KÖŞƏ

Mahir Rəsuloğlu

“Xoruzun quyruğu” və ya Con dayının “...pərəst”liyi...

14 oktyabr 2022 01:58
1514

Səfirliklərimizə hücumlar ermənipərəstlikdən və cəzasızlıqdan qaynaqlanır

Erməni vandalları tərəfindən Azərbaycan səfirliklərinə qarşı hücumlar, həmçinin diplomatik nümayəndəliyimizə məxsus avtomobilə atəş açılması hər şeydən öncə ABŞ, Fransa, Böyük Britaniya və Livanla aramızda olan etimad mühitinə zərbə vurur. Çünki diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərə əsasən, həmin dövlətlər səfirliklərimizin təhlükəsizliyini təmin etməyə borcludurlar. Əks halda, baş verənlər həm də törədilən hadisədə onun baş verdiyi dövlətin müəyyən dairələrinin marağı və ya birbaşa əli olduğu görüntüsü yaradır. Üstəlik, bu fikri təsdiqləyən müəyyən amillər də yox deyil...

Hadisələrin gedişi göstərdi ki, sentyabrın 16-da Beyrutda baş verən hadisələr ondan sonrakılardan bir sıra məqamlara görə fərqlənir. Çünki Livan polisi azğınlaşmış erməni quldurlarının Azərbaycanın bu ölkənin paytaxtında yerləşən səfirliyinə hücumunun qarşısını aldılar, diplomatik korpusumuzun təhlükəsizliyi təmin edildi. Nəticədə asayiş keşikçiləri ilə çoxsaylı terrorçular arasında toqquşma baş verdi, hüquq-mühafizə sisteminin əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə etməli oldular. O da məlum oldu ki, əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Radikal millətçilərinin və cinayətkar qruplarının  siyasi fəaliyyət donu geyindirmək üçün istifadə etdikləri Daşnaksütyun partiyasının isə erməni terror təşkilatı olan ASALA ilə sıx əməkdaşlıq etdiyi çoxlarına məlumdur. Beləliklə, Beyrut polisi vəzifəsini lazımi səviyyədə yerinə yetirə bildi. Özü də “erməni yuvasında”, Livanın ermənilərin tarixi Azərbaycan torpaqlarında qurulmuş Ermənistandan sonra ən çox məskunlaşdıqları ölkələrdən olmasına baxmayaraq.  Hətta Qərbi Asiyada yerləşən bu ərəb dövlətini ermənilərin həm də birinci, eyni zamanda, ikinci ana vətənləri də saymaq olar. Ona da baxmayaraq ki, Livan sonrakı hadisələrin yaşandığı ölkələr qədər inkişaf etməyib, ölkə demokratik dəyərlərin təmini baxımından da, iqtisadi, siyasi, hərbi imkanlarına görə də nə Fransa ilə, nə də ABŞ ilə heç cür müqayisə edilə bilməz...

Sentyabrın 18-də erməni vandalları bu dəfə Fransada Azərbaycanın bu ölkədəki səfirliyinə basqın etdilər. Ancaq həmin hadisə zamanı Paris polisinin səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməməsindən və yaxud etməyi lazım bilməməsindən istifadə edən təxribatçılar əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırdılar, sonra isə binanın giriş qapısını sındırmağa və içəri daxil olmağa çalışdılar. Təəssüf ki, ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının bu vandallıq aktının qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.

Azərbaycan hökuməti hadisəyə kifayət qədər kəskin rəsmi münasibət sərgilədi. Sentyabrın 19-da Fransanın ölkəmizdəki səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırıldı və ona etiraz notası təqdim edildi. Həmçinin hücumun nümayişkaranə şəkildə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyi qarşı tərəfin diqqətinə çatdırıldı, vandallıq aktı zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edildi.

Və nəhayət sonuncu hadisə. Oktyabrın 10-dan 11-nə keçən gecə dünyanın ən güclü dövlətlərindən biri olan, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə vermək istədiyini deyən ABŞ-da Azərbaycanın bu ölkədəki səfirliyinin xidməti avtomobili atəşə tutuldu. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ-ın müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Bununla yanaşı, ABŞ-ın müvəqqəti işlər vəkili oktyabrın 12-də Azərbaycan XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və narazılığı ifadə edilib. Diplomatik nümayəndəliyimizin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.

Maraqlı məqam budur ki, Azərbaycan XİN ilk hücumlardan sonra digər ölkələrə səfirliklərin mühafizəsinin gücləndirilməsi barədə xəbərdarlıq etmişdi. Bax burada, suallar yaranır. Necə olur ki, yuxarıda qeyd etdiyimiz kimi, inkişaf etməkdə olan Livanda səfirliyimizə qarşı erməni hücumunun qarşısını almaq mümkün olur, ancaq böyük yeddiliyin iki aparıcı üzvlərindən olan Fransa və ABŞ-da vandallar “at oynadırlar”? Bəlkə rəsmi Parisin və rəsmi Vaşinqtonun erməni sevgisini beynəlxalq hüquqdan üstün tutduqlarını, bu üzdən baş verənlərə etinasız yanaşdıqlarını yenidən xatırlatmaq lazımdır? Belə tərəfkeşliklə 30 il “vasitəçilik etmiş” bu ölkələr hansı üzlə yenidən Cənubi Qafqaza hansısa məramla ayaq basmağa çalışırlar? Görünən odur ki, ABŞ da Fransa kimi nəinki adı terror aktlarının təşkilində hallanmış erməni təşkilatlarının şübhə dolu əməllərinə göz yumur, fəaliyyətinə şərait yaradır, üstəlik mütəmadi olaraq ermənipərəst mövqe sərgiləməkdən çəkinmir.

“Xoruzun quyruğunu” göstərən bir faktı da xatırladaq. Hər iki ölkənin səfiri Şuşada 2022-ci il avqustun 27-də ümumilikdə 160-dan çox nümayəndənin iştirakı ilə keçirilmiş konfransa dəvət olunduqları halda tədbirdə heç bir əsaslı səbəb olmadan iştirak etmədilər. Üstəlik bu, ilk də deyildi. Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında da ABŞ və Fransa səfirləri yox idi. Onlar Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina etmişdilər.

Deməli, ermənilərin məhz bu ölkələrdə azğınlaşmalarının ciddi səbəbləri var: ABŞ və Fransanın açıq ermənipərəst mövqe sərgiləmələri və üstəgəl “günün günorta çağı” vandallıq edən erməni cinayətkarların 2020-ci ildə olduğu kimi, yenə də cəzasız qalmaları. Yoxsa baş verən hadisələrin qarşısını almağı əlbət bacararlar. Yəqin rəsmi Vaşinqton və Paris regionumuzla bağlı təşəbbüslərinə qarşı Azərbaycan xalqında etimadsızlığın səbəblərinin elə onların özlərindən qaynaqlandığını nə vaxtsa başa düşərlər. Əks halda, bizə “öz ermənilərimiz” də bəs edir...