmaqdadır. Bu barədə Ermənistanın “Forrights.am” nəşri yazıb. Qeyd olunub ki, Ermənistan-Azərbaycan təmas xəttində qulluq edən erməni hərbi qulluqçular təxminən 200 min dram maaş alırlar.

“Ermənistanda yoxsulluğun dərinləşməsi və ilin əvvəlindən başlamış, dayanmayan inflyasiya fonunda Ermənistan hakimiyyəti müqaviləli hərbçilərin maaşlarının artırılması üçün gözəçarpan addımlar atmayıb. Hərbçilərin sosial şəraiti yox dərəcəsindədir, lakin hakimiyyət onların həyatını firavanlaşdırmaq üçün səylər göstərmir”, - deyə nəşr bildirib. Nəşrə məlumat verən müqaviləli erməni hərbi qulluqçu Xaçik Barseğyan deyib ki, bu gün erməni müqaviləli hərbi qulluqçu ailəsinin minimum yaşayış şəraitini təmin etmək üçün kifayət qədər maaş almır. “Yayda biz ilanların, əqrəblərin içində işləyirik, torpaq və alaq otları ilə mübarizə aparırıq, məsələn, patruldan və ya avtobus sürücüsündən daha az maaş alırıq. Hökumətimiz bütün bunları bilməlidir. Mövqelərdə kreditlər və borclar haqqında düşünürük, maaş çox aşağıdır”, - deyə o qeyd edib.

Hazırda Ermənistan dövləti, bu dövlətin bundan sonra varlığı özü də sual altındadır deməkdə hər kəs haqlıdır. Çünki iqtisadiyyatı olmayan bir ölkənin varlığı, ən azından müstəqilliyi də sual altında olmalıdır. Belə ki, özü-özünü təmin edə bilməyən və daim xarici ölkələrdən asılı olan, xarici borclanması durmadan artan ölkənin suverenliyindən, müstəqilliyindən söhbət belə gedə bilməz. Ermənistanın timsalında belə asılı ölkələr borclanma və asılılıq müqabilində daim hansısa ölkələrin təsiri, hətta tabeçiliyi altında olurlar. Məhz bu baxımdan işğalçı ölkənin bəzi ekspertləri, hətta bəzi vətəndaşlar özləri də həyəcan təbili çalır, vəziyyətin acınacaqlı olduğunu dərk edirlər. Amma buna baxmayaraq, hələ də Ermənistan rəhbərliyi, səlahiyyətlilər və siyasi qurumlar belə işğalçılıq siyasəti yürütməyə meyillidirlər və bu fakt Ermənistanın nəinki iqtisadiyyatının, ümumilikdə bir dövlət olaraq özünün də məhvini reallaşdırır.