01 iyul 2024 22:50
216

Həm xidmətin keyfiyyəti, həm də müştəri məmnuniyyəti...

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib. AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib. Benzin və dizelin qiymət dəyişikliyi hibrid, elektrik avtomobillərə keçidi sürətləndirəcək.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki,  yeni qiymət dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir: “Daşıyıcı şirkətlər hal-hazırda kifayət qədər zərərdədirlər və müflisləşiblər. Səbəb odur ki, son illər dünyada baş verən qlobal iqtisadi proseslər, eləcə də pandemiya sərnişindaşıma sektoruna ciddi zərbə vurub. Bununla da daşıyıcı şirkətlərinin gəlir imkanları minimuma enməklə böyük maliyyə itkisinə səbəb olub. Qlobal bahalaşma səbəbindən avtobuslar nəqliyyat vasitələri üçün zəruri olan sürtkü yağlarının, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 80 %-ə qədər artıb. Bu hallar daşıma şirkətlərinin gəlirlərinin minimum həddə düşməsinə gətirib çıxarır”.

Elməddin Muradlı qeyd edib ki, qiymət dəyişikliyi daşıyıcı şirkətlər tərəfindən irəli sürülən təkliflər əsasında baş verib:  “Daşıyıcı şirkətlər arqument ortaya qoyurlar ki, qiymət dəyişikliyi təxminən 60-70 qəpik civarında olmalıdır. Ancaq dövlət tərəfindən bu məsələlər tənzimləndiyi üçün böyük qiymət dəyişikliyi baş tutmadı. Sadəcə 10 qəpik civarında dəyişim oldu. On il bundan əvvələ qədər avtobuslar planla işləyirdi. Əvvəllər gündəlik plana verilən avtobuslar bu gün artıq iki sürücü tərəfindən idarə olunur. Sürücülərin iş və istirahət rejimi nəzarət altında aparılır. Düzdür hələ də neqativlər hallar var amma inkişaf başlayıb və bu proses mərhələli şəkildə davam edir. Daşıyıcı şirkətlər qarşısında məsələlər qoyulur və tələblər irəli sürülür ki yeni, komfortlu, elektrikli avtobuslar alsınlar. Belə avtobusların qiyməti isə kifayət qədər bahadır. Təxminən bir avtobus 600 min manat dəyərindədir. Vaxtilə 600 min manata bir daşıyıcı şirkət tərəfindən iki üç avtobus almaq mümkün idi. Günümüzün reallığında isə bu mümkün deyil. Üstəlik avtomobillərin ehtiyyat hissələri də bahalaşıb. Bu xərclərin artması daşıyıcı şirkətlərin  büdcəsinə olduqca mənfi təsir göstərir”.

Ekspert vurğulayıb ki, Bakı-Sumqayıt marşturu məsələsinə gəldikdə isə indiyə kimi Bakı-Sumqayıt arasında normal ictimai nəqliyyat olmayıb: “Bakı-Sumqayıt üzrə xərc 70 qəpik müəyyənləşib. Əhalinin 70%-i bu yolda taksilər, mikroavtobuslardan istifadə edir. Qiymətləri isə 1 manat, 1 manat 50 qəpikdən başlayır. İndiyə qədər bu marşrut üzrə rəsmi 5 avtobus olub ki, onun 3-nü gündəlik xətdə görə bilirdiniz. Demək olar ki, hər il metro zərərlə işlədiyini açıqlayır. Burada da yeni, daha sürətli qatarlar tələb olunur. Bakı şəhəri üçün 27 metro stansiyası çox azdır. Yeni vaqonlar alınmalı, 60-a yaxın yeni stansiya tikilməlidir. Odur ki, xərclər artıqca gediş haqqının dəyişilməsi də hansısa formada tənzimlənir”.

Nigar Orucova, “İki sahil”