Vəli İlyasov |
Bizdə bu soyuq qanları neylərdin ilahi?
Hamımız Bakı şəhərinin küçələrində əl açıb dilənən uşaqlar görmüşük və təəssüf ki, yenə də görməkdəyik. Ancaq bu günlərdə Yasamal rayonunun ərazisində, 20 Yanvar metrostansiyasının yaxınlığında “Melissa” şirkətinin tikdiyi çoxmərtəbəli binanın qarşısında gördüyüm acınacaqlı mənzərə oradan keçən bir çoxlarını sarsıtmışdı. Kimsə əlini cibinə atıb pul çıxarır, kimisi də təəssüf hissi ilə ötüb keçirdi. Oradakı zibil qutularının yanında 40-45 yaşlarında üz-gözünü saç-saqqal basmış bir kişi asfaltın üstündə oturmuşdu. Qucağında iki-üç yaşlı qız uşağı vardı, beş-altı yaşlarında olan digər qızcığaz isə zibil qutusundan tapıb çıxardığı çörəyi acgözlüklə yeyirdi...Ürəkağrıdan səhnə idi.
Kişini acılamaq üçün ona yaxınlaşdım, lakin dilimin ucundakı töhmətedici sözləri geri qaytardım. O səbəbdən ki, onun bir ayağı dizindən yuxarı kəsilmişdi. Uşaqların zibil qutularının ümidinə niyə qaldıqları indi məlum oldu.
Kişi məqsədimi anladı -Anaları ölüb, uşaqları bağçaya götürmürlər, işləyə bilmirəm, yaxam bunların əlində qalıb, çox acizəm,-dedi və qəhər onu boğdu.
Hamımızın bildiyi həqiqətdir ki, belə hallar az deyil.
Ancaq bu səhnə qarşıya bir çox suallar çıxardı. Bəs bizim aidiyyəti dövlət qurumları və ictimai təşkilatlar bunları niyə görmür? Belə ailələrə yardımçı olmaq Qafqaz Müsəlmanları İdarəsinin də borcudur. Axı, biz nəzir qutularına ona görə nəzir qoyuruq ki, həmin pullar köməksiz soydaşlarımıza, valideynlərini itirən və çətin vəziyyətdə yaşayan yetim uşaqlara yardım edilsin. Bəs görəsən o pullar hara xərclənir? Əgər bu təşkilatlar son ümidini də itirib küçələrə düşən insanlara kömək əllərini uzatmırlarsa, onda kimdən imdad diləmək olar?
Onu da xüsusi vurğulamaq gərəkdir ki, bu kimi problemlərin həllində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturları bu məsələdə həlledici rol oynamalıdır. Köməksiz ailələri, kimsəsizləri, yetim uşaqları hamiliyə götürmək onların birbaşa vəzifəsidir. Uşaqların, əlillərin, ixtiyar qocaların dilənçilik etməsinin qarşısını almalı olan bu qurumların məsul şəxsləri kabinetlərindən bayıra çıxmalı və belə ürək ağrıdan səhnələri görüb əncam çəkməlidirlər.
Özümüz cəmiyyət olaraq həll etməli olduğumuz işləri dövlətin üstünə yıxmalı deyilik. Əgər belə ediriksə deməli, məsuliyyətimizi itirmişik və yerimizdə deyilik! Rəhmətlik Sabir demişkən: “Bizdə bu soyuq qanları neylərdin, ilahi?!”