Vəli İlyasov |
Azərbaycanda prezident seçkilərinin aprelin 11-nə təyin olunması dağıdıcı müxalifət düşərgəsində əməlli-başlı ajiotaj yaradıb. Buraya daxil olan partiyalar və siyasi qurumlar nə edəcəklərini kəsdirə bilmədiklərindən tələm-tələsik və mənasız qərarlar qəbul edirlər. Əvvəllər prezident seçkilərində iştirak etməyin vacibliyindən danışan “Milli Şura” sədri Cəmil Həsənli son günlərdə fərqli fikir səsləndirir. O, boykot taktikasını seçdiklərini bildirir. Bu fikrin haradan gəldiyi artıq hamıya məlumdur. Heç kəsə sirr deyil ki, Cəmil Həsənlinin “Milli Şura”sı AXCP sədri Əli Kərimli AXCP-nin yedəyində gedir. O, “sirdaşı” Kərimlidən icazəsiz bir addım atmır. Ona görə ki, üzünə üz qarası çəkən Əli Kərimli müxtəlif fırıldaqlarla qazandığı pulların bir payını Həsənliyə ötürür. Bu baxımdan Həsənli müstəqil olaraq qərar qəbul etmək iqtidarında deyil. Əli Kərimlinin qəbul etdiyi qərarlar “Milli Şura” üçün də qanundur. Ona görə də indi Cəmil Həsənli pullu “şef”inin sözündən çıxmağa cürət etməyərək seçkilərdə iştirak etmək fikrindən yayınıb.
Qeyd etmək lazımdır ki, müxalifət düşərgəsində yeganə boykot tərəfdarları AXCP sədri və “Milli Şura” rəhbəridir. Onlar bu yolu seçməyən opponentləri ilə münasibətləri daha da pisləşdirirlər. Müsavat başqanının müavini Tofiq Yaqublunun vəzifəsindən uzaqlaşdırılması Müsavatla AXCP-nin gərgin olan münasibətlərini pik həddə çatdırıb. Əli Kərimli tərəfdarları iddia edirlər ki, Müsavat başqanı Arif Hacılı Tofiq Yaqublunu vəzifəsindən “Milli Şura”nın üzvü olduğuna görə uzaqlaşdırıb. Yaqublunun vəzifəsindən istefaya göndərilməsindən sonra AXCP üzvləri sosial şəbəkələrdə məlumat yayıblar ki, Müsavatın bu qərarı birbaşa Əli Kərimlinin əleyhinə yönəlib. Onlara cavab verən müsavatçılar isə bildiriblər ki, kərimçilərin yersiz iradları cılız və gülüncdür. Əsl mərəkə də elə bundan sonra başlayıb. Kəskin mübahisələr qızışaraq leksikonda işlədilməsi tərbiyəsizlik sayılan ifadələrlə davam edib. Ən pisi odur ki, onlar bu cür tərbiyəsiz ifadələrlə çoxlarının oxuya biləcəyi sosial şəbəkələrdə çıxış edirlər.
Bəzi politoqlar belə fikir irəli sürürlər ki, boykot qərarına görə bir çox müxalfət partiyaları və qurumları Əli Kərimlini qınaq obyektinə çeviriblər. O da bu qınaqlardan yaxa qurtarmaq üçün Müsavatla, KAXCP ilə və digər partiyalarla mərəkə qopararaq zərbənin istiqamətini öz üzərindən dəyişməyə cəhd edir. Ona görə də necə deyərlər,”suyu bulandırmağa” çalışır. Ancaq bir məsələ də var ki, bu taktika Əli Kərimlini mənsub olduğu dağıdıcı müxalfət düşərgəsində təkləyir. Nisbətən yumşaq əlaqələri olan qurumlar da ondan üz çevirir. Eyni zamanda bu qalmaqallar azsaylı elektoratının daha da azalmasına səbəb olur, meydanda bir “papka” və beş- on nəfər tərəfdarı ilə qalan AXCP sədri çıxılmaz vəziyyətə düşür. Amma ona da Əli deyərlər, belə sulardan həmişə qupquru çıxmağı bacarıb.