27 iyun 2024 23:58
187

Şəhid Mais Mirzəcanovun doğum gününə xatirəsi yad edilib

Lənkəran rayonunun Yuxarı Nüvədi kəndinin yurda bağlı Vətən sevdalı qeyrətli oğlanları  həmişə ona başıucalığı gətiriblər.  Azərbaycanın, eləcə  dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan  44 günlük haqq savaşımızda da belə olub.  Kənddə boya-başa çatan  Azərbaycan Silahlı Qüvvələrin baş leytenantı Vüsal Kazımov Vətənin yaşaması naminə ağır müharibə meydanda yağıya qarşı son nəfəsinə qədər döyüşərək şəhidlik zirvəsinə ucalıb. İndi bütöv  bir xalqın qəhrəmanlıq simvoluna dönən Vüsalın adı dillərdən düşmür, onu özünə qürur  yeri, iftixar mənbəyi bilirlər.  Həmçinin rayonda igid Vətən oğlunun xatirəsini yaşadan yadigarlar da çoxdur. Doğma kəndində salınan  Vüsal Kazımov adına Şəhidlər Parkı  adamların ən çox getdiyi müqəddəs yerdir.

Bu günlər parkda  Yuxarı Nüvədi kənd  məktəbinin təşkilatçılığı sayəsində  şəhid Mais Hüseynağa oğlu Mirzəcanovun doğum günü münasibətilə “Azərbaycan mənim nəfəsimdir!”  adlı möhtəşəm bir tədbir baş tutub.  Rayon rəsmilərin, şəhidin doğmaların,  müharibə veteranların ,  sayılıb-seçilən ictimai xadimlərin, ziyalıların, kənd ictimaiyyətinin nümayəndələrin, şagird və müəllim kollektivin qatıldığı mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin,  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himni səslənib.

Tədbirdə çıxışlar zamanı  şəhid Mais Mirzəcanovun  şərəfli ömür və döyüş yolundan danışılıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, xalqımıza məxsus  tarixi  Qarabağ torpaqlarının 30 ildən sonra  işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətdən  söz açılıb. Həmçinin bildirilib ki, milyonların qəlbində özünə əbədi yer edən Mais Mirzəcanov 1975-ci ildə  Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində dünyaya gəlib. 1994-cü ildə hərbi xidmətə yollanan Mais Vətənin ən ağır və çətin günlərində işğalçı Ermənistan ordusunun Vətən torpaqlarına hücumu zamanı bir çox döyüş əməliyyatlarında fəal olmaqla, düşmənə layiqli cavab verib. Sonuncu dəfə Ağdamda gedən ağır savaşda  qəhrəmancasına şəhid olub. Mərdliyi, igidliyi, Vətənə, torpağa sevgisi  bizlərə nümunə olan  Mais əbədiyaşar ömrünün 49 ilinə qədəm qoydu. O, cismən aramızdan gedib, mənə qəlblərdə  yaşayır, böyük ehtiramla xatırlanır. Oxuduğu  Yuxarı Nüvədi kənd tam orta məktəbi şəhidin  adını daşıyır.

“Gənclərin vətənpərvər ruhda yetişmələri üçün təşkil olunan tədbirdə məktəb heyətinin qismən də olsa  Vətən yolunda canından keçən şəhidlərin önündə öz vicdan borcunu yerinə yetirmiş oluruq.”  Bu fikirləri isə məktəbin direktoru Ramiz Ramazanov söyləyib.

Tədbirdə rayonun tanınmış müğənniləri tərəfindən vətənpərvər ruhlu mahnılar oxunub, məktəblilər isə şerlər  ifa edib və  müxtəlif ədəbi-bədii kompozisiyalar göstərilib.

Mərasimdə həmçinin dövlətçilik tariximizdən bəhs edən fotostendlər, şagirdlərin vətənpərvərlik mövzusunda hazırladığı  əl işləri nümayiş olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü