Vəli İlyasov |
Bu ölkədə prezident seçkilərinə uzun müddət davam edən hazırlıq prosesinin nəticəsi gözlənilməz olub. Hakim partiyanın namizədi Armen Sarkisyan Ermənistanın növbəti prezidenti seçilib. Parlamentin deputatları onu 90 səs lehinə, 10 səs əleyhinə olmaqla prezident seçiblər. Qeyd edək ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan gözlənilənlərin əksinə olaraq hakim Respublika Partiyasının adından ölkənin Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın namizədliyini irəli sürüb. Seçkidə Armen Sarkisyan yeganə namizəd olub və ona alternativ irəli sürülməyib.
Armen Sarkisyanın namizədliyini Respublika Partiyasından və “Daşnaksütyun” Erməni İnqilab Federasiyasından ibarət hakim koalisiya fraksiyasının 65 deputatı müdafiə edib. Səsvermədə parlamentin 100-dən artıq deputatı iştirak edib.
Ermənistan parlamentinin qanunlarına görə prezidentin seçilməsi üçün namizədin 79 səs toplaması lazımdır. Məlumdur ki, hakim fraksiyanın parlamendə 65 mandatı var. Əslində hakim partiya hər məsələni təkbaşına həll edə bilər, çünki parlamentdə deputatların səs çoxluğu yalnız ona məxsusdur. Buna baxmayaraq hakimiyyətin namizədinə Tsarukyanın başçılıq etdiyi müxalifət fraksiyası da dəstək verib. Bu fraksiyaya 31 deputat daxildir.
Hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın səlahiyyət müddəti başa çatandan sonra - aprelin 9-da ölkənin yeni Konstitusiyası tam qüvvəyə minəcək. Bu Konstitusiyaya görə, hakimiyyət parlamentin və hökumətin əlində cəmləşəcək, prezident funksiyasını isə parlamentin seçdiyi şəxs həyata keçirəcək. Bu prosedur qaydalarının tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, Ermənistanda hakimiyyət yenidən şəriksiz olaraq Serj Sarkisyanın əlinə keçəcək, prezident vəzifəsi isə formal olacaq, yəni hökuməti baş nazir idarə edəcək. Bu, o deməkdir ki, Ermənistanda demokratiyanın yalnız adı var.
Qeyd edək ki, yeni seçilmiş prezident Armen Sarkisyan 1953-cü ildə İrəvanda anadan olub. Sovet dövründə Ermənistan SSR-in tanınmış fiziklərindən biri olub. 1984-85-ci illərdə Kembric Universitetinə dəvət edilib. Sonra Moskva elm mərkəzində və xaricdə işləyib. 1990-cı ildə London və Kembric universitetlərinin dəvəti ilə yenidən Britaniyada işləməyə gedib. Sonra diplomatik işə keçib. Ermənistanın Britaniyadakı ilk səfiri olub. Ölkəni Avropa qurumlarında təmsil edib. 1996-97-ci illərdə Nazirlər Kabinetinin sədri postunu icra edib.
Bu seçkilərdə təəccüb doğuran odur ki, əvvəllər prezident postuna namizədlər sırasında Nazirlər Kabinetinin hazırkı sədri Karen Karapetyan və daha bir neçə nəfərin adları hallanırdı. Onların arasında Karapetyanın namizədliyi daha real görünürdü. Karapetyanın Moskvada güclü dayağının olması onun şansını daha da artırırdı. Hətta mətbuata sızdırılan məlumatlarda bildirilirdi ki, Serj Sarkisyan Karapetyandan çəkindiyinə və onu özünə rəqib etmək istəmədiyinə görə president vəzifəsini ona vəd veribmiş. Əvvəllər bu vəzifəni tutmaq istəyənlər arasında gərgin mübarizə gedirdi. Lakin Armen Sarkisyanın qəflətən peyda olması və Serj Sarkisyanın təklifi ilə “seçilməsi” cəmiyyətdə şok vəziyyəti yaradıb. Məlum olub ki, Serj Sarkisyan vəd verdiyi adamların hamısını aldadaraq onun namizədliyini irəli sürüb. Görünür, Serj Sarkisyan bunu özbaşına etməyib. Belə hesab edirlər ki, bu təklif ona himayəsinə qısıldığı dairələrdən gəlib.
Nə Ermənistanın, nə də onun prezidentinin müstəqil olmadığı bu ölkədə gözlənilməz təyinatlar təəccüb doğurmur, çünki bu dövlətin sahibi ermənilər deyil, kənarda əyləşib buranı idarə edən dairələrdir.
Sadə ermənilərdə şübhə yoxdur ki, aprelin 2-də keçiriləcək parlament seçkilərində də sürprizlər ola bilər. Erməni seçiciləri əzilərək elə vəziyyətə salınıblar ki, onlar bir parça çörək qazanmaqdan, ailələrini təmin etməkdən savayı ayrı işlərdə maraqlı deyillər, yəni onların ölkənin deyil, yalnız öz talelərini düşünməkdən başqa çarələri yoxdur. Klanlararası mübarizədə isə hələlik “Qarabağ” klanı bütün seçkilərdə qalib gəlir. Bu isə İrəvan klanını daha da qıcıqlandırır və Qarabağ ermənilərinə qarşı barışmaz mübarizəyə sövq edir. Bu mənada Ermənistanda siyasi kataklizmlərin baş verməsi labüddür.