KÖŞƏ

Vəli İlyasov

Beynəlxalq təşkilatlar “ölmüş” nüfuzlarını dirildə biləcəklərmi?

02 iyul 2022 00:17
3315

Dünyada ədalətin hakim olmasını, münaqişə tərəflərinə tərəfsiz qaydada yanaşılmasını özünə meyar seçən Qoşulmama Hərəkatının növbəti Bakı konfransında müzakirələrin bir hissəsi bu mövzuda oldu. Artıq dünya ictimaiyyəti çoxdan bilir ki, məhəlli münaqişələrin dinc yolla həll olunmasına kömək etməli olan bir sıra beynəlxalq təşkilatlar öz vəzifələrini yerinə yetirmək iqtidarında deyillər. Həmin təşkilatlar ədalət prinsipini itirərək güclü hesab etdikləri haqsızın yanını kəsdirib dururlar. Buna dair saysız-hesabsız faktlar gətirmək olar. Özü də dünyanın hər hansı bir qitəsində. Millətlərin ümid yerləri ədalətdən sapmalara yol verirsə, bu, ən acı nəticələrə gətirib çıxarır. Bizim başımıza gətirilənlər buna ən “yaxşı” “nümunə”dir.

Azərbaycan xalqı 1988-ci ildən 2020-ci ilədək, düz otuz iki il bu haqsızlığın məşəqqətlərini yaşayıb. Bu müddətdə ədalətsizliklər seriyasına məruz qalan ölkəmiz nəhayət, beynəlxalq təsir mərkəzlərinin də vəzifəsini yerinə yetirərək təcavüzkarı öz torpağından qovub çıxardı.

 BMT-dən sonra ən böyük təşkilata çevrilən Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyev konfransdakı nitqində bu barədə geniş danışdı: “2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Daha sonra döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. Bunu etməyə bizə sadəcə 44 gün kifayət etdi. Ancaq biz bunu 30 ilə yaxın gözlədik. İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdım. Deyirdim ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və onların iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.”

Bildiyimiz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli ATƏT-in Minsk qrupuna tapşırılmışdı. Mövcud olduğu iyirmi altı ildə bu təşkilat nə etdi? Heç nə. Həmsədrlər ildə bir-iki dəfə Bakıya və ya İrəvana qəbulolunmaz və məntiqsiz planlarla gəlir, yarıtmaz vəziyyətdə geri qayıdırdılar. Hiss olunurdu ki, onların məqsədi vaxt uzatmaq, Ermənistanın işğalını dolayı yolla dəstəkləməkdir. İllərlə çadır şəhərciklərində əzab çəkən bir milyon azərbaycanlı qaçqın və köçkünlərin haqq və hüquqlarının Ermənistan tərəfindən qeyri-insani şəkildə pozulması onları qətiyyən narahat etmirdi. Acınacaqlı o idi ki, üç həmsədr 26 ildə üç ağıllı fikir söyləyə bilmədi.

Dövlətimizin başçısı sözünə davam edərək bildirdi: “Gördüyümüz kimi, Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Biz həmin siyasətə son qoyduq, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdik.

Deyə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı.

Bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var. Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.”

Bəli, haqlı tələbdir. Bu, ədalətdən uzaq düşmüş və xalqlar arasında nüfuzunu itirmiş beynəlxalq təşkilatlara ciddi bir xəbərdarlıqdır.

Hazırda dünyamızın bir çox regionlarında narahatlıqlar var. Bi neçə bölgədə isə hərbi əməliyyatlar və müharibələr aparılır, milyonlarla  qaçqın və köçkünlər öz yurdundan didərgin düşür, haqq və hüquqları ayaqlar altına atılır . Bu baxımdan beynəlxalq təşkilatlar toparlanıb ayağa qalxmalı, əzilən xalqların hüquqlarını müdafiə etməlidirlər. Yalnız bu, onların “rəhmətə getmiş” nüfuzlarını nəhayət, “diri”ldə bilər.