19 fevral 2025 08:13
137

Keçmiş məcburi köçkün: Allahdan arzu edirəm ki, Cəbrayılda yaşamaq üçün bir-iki il ömür versin

Allahdan arzu edirəm ki, Cəbrayılda yaşamaq üçün heç olmasa bir-iki il ömür versin.

“İki sahil” xəbər verir ki, bunu Cəbrayıl sakini, keçmiş məcburi köçkün Zəri Teymurova deyib.

“Cəbrayıla çatan kimi kəndimizi ziyarət edəcəyəm. Kəndə gedib dünyasını dəyişmiş doğmalarımın məzarlarını ziyarət edəcəyəm. Kəndimiz üçün çox darıxmışdım”, - o bildirib.

Keçmiş məcburi köçkün vurğulayıb ki, sevincinin həddi, hüdudu yoxdur:

“Uzun illər davam edən həsrətdən sonra Cəbrayıla həyat yoldaşım və övladlarımla qayıdıram. Allahdan arzu edirəm ki, orada yaşamaq üçün heç olmasa bir-iki il ömür versin. Ömrümüzün bundan sonrakı hissəsini orada keçirək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə daha 37 ailə - 212 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.