KÖŞƏ

Mahir Rəsuloğlu

Kriminallaşan Fransa...

29 noyabr 2022 00:56
1160

Daha ermənilərin “böyük bacı”sının Brüssel formatına qatılması, sülh danışıqlarının iştirakçısı ola bilməsi mümkün deyil

Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrın 7-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə  keçirilməsi nəzərdə tutulan növbəti Brüssel görüşündə Fransa Prezidenti Emmanuel Makronun da iştirakını şərt kimi qoyması danışıqların pozulmasına yönəlmiş addımdır. Aydın məsələdir ki, “suyu bulandıran” Paşinyan özü deyil, onu bu addımı atmağa sövq edən

Ermənistanın “böyük bacısı” Fransanın üzdə “demokrat”, mahiyyətcə riyakar rəhbərliyidir. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində, xüsusilə Makron hakimiyyəti dövründə Fransa hər vəchlə Cənubi Qafqazda sülhün və sabitliyin əldə edilməsinə mane olmağa çalışıb. ATƏT-in Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli üçün yaradılmış, 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsindən sonra fəaliyyətini de-fakto dayandırmış Minsk qrupunun həmsədri olan müddətdə “xoruzlar ölkəsi”nin təmsilçiləri həmişə Azərbaycana qarşı qərəzli münasibət göstərərək erməniləri işğal siyasətini davam etdirməyə şirnikləndiriblər. Açıq görünür ki, 2020-ci ildə Azərbaycan torpaqlarının işğalına son qoyulması və Ermənistanın kapitulyasiya aktını imzalaması, eləcə də 44 günlük müharibədən ötən müddətdə həm Aİ Şurasının, həm də Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə müxtəlif formatlarda aparılan danışıqlarda müəyyən irəliləyişə nail olunması, sülh müqaviləsinin imzalanması prosesinə başlanılması üçün atılan addımlar Fransanı ciddi narahat edir. Təbii olaraq, Makron hakimiyyəti özünü kənarda qalmış hiss edir. Əslində isə bütün bunların günahkarları da məhz elə Fransanın açıq-aşkar işğalçı Ermənistanın tərəfini saxlamasıdır.

Təəssüf ki, bu qərəz və tərəfkeşlik Fransanın qanunverici orqanı timsalında da özünü göstərməkdədir. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğu müddətdə bircə dəfə də Ermənistanın işğalçılıq siyasətini pisləməyən, özündə bu işğalın qeyd-şərtsiz aradan qaldırılmasını ehtiva edən BMT qətnamələrinin həyata keçirilməsi üçün heç bir real və səmimi addım atmayan Fransanın Senatı Azərbaycanın həmin qətnamələri təkbaşına icra etməsindən sonra 2020-ci ilin noyabrında, daha sonra 2022-ci il noyabrın 15-də ölkəmizin əleyhinə sənədlər qəbul edib. Xüsusilə sonuncu heç bir əhəmiyyəti olmayan kağız parçasının adı çox şey deyir –

“Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi”.

Bütün bunlar Fransanın Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının iştirakçısı və ya vasitəçisi ola bilməyəcəyini göstərir. Nikol Paşinyan da yaxşı anlayır ki, Cənubi Qafqazın “qapıları” “böyük bacılarının” üzünə həmişəlik qapanmaq üzrədir. Bundan sonra Fransanın regionumuzdakı maraqlarının hansı səbəbdən iflasa uğraması barədə artıq rəsmi Paris təkbaşına düşünmək məcburiyyətində qalacaq. Fransa birmənalı şəkildə ermənipərəst dövlət olduğundan Brüssel prosesinə qatılması mümkün deyil. Çünki bu halda tərəfsizlik prinsiplərinin kobud şəkildə pozulması nəticəsində Brüssel formatında balans dəyişə bilər. Yəni, Brüssel prosesində yalnız tərəfsiz vasitəçilərin sayəsində sülh müqaviləsinin imzalanmasına doğru addım atmaq mümkündür. Fransa isə tərəfsiz olmadığını və ermənipərəst mövqe tutduğunu hətta gizlətməyə belə ehtiyac duymur.

Azərbaycan da bu məsələdə artıq öz qəti mövqeyini bildirib. Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda qeyd etdi ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz: “Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub.”

Paşinyanın Brüssel görüşündə Fransanın da iştirakında israr etməsi əslində danışıqlardan və Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan isə Aİ tərəfindən dəstəklənən nizamlanma formatına sadiqdir və bunu qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da təsdiqləyib. O, bu barədə Azərbaycana səfərinin yekunlarına dair “Twitter” səhifəsində yazıb: “Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin Aİ tərəfindən dəstəklənən nizamlanma formatına sadiqliyini ifadə edib.”

Qeyd edək ki, Makronun yarıtmaz fəaliyyəti öz ölkəsində də ciddi problemlərin yaranmasına səbəb olub. “Agence France-Presse”in (AFP) məlumatına görə, gündən-günə kriminallaşan Fransada məhbusların sayı 73 min nəfərə yaxınlaşıb ki, bu da rekord hesab edilir. Agentliyin məlumatında bildirilir ki, hazırda bu rəqəm 72,8 min nəfər təşkil edir. İl ərzində məhbusların sayı təxminən 3 min nəfər artıb. Eyni zamanda, yer çatışmazlığı səbəbindən təxminən 2,2 min nəfər döşəmədə yatmağa məcbur olur.

Ölkədə inflyasiyanın yüksəlməsi də narazılıqları artırır. Bundan əlavə, yerli mətbuat gələn ilin əvvəlindən Parisdə ictimai nəqliyyatın qiymətinin 20 faizdən çox bahalaşacağını bildirir. Metro və yerüstü nəqliyyat biletlərinin hazırda 1,90 avro olan qiymətləri 2023-cü ildən 2,3 avroya yüksələcək ki, bu da əhali arasında yeni narazılıq dalğasının yaranmasına səbəb ola bilər. Onsuz da son vaxtlar Fransada tez-tez tətillər olur, aksiyalar paytaxt Parisdə ictimai nəqliyyatı iflic edir.

Deməli, Makron ermənilərin “dərdini çəkməkdənsə” cinayətkarlığın səviyyəsi gündən-günə artan ölkəsinin, problemləri çoxalan vətəndaşlarının qayğısına qalsa daha yaxşı olar. Yoxsa fransızlar özləri ona “fransız” qalmayacaqlar...