Almaniyanın Bavariya əyalətindəki Aşaffenburq qəsəbəsində bıçaqlı hücum nəticəsində həlak olan 2 yaşlı uşağın və 41 yaşlı şəxsin xatirəsinin anım mərasimi keçirilib.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, anım mərasimində Almaniyanın federal daxili işlər naziri Nensi Fezer, mədəniyyət naziri Klaudia Rot, Bavariya əyalətinin Baş naziri Markus Söder (CSU) də iştirak ediblər.
Markus Söder bildirib ki, belə hadisələr cəmiyyətdə parçalanmaya səbəb olmamalıdır. O, yaxşılıq və pisliyin etnik, milli və dini mənsubiyyətdən asılı olmadığını qeyd edib.
Mərasimdə qanlı hücumun qarşısını almağa çalışarkən aldığı xəsarətlər nəticəsində həlak olan 41 yaşlı şəxsin ölümündən sonra Bavariya Xilasetmə Medalı ilə təltif ediləcəyi elan olunub.
Xatırladaq ki, yanvarın 22-də Enamullah O. adlı 28 yaşlı əfqan miqrant aralarında uşaqların da olduğu bir qrup şəxsə hücum edib. Hücum zamanı iki nəfər həlak olub, üç nəfər xəsarət alıb. Dərhal saxlanılan həmin şəxsin əvvəllər də bir neçə cinayət əməli törətdiyi müəyyən edilib. Bu hadisədən sonra Almaniyanın rəsmiləri və aparıcı siyasi partiyaların rəhbərləri ölkədə qanunsuz miqrasiyaya qarşı təcili və sərt tədbirlərin görülməsini tələb ediblər.