KÖŞƏ

Vəli İlyasov

Müxaliflərdən Zəfər seçkisinə kim çıxmağa cürət edəcəksə...

20 dekabr 2023 00:24
2087

Ən abırlısı heç meydana girməmək, gözə görünməməkdir

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar prezident seçkiləri keçirilməsinə dair imzaladığı Sərəncam sanki şirin yuxuya getmiş iddialı müxalifətin üstünə soyuq su tökdü. Silkələnib oyandılar, gözlərini ovuşdura-ovuşdura: Əşi, bu nə vaxtsız oldu, biz axı, hələ bir il iki ay da rahat yata bilərdik-dedilər.

Bu cənabların ağıllarına hələ gəlmir ki, hakimiyyət iddiası ilə beş il on ay yatmaq olmaz. Bəyəm özlərinə bu qəddər arxayındırlar ki, hazırlaşmadan seçki başlanan gün qalib gələ bilərlər? İndi belə düşünənə bişmiş toyuğun da gülməyi gələr. Çünki bura Afrika cəngəllikləri deyil, ədalətli seçki ölkəsidir, gərək xalqın inamını, etibarını və etimadını elə qazanasan ki, səni seçsin. Ordan-burdan beş il xarici donorlardan qrant alıb yeməklə müasir insanların rəğbətini oğurlamaq və ya aldatmaq mümkün deyil. Görürlər axı. Bu qədər pozitiv məqamlardan utanmayaraq  radikal müxalifət yenə də müxtəlif çəpəki addımlar atır. Bədxah xarici dairələr böyük uğurlarına görə Azərbaycandan qisas almaq, ona öz ziyanlarını vurmaq, hər hansı bir vəziyyəti diktə etmək üçün öz əlaltılarından istifadə etmək yolunda xüsusi canfəşanlıq göstərirlər. Bu istiqamətdə radikal milli satqınlardan alət kimi istifadə edirlər. Lakeyləri də qulluğunuza ərz etdiyimiz kimi Azərbaycanın dağıdıcı müxalifətidir.

Azərbaycan Qarabağda Zəfər qazandığı və qurulan məkrli oyunları pozduğu, öz ərazi bütövlüyünü bərpa etdiyi, 30 il işğal altında olan torpaqlarını yağı düşməndən təmizlədiyi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini müharibə yolu ilə qüvvəyə mindirdiyi üçün yenə də haqsızlığa məruz qalır. Qərb yenə də hansısa məqamlarda öz niyyətlərini Azərbaycana diktə etməyə çalışır. Elə bunun üçün də kəşkülünə dilənçi payı atdığı milli nankorları ortaya çıxarıb.

Ona görə də bizim boyundan yuxarı hoppanaraq həvəsində olan müxaliflər beş il yatıb seçkilər başlayanda ortalığa çıxıb “mən də varam” deyirlər. Ona görə gözləmədikləri anda çıxış yolu tapmaqda aciz vəziyyətə düşürlər. Bunların hərəkətləri nağıllardakı cırcıramanı xatırladır, təfərrüatı xırdalamıram, bilirsiniz...

Radikal müxalifət partiyalarının demək olar ki, hamısı fevralın 7-də aqibətlərinin necə olacağını bəri başdan bildikləri üçün bir hissəsi seçkiyə qatılmayacağını, bir hissəsi isə seçkini boykot edəcəyini bildirir. Davakar Müsavat Partiyası və Əli Kərimlinin araqatan AXCP-si və onun züytutanları da bu fikirdədir. Ancaq bir çoxları heç də belə düşünmür və onlara qoşulmur. Məsələn, ADP-nin sədri Sərdar Cəlaloğlu internet televiziyalarından birində vurğulayıb ki, onun partiyası seçkiyə hazır olmadığı üçün o, prezidentliyə namizədliyini verməyəcək. Cəlaloğlu bildirib ki, qışın soyuqlu günlərində heç bir partiyanın, o cümlədən də, ADP-nin yerlərdə seçki kampaniyası təşkil etməyə potensialı çatmaz. O, dəfələrlə vurğulayıb ki, bütün müxalifət partiyalarının hamısı birlikdə 7 fevral seçkilərində ümumi səslərin 10 faizini belə qazana bilməzlər. Ancaq  qardaşı Qurban Məmmədli isə onun əksini danışır. Elə partiya rəhbərləri də var ki, onlar indidən Prezident İlham Əliyevin xeyirinə öz namizədliklərini irəli sürməyəcəklərini bəyan edirlər. Ümid Partiyasının sədri İqbal Ağazadə mətbuata açıqlamasında bu fikirdə olduğunu deyib.

Burada bir məsələni vurğulamaq lazım gəlir. Nə qədər ki Qarabağ münaqişəsi həll olunmamışdı radikal müxalifətçilər, xüsusilə Əli Kərimli, "Milli Şura"nın sədri Cəmil Həsənli və qeyriləri pafosla danışıb deyirdilər ki, biz hakimiyyətə gəlsək münaqişəni asan yolla həll edəcəyik. Həm də bildirirdilər ki, Qarabağın azadlığı möcüzə olardı. Zaman gəldi, onlar o möcüzəni gördülər və cınqırları çıxmadı, sanki dillərini udmuşdular. Faktdır ki, Azərbaycan son iyirmi ildə dünyanın inkişaf etmiş ölkələri sırasına çıxıb, nəhəng iqtisadi layihələrin təşəbbüskarı və müəllifi, bir vaxtlar səsi heç yerdə eşidilməyən dövlət beynəlxalq arenada söz sahibi olub. Sürətli inkişaf  Ermənistan üzərində möhtəşəm qələbənin rəhninə çevrilib. Unutmuruq ki, Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan ordusunu darmadağın, ərazilərimizi 30 illik işğaldan azad edəndən sonra bu adamlar düşmənlərimizlə bərabər yasa batdılar, qaynayıb-daşan ümumxalq sevincinə şərik olmadılar. İndi meydana hansı üzlə çıxa bilərlər? İndi məngənəsindən çıxa bilmədikləri siyasi qısqanclıqlar nankorlara Qarabağ Zəfərinin müəllifindən bircə kəlmə danışmağa, heç olmasa yada salmağa imkan vermir. Çünki onların qəlbində Vətən sevgisi deyil, kreslo hərisliyi hökmrandır. Yaxşı görürlər ki, Qarabağın fatehi İlham Əliyevə ümumxalq sevgisinin və etimadının hüdudu yoxdur. Heç şübhə ola bilməz ki, xalq otuz illik dəhşətlərə, soyqırımlara, iztirablara, işğala, başıaşağılığa son qoymuş bir rəhbərdən başqa kimsəyə səs versin. Aradan üç il keçsə də, biz bu gün də Qarabağda qazanılan o möhtəşəm qələbənin xoş təsiri altında yaşayırıq. Prezident İlham Əliyev xalqın gözündə Müzəffər Ali Baş Komandan kimi ucalıb və öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. Əgər kimsə cənab İlham Əliyevə qarşı alternativ olacaqsa, deməli, o xalqın iradəsinin əleyhinə çıxmış olacaq. Əgər dağıdıcı müxaliflər başlarını bayıra çıxarıb insanların rəyi ilə maraqlansalar onda görərlər ki, xalq kimi seçəcək. Bəlkə ondan sonra sakitləşib öz yerlərini bilərlər. Bundan başqa da özlərinin heç nəyə yaramadığını bir daha dərk edərlər. Ona görə də ən abırlısı ya heç meydana girməmək, ya da gözə görünməməkdir. Amma əgər abırları olsaydı...