KÖŞƏ

Sevinc Azadi

Azərbaycanla Ukraynanın bənzər taleyi – rus-erməni istilası

07 may 2022 00:26
2810

XX əsrin əvvəllərində Anadoludan Qafqaza, Təbrizdən Türküstana qədər uzanan nəhəng bir ərazidə "bolşevik" və digər bu kimi adlar altında gizlənərək amansız qətliamlar, soyqırımı aktları törədən bu cütlük indi də bu əməllərini Ukraynada davam etdirir

Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi. Bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Rus imperatoru I Nikolayın 21 mart 1828-ci il tarixli Fərmanına əsasən, Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan "Erməni vilayəti" adlanan yeni inzibati qurum yaradılmışdı. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək İrəvan quberniyası qoyulmuşdu. Ərazilərinin günişləndirilməsi məqsədini güdən ermənilər 1836-cı ildə Rusiyanın köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri (daha dəqiq desək Qarabağ regionu) ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin qriqoryanlaşdırılması, bununla belə də erməniləşdirilməsi prosesi başlandı.

XX əsrin əvvəllərində bolşeviklərin iştirak etdikləri qırğınlardan tutmuş Birinci və İkinci Qarabağ müharibələrinə qədər – hər zaman Rusiya ilə Ermənistan bərabər olmuş, məkrli planlarını birgə həyata keçirmişlər. Tarix boyu terrorizmdə “ad qazanmış” ermənilərin sığındıqları “məzlumluq” imici, “zərbə altında qalmış xristian” hiyləsi bu millətin yaşam tərzi olmuşdur. Tarixi müşahidələr göstərir ki, emənilərin I Dünya müharibəsinin sonunda müxtəlif üsullarla ələ keçirdikləri silahlarla azərbaycanlılara qarşı törətdikləri soyqırımlar zamanı etdikləri amansızlıqların icra üsulları çox dəhşətli olub. Qarabağdakı Şuşa, Umudlu, Yaycı, həmçinin Şamaxı, Lənkəran kimi faciələr bəşəri qanun-qaydalara, insanlığa sığmayan dəhşətlərdir. Bütün bunları və 366-cı sovet alayı ilə birgə Xocalı soyqırımını törədənlərin qondarma “erməni qoyqırımı”ndan, ədalətsizlikdən danışmağa ümumiyyətlə, haqqı çatmır.

1990-cı il yanvarın 20-də Sovet rejiminə qarşı milli azadlıq hərəkatının gücləndiyi Azərbaycan paytaxtına hərbi qüvvə yeridilməsi isə rus-erməni birləşmələrinin törətdiyi növbəti insanlıq faciəsi idi. O zaman mərkəzi hakimiyyət öz addımlarına haqq qazandıraraq bildirirdi ki, Bakıya göndərilən hərbçilər erməni əhalisinə qarşı zorakılığa son qoyacaq, sabitliyi bərpa edəcək. Lakin Azərbaycan xalqı əmin idi ki, bu, öz süqutuna doğru irəliləyən kommunist hakimiyyətini qorumaq cəhdindən başqa bir şey deyil. Bu qoşunların Bakıya yeridilməsi nəticəsində ən azı 130 nəfər həlak oldu. Yüzlərlə insan xəsarət aldı, itkin düşdü.

İndi də Ukraynada baş verənlər rus və erməni işğalından başqa bir şey deyil. XX əsrin əvvəllərində Anadoludan Qafqaza, Təbrizdən Türküstana qədər uzanan nəhəng bir ərazidə "bolşevik" və digər bu kimi adlar altında gizlənərək amansız qətliamlar, soyqırımı aktları törədən bu cinayətkar cütlük indi də Ukraynada ağlasığmaz vəhşiliklər törədir. Ermənistanda işğalın dəstəklənməsinə, Rusiyanın təcavüzünün müdafiəsinə həsr olunmuş mitinqlər keçirilir, separatçılara humanitar yardımlar daşınır, üzərində "Armeniya" yazılmış tanklar Ukrayna torpaqlarını günahsız insanların qanı ilə suvarır, şəhərləri, kəndləri viran qoyur. Geyimlərində Ermənistan bayrağını simvolizə edən şevron daşıyan hərbçilər uşaqları, qadınları, köməksiz insanları elə Xocalıda olduğu kimi amansızcasına qətlə yetirirlər. Yenə də ən iyrənc, dəhşət doğuran işlərin ön cərgəsində ermənilər - Simonyan, Keosanyan, Kurqinyan, Şahnazarov, Qabrielyanov, Babayan, Mirzoyan, Baqdasarov, Qalstyan və digərləri dayanır, Ukrayna xalqına "ölüm hökmü" kəsirlər. Baş verənləri artıq faşizm sözü ilə də izah etmək olmur. Yer üzündən silinmə təhlükəsi ilə qarşı-qarşıya qalan Mariupol, Buça, İrpen, Melitopol, Nikolayev, Xarkov və digər şəhərlərin görüntüləri qarşısında söz aciz qalır. Uydurma imperialist xülyaları ilə yaşayan birinin müstəqillik, azadlıq sevən xalqlara nifrəti o qədər böyükdür ki, çirkli çəkməli murdar əsgərlərini təkcə qonşu millətlərə deyil, həm də şəhərlərə, qəsəbələrə, kəndlərə, hətta torpaqlara qarşı soyqırımı törətməyə vadar edir. Dağıdılmış şəhərlərin müharibədən öncəki və sonrakı görüntüləri iblisə meydan verməyin nə qədər qorxunc və təhlükəli olduğunu dünyaya bir daha göstərmiş oldu.

Bizim üçün bu, yenilik deyil. İkinci Qarabağ müharibəsi zamanı rusların himayə etdikləri erməni faşizminin dərin izləri Ağdam, Füzuli, Cəbrayıl, Gəncə, Tərtər, Bərdə, Mingəçevir və başqa şəhər və kəndlərimizdə bu gün də qalmaqdadır. Mənfur düşmən hətta məzarlıqlarımızı dağıtmağa, insan meyitlərinin qalıqlarını ətrafa səpələməyə və ya yandırmağa qadir olduğunu da nümayiş etdirib. Bu yaxınlarda Xocalı rayonunun Fərrux kəndində insan meyitlərinin qalıqlarının aşkarlanması xalqımızın hansı əzabları yaşamasının daha bir sübutudur. Birinci Qarabağ müharibəsində, indiyədək onlar haqqında heç bir məlumatın olmaması 4 min azərbaycanlının itkin düşməsi 4 min ailənin faciəsi deməkdir.

Nəhayət, indi bütün dünya ictimaiyyəti işğalçını və onun yanında yer alanları lənətləyir, Ukrayna xalqı ilə birlik və həmrəylik nümayiş etdirir. Çox təəssüf ki, erməni faşistləri Qarabağı işğal edəndə belə davranış sərgilənmədi. Əgər həmin dövrdə beynəlxalq ictimaiyyət qətiyyətli addımlar atsaydı, Azərbaycan torpaqlarının işğalı 30 il sürməzdi. Üstəlik, Gürcüstan, Moldova və Ukraynanın başına bənzər fəlakətlər gəlməzdi.