Mahir Rəsuloğlu |
Künc zərbəsi
Ermənistan mətbuatı Laçın yolundan Qarabağdakı erməniləri silahlandırmaq üçün istifadə olunduğunu etiraf etdi
Çaşqınlıq və xof Ermənistanın müxtəlif siyasi dairələrinə də sirayət edib. Son vaxtlar Azərbaycanın Laçın yoluna nəzarəti gücləndirməsi istiqamətində atdığı addımlar, müxtəlif dövlət qurumlarının əməkdaşlarının Qarabağda mövcud olan yeraltı təbii sərvətlərin, xüsusilə Ağdərə rayonundakı qızıl mədənlərinin ermənilər tərəfindən qanunsuz istismarının qarşısının alınması məqsədilə Xocalıya səfərləri düşmən ölkədə ciddi narahatlıq doğurmaqla ən çox müzakirə edilən mövzuya çevrilib. Ermənistan mətbuatında Qarabağın müəyyən hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkovun Azərbaycanın tələbi ilə Laçın yolundakı nəzarət-buraxılış məntəqəsində rentgen skaner cihazlarından istifadə ediləcəyi ilə bağlı açıqlaması Ermənistan hakimiyyətinin növbəti xəyanəti, qondarma “artsax”dan (Qarabağ iqtisadi rayonu) imtina etməsi kimi dəyərləndirilir. Düşmən ölkənin mətbuatı rusiyalı generalın əsl həqiqətləri gizlətdiyini, Laçın yoluna əslində azərbaycanlıların nəzarət edəcəyini, yayılmış xəbərlərin Qarabağdakı ermənilər arasında təşvişə səbəb olduğunu və onların bir çoxunun Azərbaycan ərazisini tərk etməyə hazırlaşdıqlarını yazır.
Bəs həm Qarabağdakı, həm də Ermənistandakı erməniləri bu qədər qorxuya salan, narahat edən nədir? Laçın yoluna Azərbaycanın da nəzarət etməsi ermənilərin hansı məkrli planlarını pozacaq?
“Hraparak” nəşri yazır ki, general Volkov məsələni onunla aydınlaşdırmaq istəyən Qarabağdakı separatçıların nümayəndələrinə açıq şəkildə məsələdən Ermənistan hakimiyyətinin də xəbəri olduğunu bildirib. Deyib ki, həm Ermənistanın, həm də ki, separatçıların rəhbərliyi yola rentgen skaner cihazlarının quraşdırılmasına razılıq veriblər, “Nə sualınız var gedin onlardan soruşun”. Qəzetin yazdığına görə, əsas narahatlıq yaradan məqam ondadır ki, Laçın yolunun Ermənistanla sərhəddəki başlanğıcında müasir nəzarət avadanlığı ilə təmin edilmiş mini gömrük postunun qurulmasından sonra Azərbaycan buradan keçəcək avtomobillərin sərnişinlərini, eləcə də yüklərini onlayn rejimdə izləyə biləcək: “Bu isə “artsax”ın qalan hissəsini yenidən silahlandırmaq yolu ilə xilas etməyin mümkünlüyünə olan ümidin kəsilməsi deməkdir. “Artsax”da yaşayanlar bunu yaxşı başa düşürlər və əgər belə bir şey olarsa, oranın ermənisizləşdiriləcəyini təsəvvür etmək çətin deyil.”
Bununla da erməni nəşri Ermənistandakı revanşist qüvvələrin Qarabağdakı ermənilərin silahlandırılması planlarının mövcudluğunu, Laçın yolundan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, yalnız dinc məqsədlər üçün deyil, həm də silah daşımaq üçün istifadə edildiyini bəyan etmiş olur. Bu açıq etiraf bir daha göstərir ki, Azərbaycanın Laçın yoluna nəzarəti gücləndirməsi zərurətə çevrilib və Qarabağda növbəti revanşizm meyillər daha sərt tədbirlərin həyata keçirilməsinə rəvac verə bilər.
“Hraparak” Ermənistanın baş naziri Nikol Paşinyanın və onun komandasından olan heç kəsin son vaxtlar “artsax respublikası” ifadəsi işlətmədiklərinə, həmin qondarma adın əvəzinə “Dağlıq Qarabağ” toponimindən istifadə etdiklərinə də diqqət çəkir: “Dağlıq Qarabağ” ifadəsi daha çox Azərbaycanın maraqlarına uyğun gələn və Azərbaycanın tərkib hissəsi sayılan inzibati ərazi vahidinin adıdır.”
Xeyr. “Dağlıq Qarabağ”ı həzm edə bilməyən ermənilər əslində Azərbaycanda belə yer adının olmadığını da yaxşı bilirlər. Çünki Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə sözügedən ərazilər Qarabağ iqtisadi rayonu adlandırılıb. İqtisadi rayonun inzibati ərazisinə Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir. Deməli, Paşinyanın da, Ermənistanın digər hökumət nümayəndələrinin də, elə erməni mətbuatının da sadəcə “Qarabağ”a öyrəşmələri yaxşı olar.