KÖŞƏ

Vəli İlyasov

Avropa İttifaqı ilə əlaqələrimiz daha da möhkəmlənir

28 noyabr 2017 14:14
1776

Ölkəmiz Avropaya inteqrasiya sahəsində qısa müddətdə onilliklərə bərabər işlər görüb. Artıq ölkəmizi “qoca” qitənin bütün dövlətləri və nüfuzlu  beynəlxalq təşkilatları tanıyır və mövqeyimizə hörmətlə yanaşırlar. Belə qurumlardan biri olan  Avropa İttifaqı (Aİ)  ilə Azərbaycan  arasında münasibətlərin hüquqi əsası Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə təsbit edilib. Həmin sənəd 1996-cı il aprel ayının 22-də Lüksemburq şəhərində imzalanıb və onu imzalayan bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 1-də qüvvəyə minib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi münasibətləri  möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanla  Avropa İttifaqı  arasında münasibətlərə yeni təkan verib. Adıçəkilən saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Sazişin əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Belçikada Şərq Tərəfdaşlığı Sammitində iştirak edib. Dövlətimizin başçısı Aİ ilə tərəfdaşlığın Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən  biri olduğunu sessiyadakı çıxışında bildirib. Xüsusi vurğulayıb  ki, müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, respublikamızda əlverişli investisiya mühitinin mövcudluğunun ən yaxşı göstəricisidir. Qeyd olunub ki,   Azərbaycan  üzv dövlətlərlə ikitərəfli formatda əlaqələri fəal  inkişaf etdirir. Azərbaycan indiyədək Avropa İttifaqına üzv  olan  9 ölkə ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Bu isə o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin böyük qismi  Azərbaycanı  strateji tərəfdaş hesab edir. Prezident İlham Əliyev çıxışında ölkəmizlə bağlı bir sıra siyasi və iqtisadi məqamları da şərh edib. Ölkəmizin  demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm verdiyini və  buna ciddi şəkildə sadiq qaldığını ifadə edib. Dövlətimizin başçısı iqtisadiyyatımızın dinamik inkişafından söz açarkən bildirib  ki, bu məsələ Azərbaycanın müstəqilliyi üçün mühüm əhəmiyyətə malikdir. Çünki ölkə iqtisadi cəhətdən müstəqildir və sərbəst xarici siyasət  yürüdür.

Hazırda Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir.  Son on dörd ildə  ümumi daxili məhsul 3 dəfədən çox artıb. İşsizlik və yoxsulluq  səviyyəsi   5 faizə endirilib. Xarici borc ümumi daxili məhsula nisbətdə 20 faizdən aşağı səviyyədədir. Əldə edilmiş  uğurların məntiqi nəticəsidir ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə ölkəmizi 35-ci yerə layiq görüb. Yeri gəlmişkən, mövzu ilə bağlı bir mühüm məqama da toxunmaq istərdim. Aİ-nin Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü məsələsi bir daha dəstəklənib. 

Avropa İttifaqı 2003-cü ildən Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi vasitəsilə bölgədəki ölkələrlə müvafiq iş və dialoqunu davam etdirir. Buna görə də münaqişənin həllinin asanlaşdırılması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləmək və tamamlamaq xüsusi nümayəndə Herbert Salberin mandatı kimi Aİ tərəfindən müəyyən edilib. Aİ Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini müdafiə edir. Bu qurum və onun üzv ölkələri qondarma “DQR”-i tanımır. Bu, bir neçə gün əvvəl  Belçikada keçirilən Şərq Tərəfdaşlığı Sammitində də bir daha öz təsdiqini tapıb. Belə ki, Ermənistanın və erməni lobbi dairələrinin  cəhdlərinə baxmayaraq, Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində imzalanan Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəklənib. Bəyannamədə qeyd edilir ki, Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir. Sənəddə, həmçinin regionun bir çox bölgələrində beynəlxalq hüququn prinsiplərinin pozulmasına narahatlıq ifadə olunur və mövcud münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dəstək ifadə edilir.  Qeyd etmək yerinə düşər ki, Şərq Tərəfdaşlığı Sammitində iştirak edən Ermənistanın bu quruma üzv ölkələrin ərazi bütövlüyünün digər üzv ölkələr tərəfindən  tanınması və  üzv ölkələr arasında münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması  barədə qərara öz məkrli əlavələrini  qəbul etdirmək cəhdləri baş tutmayıb. Beləliklə, Azərbaycan Sammitdə mühüm diplomatik qələbələr qazanaraq  Avropa İttifaqı kimi böyük  beynəlxalq təşkilatda öz nüfuzunu daha da yüksəldib.