KÖŞƏ

Mahir Rəsuloğlu

Haysayağı demokratiya...

15 mart 2023 00:58
2762

Künc zərbəsi

Və ya Nikol Paşinyan bir ildir evini niyə sata bilmir?

2018-ci ildə Corc Sorosun pulları və dəstəyi hesabına hakimiyyətə gətirilmiş Nikol Paşinyanın Hayastana vəd etdiyi demokratiya çox keçməmiş Qərbin təlqin etməyə çalışdığı anlayışdan fərqli, ermənisayaq variantda ortaya çıxdı. Paşinyan yaratdığı yeni “demokratiya” modeli sayəsində xalqı öz tərəfinə çəkməklə hakimiyyətdəki mövqeyini möhkəmləndirməyə, rəqiblərini bir-bir sıradan çıxarmağa, daha sonra isə rahat şəkildə himayədarlarından aldığı tapşırıqları yerinə yetirməyə başladı. Özü də bütün bunların reallaşması naminə ölkə konstitusiyası da daxil olmaqla bütün qanunvericilik mexanizmləri bir nəfərin iradəsinə tabe etdirilərək redaktəolunan vəziyyətə gətirildi. Nəticə olaraq, Qərbin və ABŞ-ın məyus baxışları altında Hayastan bu gün demokratiyanın yoxluğundan, daha dəqiqi Nikolun sadəcə görüntüsü “demokratiya” olan yeni idarəçilik formasının təsirindən əziyyət çəkməkdədir.

Qeyd edilənlərin sadəcə subyektiv yanaşma olmadığını isbatlamaq üçün bir neçə məqama diqqət yetirmək kifayətdir. Ölkədə söz azadlığının yalnız adı var. Bir də kənar baxışlar üçün müəyyən görüntü yaradılır. Əslində isə...

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatına əsasən, Nikol Paşinyana və onun hakimiyyətinə qarşı çıxan jurnalistlərin dilə gətirdikləri təhqirlərə görə bu ölkədə 802 nəfərə cinayət işi açılıb. Hüquq müdafiəçisi Səidə Qocamanlı sözügedən hesabatın təqdimetmə mərasimində bildirib ki, toplanan faktlar  Ermənistanın tam demokratik ölkə olmadığını deməyə imkan verir: “2020-ci ilin axırlarında Ermənistanda xalq baş nazir Nikol Paşinyana etiraz məqsədilə ayağa qalxmışdı. Həmin vaxt baş nazirə və onun hakimiyyətinə qarşı çıxan jurnalistlərin dilə gətirdikləri təhqirlərə görə Ermənistanda 802 nəfərə cinayət işi açılıb, həbs olunan jurnalistlərə işgəncələr verilib.”

Hesabatda, həmçinin Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonra Hayastanın sabiq prezidenti Serjik Sarkisyanın tərəfdarlarının həbs olunduğu, bir deputatın isə qətlə yetirildiyi faktları da yer alıb.

S.Qocamanlının sözlərinə görə, bütün bunlar Ermənistanın tam demokratik ölkə olmadığını deməyə imkan verir. Qərb siyasətçiləri və jurnalistlərinin Ermənistanı Qafqazın ən demokratik ölkəsi kimi təqdim etmələri əsassızdır. Çünki bu ölkədə insanların toplaşma azadlığına, söz azadlığına maneələr var: “Həmişə Ermənistanda insan hüquqlarının yüksək səviyyədə olduğunu iddia edirlər. Hardadır bu insan hüquqları? Hesabat göstərir ki, Ermənistanda olan insan hüquqları pozuntuları Azərbaycanla müqayisəedilməz dərəcədə çoxdur. Bu məsələdə Azərbaycanla Ermənistanı tərəzinin eyni gözünə qoymaq olmaz.”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktlarının Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə daha çox olduğunu bildirib. N.Cəfəroğlu xatırladıb ki, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra Hayastanda baş verən insan haqları pozuntusu heç bir yerdə qeydə alınmayıb: “Azərbaycan həm Ermənistandan, həm də Gürcüstandan daha demokratik dövlətdir. Bir zamanlar Gürcüstanda demokratiyanın carçısı hesab edilən Mixael Saakaşvilinin vəziyyətini də hamı açıq-aşkar görür.”

Hesabatın müəllifləri Qərbin bəzi ermənipərəst dövlətləri və təşkilatları tərəfindən Azərbaycana qarşı ikili standartların aradan qaldırılmasını tələb edirlər. Bu məqsədlə hazırlanan hesabat bütün aparıcı beynəlxalq qurumlara, o cümlədən Avropa İttifaqına və hüquq müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlara göndəriləcək.

Hayastanda demokratiyanın, söz azadlığının və insan haqlarının pozulmasının adi hala çevrilməsini Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra müxalifətin Paşinyan əleyhinə nümayişləri zamanı, İkinci Qarabağ müharibəsi nəticəsində məhv edilmiş erməni əsgərlərin yaxınlarının onların xatirəsini yad etmək məqsədilə Yerablur pontonunu ziyarət edərkən, Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissədə 15 nəfərin yanaraq ölməsindən sonra həmin hərbçilərin valideynlərinin etirazları vaxtı Ermənistan polisinin qəddar davranışları da sübut edir. Ancaq onlarla etirazçıların həbs edildiyi, xəsarət aldığı həmin aksiyalarda insan haqlarının pozulduğunu Hayastan rəhbərliyinə irad tutmaq nədənsə heç bir Avropa dövlətinin və ya beynəlxalq təşkilatın ağlına gəlmədi.

Nikol Paşinyanın hakimiyyəti dövründə bu ölkədə rüşvətxorluq və korrupsiya halları da həm get-gedə artır, həm də artıq adi hala çevrilib.

Baxmayaraq ki, Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında hər il yüksək vəzifəli məmurların bütün gəlirlərinin və böyük xərclərinin yoxlanılacağını bildirib. Ancaq elə həmin tədbirdə baş nazirin Hayastanın  müdafiə naziri Suren Papikyanın İrəvanın mərkəzində aldığı 165 kvadratmetrlik, qiyməti 412 min ABŞ dolları məbləğində dəyərləndirilən mənzil haqqında “Hetq” nəşrinin sualına cavabı bir çox mətləblərdən xəbər verir. Paşinyan hələ il yarım deyil nazir təyin etdiyi Papukyanın bahalı mənzili (mənzil Ermənistan parlamentinin keçmiş deputatı, “Jermuk Group” konserninin sahibi Aşot Arsenyan tərəfindən tikilən yaşayış kompleksində alınıb. Qiymətlərin kifayət qədər yüksək olduğu həmin kompleksdə Ermənistanın hökumət aparatının rəhbəri Arayik Arutyunyanın, bu ölkənin ABŞ-dakı səfiri Lilit Makuntsun, “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Trdat Sarkisyanın da mənzilləri var) hansı pulla aldığını açıqlamaq əvəzinə jurnalistləri mənzilin qiymətini şişirtməkdə ittiham edib. Üstəlik də gileylənib ki, evləri baha qiymətə satmaq olmur. Sən demə, Hayastanın baş naziri özü də bir ilə yaxındır ki, yeni mənzil almaq üçün evini satmaq istəyir, lakin istədiyi məbləği verən yoxdur. Paşinyan indi ümidini oğlu Aşota bağladığını deyərək ciddi korrupsiya ittihamı ilə bağlı sualdan zarafat etməklə yayınıb. Beləcə, suala həm cavab verib, həm də verməyib. Bax buna haysayağı demokratiya deyilir...

Mahir Rəsuloğlu, “İki sahil”