Vəli İlyasov |
“Şuşa İli”nin işığında
Məşhur bəstəkarımız Soltan Hacıbəyov 1919-cu il may ayının 8-də Şuşada anadan olub. O, Üzeyir Hacıbəylinin əmisi nəvəsidir. 1930-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb, 1936-cı ildən Üzeyir bəyin himayəsində yaşayıb və tərbiyə olunub. Bakı Musiqi Texnikumunun truba sinfində oxuyub, eyni zamanda, Bakı Musiqili Komediya Teatrında dirijor vəzifəsində çalışıb. Burada işləyərkən ilk əsərlərini - “Pioner” kantatasını və “Qızıl gül” musiqili komediyasını yazıb. 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirib. Görkəmli bəstəkarlar Ü. Hacıbəylidən, B. Zeydmandan, N. Çumanovdan dərs alıb. Gənc musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında oxuduğu illərdə seçdiyi sənətin sirlərinə daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edib, iki prelüd və piano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən aparır” romanslarını, simli kvartet, simfonik variasiyalar, Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz haqqında bir sıra kütləvi əsərləri-“Döyüşçülər nəğməsi”, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov və Kamal Qasımov haqqında nəğmələr, 416-cı atıcı Taqanroq Azərbaycan diviziyasına həsr olunmuş xalq çalğı alətləri orkestri üçün marş və s. yazıb. O, 1947-ci ildə Moskva Konservatoriyasında Dmitri Şostakoviçin sinfində təcrübə keçib.
Soltan Hacıbəyovun yaradıcılığı xalq sənəti və Üzeyir Hacıbəylinin musiqisi, eləcə də dünya klassik musiqi təcrübəsi zəminində formalaşıb. Onun musiqisi üçün epik vüsət, təbiət lövhələrinin zərif təsviri, həlim lirizm səciyyəvidir. Bəstəkarın yaradıcılığında simfonik musiqi janrı əsas yer tutur. Birinci və ikinci simfoniyaları Böyük Vətən müharibəsi mövzusuna həsr olunub. Birinci simfoniyası 1944-cü ilin dekabr ayında Tiflis şəhərində keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə səslənib və müəllifinə böyük şöhrət gətirib. Soltan Hacıbəyov 1945-ci ildə Türkmənistan Opera və Balet Teatrının sifarişi ilə yazdığı “Kəminə və Qazi” operasının simfonik parçasını “Karvan” adlandırmışdır. Bu simfonik lövhədə o, əlvan musiqi vasitələri ilə dinləyicilərdə konkret mənzərə haqqında təsəvvür yarada bilib. Sonralar bəstəkar bu parçanı yenidən işləyib və Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin idarəsi ilə ifa edib. 1952-ci ildə müəllif “Karvan”ın orkestr dili üzərində bir qədər də işləyərək onu Üzeyir bəyə ithaf edib. “Karvan” ona SSRİ-də böyük şöhrət qazandırıb.
Soltan Hacıbəyov ilk yaradıcılıq illərindən başlayaraq uşaqlar üçün musiqi əsərləri yazıb. “İsgəndər və Çoban” operası, “Oynaq Topum”, “Laylay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı” mahnıları milli uşaq musiqi ədəbiyyatına gözəl bir töhfə olub. Xalq çalğı alətlərinin orkestrinin müşayiətində səs üçün yazdığı “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” dinləyicilər tərəfindən sevilib. 1954-cü ildə onu “Ukraynaya salam” (sözləri Zeynal Cabbarzadənindir) mahnısı müsabiqədə üçüncü mükafata layiq görüldü. Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı üçün də bir çox musiqi əsərləri-“Vətən” suitası, “Məzəli rəqs”, “Yumoristik səhnəcik” yazıb. Bəstəkar 1956-cı ildə Naxçıvan və Zaqatala rayonlarına musiqi folkloru toplamaq məqsədi ilə gedərək və bir sıra işləmələr - “Mənim gözəlim”, “Ceyran bala” və s. vokal miniatürlər yaradıb.
Soltan Hacıbəyovun simfonik orkestr üçün yazdığı “Üvertura” ən qüvvətli və görkəmli əsərlərindən biri kimi qiymətləndirilib. O, Azərbaycan, rus və sovet musiqi klassiklərinin ənənələrini öz fərdi, xüsusi yaradıcılıq süzgəcindən keçirərək müasir milli koloritli bir əsər yaradıb. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini təzahür etdirir. Üverturanın musiqisi güclü, xalq ruhu, həm də onun səciyyəsi, yaradıcı enerjisi kimi dərk olunur. Əsərin məzmununu açmaq üçün bəstəkar üvertura üçün ənənəvi olan sonata-alleqro formasına müraciət edib. “Uvertura”nı Niyazi, Anosov, Qayk, Paridiz kimi dirijorlar öz repertuarlarına daxil ediblər. 1961-ci ildə bu əsəri Çexoslovakiyanın Morava şəhər filarmoniyasının orkestri, bir ildən sonra Amerika Birləşmiş Statlarının Çikaqo şəhərindəki Evanston orkestri ifa edib.
Ötən əsrin əllinci illərinin ikinci yarısında Bolqarıstana və Çexoslovakiyaya səfər edən bəstəkar bu ölkələrin musiqi mədəniyyəti ilə dərindən tanış olaraq Vətənə qayıtdıqdan sonra öz təəssüratlarını xalq çalğı alətləri orkestri üçün yazdığı “Bolqar suitası” və “Çex rəqsi” əsərlərində əks etdirib. 1964-cü ildə Hindistanda olan Soltan Hacıbəyov sonralar simli kvartet üçün üç bölmədən ibarət “Hind mövzuları üzərində suita”sını bəstələyib. Bəstəkarın bir çox kvartet ansamblı üçün yazdığı əsərləri də var. Bunlardan birinci və ikinci skertso, pyeslər, adajio və fuqa instrumental miniatür janrına aiddir. Onun orkestr üçün “Konsert”i kontrast kəskinliyi, fəallığı, dərin müasir musiqi, müstəsna, qeyri-adi, parlaq koloritli orkestri ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərində çalğı alətlərinin ifaçılıq imkanlarından məharətlə istifadə edib. Böyük bəstəkarın partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. Konsert keçmiş SSRİ-nin böyük şəhərlərində, eləcə də Avropanın Varşava, Buxarest, Paris, Brüssel kimi iri mərkəzi şəhərlərində görkəmli dirijorların rəhbərliyi ilə ifa olunub və müəllifinə böyük şöhrət qazandırıb.
Soltan Hacıbəyovun yaradıcılığının parlaq səhifələrindən biri də dram teatrı üçün yazdığı musiqidir. Müxtəlif vaxtlarda o, Azərbaycan Akademik Dram Teatrının səhnəsində tamaşaya qoyulan pyeslər üçün (“Məhəbbət”, “Kəndçi qızı”, M. İbrahimov; “İnsan”, S. Vurğun; “Eşq və İntiqam”, S. S. Axundov; “Qatır Məmməd”, Z. Xəlil; “Aşnalar”, “Əliqulu evlənir”, S. Rəhman; “Alov”, M. Hüseyn; “Aydın”, C. Cabbarlı və sair) musiqi bəstələyib. Görkəmli bəstəkar Azərbaycan musiqisində özünəməxsus yol açıb, fərdi xüsusiyyətləri ilə digər bəstəkarlardan fərqlənib, yüksək bədii zövqə malik bir sənətkar kimi tanınıb.
Soltan Hacıbəyov Azərbaycan Musiqili Komediya Teatrının dirijoru, “Sazçı” qızlar ansamblı və Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi və SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. O, 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib, 1964-cü ildən professor vəzifəsində çalışıb, 1969-1974-cü illərdə isə rektor vəzifəsində işləyib. Səmərəli əməyi “Qırmızı Əmək Bayrağı” ordeni və bir sıra medallara layiq görülüb. Sumqayıt Şəhər Orta İxtisas Musiqi Texnikumu onun adını daşıyır. O, 1952-ci ildə SSRİ Dövlət mükafatı laureatı, 1958-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, 1960-cı ildə respublikanın Xalq artisti, 1970-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1973-cü ildə SSRİ Xalq artisti kimi fəxri adlara layiq görülüb.
Soltan İsmayıl oğlu Hacıbəyov 1974-cü il sentyabr ayının 19-da Bakıda vəfat edib və Birinci Fəxri Xiyabanda dəfn olunub. Bu gün onun da ruhu şaddır, çünki sevdiyi Şuşa azaddır. Bir zamanlar dağların zirvəsi ilə ağır-ağır irəliləyən dəvə karvanlarının sonuncu dayanacağı olan Şuşada onun “Karvan”ının möhtəşəm musiqisi yenidən əzəmətlə səslənəcəkdir.