KÖŞƏ

Mahir Rəsuloğlu

Qarabağ məsələsi iki il əvvəl həll edilib

02 noyabr 2022 01:58
1102

Növbəti Soçi görüşü də diplomatik qələbəmizlə yekunlaşdı

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş növbəti üçtərəfli görüş və yekunda imzalanmış Bəyanat bir daha göstərdi ki, düşmən ölkə İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış reallıqları qəbul etmək məcburiyyətindədir. Danışıqların növbəti raundunun da qalibi qeyd-şərtsiz Azərbaycan oldu və Ermənistan Rusiyanın vasitəçiliyi ilə keçirilən 3-cü görüşdə də diplomatik məğlubiyyətlə üzləşdi, 4-cü dəfə isə bu məğlubiyyəti rəsmiləşdirən sənədi imzaladı.

Qəbul edilmiş üçtərəfli Bəyanatın mətnindən də göründüyü kimi, görüş zamanı müzakirə mövzusu eyni formatda qəbul edilmiş 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müddəaları olub. Burada bir məqamı qeyd etmək lazımdır ki, ötən il keçirilmiş hər iki üçtərəfli görüşdə məqsəd məhz 44 günlük müharibəyə Ermənistanın kapitulyasiyasını rəsmiləşdirməklə son qoyan 10 noyabr 2020-ci il Bəyanatının icrası ilə bağlı vəziyyəti, həmçinin həmin sənədə əsasən əlavə tədbirlərin müəyyənləşdirilməsini müzakirə etmək idi. Yəni, “ana sənəd” 10 noyabr Bəyanatı olaraq qalır və məlum olduğu kimi, bu sənəd özündə Azərbaycanın şanlı Qələbəsini ehtiva edir. Son ümidləri də Soçidə “payız yağışında islanaraq suya düşən” Ermənistanın baş naziri Nikol Paşinyan 31 oktyabr Bəyanatını imzalamaqla bir daha “Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiqliyini” təsdiqləməli oldu.

Paşinyanın və onun timsalında bütün ermənilərin daha bir arzuları ürəklərində qaldı – yekun sənəddə Qarabağın adı ümumiyyətlə, çəkilmədi və mətndə eləcə “Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə mühüm töhfəsi” qeyd edilib, onun regionda vəziyyətin sabitləşməsinə yönəlmiş səylərinə ehtiyac olduğu vurğulandı.

Soçi görüşündə tərəflərin razılaşdığı daha bir məqam Ermənistanla Azərbaycan arasında bütün problemli məsələlərin BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə olub. Məlum olduğu kimi, bu müddəalar Azərbaycan Prezidenti İlham Əliyev, Fransa lideri Emmanuel Makron, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Çexiyanın paytaxtı Praqada oktyabrın 6-7-də keçirilmiş dördtərəfli görüş zamanı qəbul edilmişdi. Bununla da Praqa görüşü Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə yekunlaşmışdı. Soçi görüşündə növbəti dəfə qarşılıqlı surətdə ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsi əsas sənəd kimi göstərildi. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqləndi. Alma-Ata Bəyannaməsinə gəlincə, bu sənəd 21 dekabr 1991-ci ildə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılaşmasının və Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasının təsdiqlənməsi məqsədilə imzalanıb. Ermənistan adından bu ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın imzaladığı Bəyannamədə qeyd olunur ki, MDB-yə üzv dövlətlər öz aralarında münasibətləri dövlət suverenliyini, bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını qarşılıqlı tanıma və suverenliyinə hörmət əsasında inkişaf etdirirlər. Beləliklə də Soçi Bəyanatında bu iki sənədə istinad edilməsi də Azərbaycanın maraqlarının təmin edilməsi baxımından əhəmiyyətlidir.

Rusiya görüşü ərəfəsində baş verən bəzi proseslər, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-konstruktiv açıqlamaları göstərirdi ki, ermənilər hər vəchlə öz öhdəliklərindən yayınmağa, sülh danışıqlarını pozmağa cəhd edirlər. Bu mənada Paşinyanın növbəti görüşdən müəyyən gözləntilərinin olduğu da açıq hiss olunurdu. “Caliber.az” “Telegram” kanalının Soçi şəhərində keçirilən yüksək səviyyəli danışıqlar barədə əldə etdiyi bəzi təfərrüatlar da göstərir ki, erməni baş nazir yekun Bəyanatın daha fərqli hazırlanmasına cəhd göstərib. Kanalın məlumatına görə, Ermənistan tərəfi 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında baş verən hərbi toqquşmaları yekun Bəyanatda əks etdirmək istəsə də, buna nail ola bilməyib. Bundan başqa, Nikol Paşinyan və komandası sənədə 21 may 2021-ci il tarixinə status-kvo ilə bağlı bəndin daxil edilməsinə cəhd göstərib, ancaq onun bu arzusu da irəyində qalıb.

Ermənistan rəhbərliyi sənədə öz bəndlərini daxil edə bilməyəcəyini anladıqdan sonra birgə Bəyanatın qəbuluna mane olmağa çalışıb. Ermənilərin hiyləsi bu dəfə də baş tutmayıb və yekun Bəyanatda Qarabağın “status”u ifadəsi bircə dəfə də olsa qeyd edilmir.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli danışıqlardan əvvəl Rusiyalı həmkarı Vladimir Putin ilə təkbətək görüşü zamanı ermənilərin “status” iddialarının üstündən xətt çəkərək növbəti dəfə prinsipial mövqe nümayiş etdirdi. Dövlət başçımız Rusiya Prezidentinə xitabən bildirdi ki, Qarabağ məsələsi iki il əvvəl həll edilib. Odur ki, bu barədə hər hansı müzakirənin aparılması mümkün deyil.

Qeyd edək ki, oktyabrın 31-də Soçi görüşünün keçirildiyi bir vaxtda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun  rusiyalı həmkarı Sergey Lavrov ilə telefon söhbəti də diqqət çəkir. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət zamanı Qafqazdakı son hadisələr müzakirə edilib, həmçinin 3+3 regional platforması çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Təbii ki, məlum telefon danışığının məhz üçtərəfli görüş keçirilən zaman aparılması təsadüf deyil və bununla da qardaş Türkiyə Azərbaycana növbəti dəfə dəstəyini ifadə etmiş oldu.

Əminliklə söyləmək olar ki, Soçidə imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın uğurlu diplomatik fəaliyyəti nəticəsində Ermənistan üzərində əldə etdiyi mühüm qələbədir və bu görüşdən sonra Rusiyanın vasitəçiliyi ilə baş tutmuş dörd “raunddan” sonra hesab 4:0 Azərbaycanın xeyrinədir. İdman dili ilə desək, təmiz və quru qələbə...