06 sentyabr 2024 22:55
261

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Layihənin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulub

Ötən əsrin 60-cı illərində yaranan internet 90-cı illərdə kommersiya istifadəsinə verilib. Artıq 30 ilə yaxındır ki, internet insan həyatının ayrılmaz hissəsinə çevrilib və bu proses hər il daha da dərinləşir. Hər ötən il rəqəmsallaşmanın sürətlənməsi, texnologiyaların inkişafı internet üzərindən milyonlara insanın ünsiyyət qurmasına, dövlət və özəl sektorun öz xidmətlərini onlayn platformalardan təqdim etməsinə, daha iri həcmli məlumatların ötürülməsinə, ticarətin elektronlaşmasına səbəb olur. İnternet infrastrukturu əsasən yerüstü, sualtı və peyk infrastrukturuna əsaslanmaqla mürəkkəb bir quruluşa sahibdir. Yerüstü infrastruktura Amerika və Avropada, eləcə də digər qitələrdə yerləşən İnternet Mübadilə mərkəzləri (Frankfurt, Stohkolm, Amsterdam, London, İstanbul, Nyu-York, və s. şəhərlərdə yerləşən mərkəzlər), informasiyanın toplandığı Data mərkəzlər, İnternet Servis Provayderlərinin binaları, baza stansiyalar, eləcə də onları birləşdirən yerüstü magistral fiber-optik kabel xətləri daxildir. Sualtı infrastruktura qitələri birləşdirən okean və dənizaltı magistral fiber-optik kabel xətləri daxildir. Peyk infrastrukturuna isə yerətrafı orbitdə yerləşən telekommunikasiya peykləri daxildir ki, onlar internet bağlantısı üçün siqnalı yerüstü mərkəzdən alaraq digər yerüstü mərkəzə ötürür və internet bağlantısının yaranmasını təmin edirlər. Hazırda dünya üzrə internet rabitəsinin 99 faizi məhz yerüstü və sualtı kabellər vasitəsilə verilir. İnternetin peyk üzərindən verilməsi xidmətindən isə az istifadə olunur. Çünki peykdən məlumat ötürülməsi gecikmə ilə müşayiət olunur və iri həcmli məlumatların verilməsində çətinlik yaranır. Peyk üzərindən bağlantı internet rabitəsinin qurulmasının coğrafi cəhətdən çətin olduğu və mümkün olmadığı ərazilər üçün əvəzedilməz xidmətdir.

İnternetə tələbat okeanaltı kabel xətlərinin çəkilişini zəruri edib

Bəs magistral kabel xətləri, xüsusilə sualtı (okean və dənizaltı) magistral kabellər necə formalaşıb və əhəmiyyəti nədən ibarətdir? İlk okeanaltı qitələrarası kabel xətti 1858-ci ildə İrlandiyadan Kanadaya - Nyufaundlendə qədər çəkilib (Transatlantik teleqraf kabel xətti) və Avropa ilə Amerika qitələri arasında teleqraf rabitəsini mümkün edib. Lakin rabitə stabil olmayıb. Köhnə və yeni qitə arasında stabil rabitə yalnız 1866-cı ildə yaranıb. 1870-ci ildə isə Böyük Britaniya ilə Hindistan arasında teleqraf kabel xətti çəkilib. Sonrakı illərdə isə kabel xətlərinin sayı daha da artıb. Daha sonra 1950-ci illərdə artıq telefon rabitəsinə imkan verən ilk okeanaltı kabel xətti qurulub. ABŞ, İngiltərə və Kanadanı birləşdirən TAT 1 (Transatlantic 1) telefon rabitəsi xətti 1956-cı ildə istismara verilib.

XX əsrin sonlarında isə internet bağlantısının mümkün edilməsi üçün artıq okeanların dibi ilə magistral fiber-optik kabel xətlərinin çəkilişinə başlanılıb. Hazırda dünyada ən müxtəlif dövlətlər və şirkətlər tərəfindən çəkilən sualtı kabel xətlərinin sayı artır, internetə olan tələbat iri internet operatorları və kontent provayderlərini qitələr arasında uzunluğu minlərlə kilometr olan infrastruktur şəbəkəsi yaratmağa sövq edir. Məsələn, “Google” şirkətinin sahibi olduğu “Curie” kabel xəttinin uzunluğu 10.476 km dir. Kabel xətti ABŞ-ın Los-Anceles şəhərindən Panamanın Bilbao şəhəri və Çilinin Valparaiso şəhərləri arasında çəkilib. Məlumat ötürmə gücü 72 terabit/s.dır. “Facebook”, “Microsoft” və “Telxius” şirkətlərinin birgə sahib olduqları və 2018-ci ildə istismara verilmiş 6605 km uzunluğunda olan “MAREA” kabeli isə ABŞ-ın Virciniya sahilindən İspaniyanın Bilbao şəhərinə qədər uzanır. Məlumat ötürmə gücü 160 terabit/s təşkil edir. “Amazon”, “Facebook”, “NTT Communications”, “PLDT”, “PCCW Global” və “SoftBank” şirkətlərinin birgə sahibi olduqları “JUPITER” magistral kabelinin uzunluğu 14.557 km, məlumat ötürmə gücü isə 60 terabit/s təşkil edir. Həmçinin ölkələri birləşdirən qısa kabel xətləri də var. Məsələn, 2012-ci ildə istismara verilmiş, 131 km uzunluğunda olan “Celtix-Connect-1” dənizaltı kabel xətti Böyük Britaniya ilə İrlandiyanı birləşdirir.

Azərbaycan Avropa ilə Asiyanı “Rəqəmsal İpək Yolu” ilə birləşdirəcək

Onu da qeyd edək ki, hazırda Xəzər dənizinin dibi ilə də magistral fiber-optik kabel xətlərinin çəkilməsi layihəsi gündəmdədir. Transxəzər Fiber-Optik kabel xətti adlanan layihə 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkəti tərəfindən irəli sürülüb. “Azerbaijan Digital Hub” proqramı çərçivəsində icra olunan layihə iki marşrutdan-Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir. Layihənin icrası ilə Azərbaycanın da adı artıq dünyada sualtı internet kabel infrastrukturuna sahib olan ölkələrin siyahısına əlavə ediləcək. Azərbaycanla Orta Asiya ölkələri (Qazaxıstan və Türkmənistan) arasında Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər Fiber Optik kabel xətləri təkcə Xəzərin Şərq və Qərb sahillərində yerləşən dövlətləri deyil, ümumilikdə Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirəcək və tarixi İpək Yolunun üzərində Azərbaycan üzərindən “Rəqəmsal İpək Yolu”nu formalaşdıracaq. Bu, Asiya ökələrinin internetə artan ehtiyaclarının Azərbaycan vasitəsilə təmin edilməsinə imkan verəcək, Azərbaycanın regionun rəqəmsal mərkəzinə (Digital Hub) çevrilməsinə şərait yaradacaq. Xəzərin dibi ilə optik xəttin çəkilişi 370 kilometr uzunluqda olacaq. Qazaxıstan və Azərbaycanın rabitə operatorlarının investisiyaları 50,6 milyon dollar həcmdə qiymətləndirilir.

Azərbaycan və Qazaxıstan arasında dənizin dibi ilə Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilməsi üçün bu il əməli işlərə başlanılması gözlənilir. Bu günlərdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də bu məsələyə toxunaraq qeyd edib ki, 2025-ci ildə Xəzər dənizi ilə fiber-optik kabel xəttinin çəkilməsi layihəsi başa çatacaq: “Bu, beynəlxalq dəhlizlərə və transsərhəd məlumat axınları ilə əlaqəli rəqəmsal infrastrukturun yaradılması baxımından ölkəmiz üçün son dərəcə vacibdir. Ümumiyyətlə, biz telekommunikasiya şəbəkələrinin və məlumat mərkəzlərinin fəal inkişafını davam etdirməli, qlobal kibertəhlükəsizlik standartlarını tətbiq etməli, mütəxəssislərimizin səriştəsini artırmalıyıq”.

Xatırladaq ki, 19 mart 2019-cu ildə “Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında Azərbaycanın və Qazaxıstanın rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş imzalanıb və daha sonra hər iki ölkə rəhbərliyi tərəfindən təsdiq edilib. Layihə hər iki ölkə üçün strateji vacib layihə olacaq və Avropa ilə Asiya arasında tranzit ehtiyaclarını tamamilə ödəyəcək. “Rəqəmsal İpək Yolu” layihəsinin Asiya seqmentini Avropaya bağlayacaq Azərbaycan hissəsində də icra işləri sürətlə davam edir. Onu da qeyd edək ki, hazırda Türk Dövlətləri Təşkilatı tərəfindən layihəyə mühüm maraq var. “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda da Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə olaraq qeyd olunub. Layihə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.

Sevinc Azadi, “İki sahil”