Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında daha da möhkəmlənən qardaşlıq münasibətləri və regionumuzun inkişafına ciddi töhfə verən intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərir.
“İki sahil” xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masada deyib.
Hər iki ölkə liderlərinin qarşılıqlı səfərlərinin dövlətlərimiz arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisə olduğuna diqqətçəkən icraçı direktor qeyd edib ki, bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və Türkiyə xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür.
“Bizim ortaq dəyərlərimiz və bir-birini tamamlayan məqsədlərimiz əlaqələrimizi gücləndirməklə yanaşı, cəmiyyətlərimizi informasiya ilə təmin etmək kimi vacib funksiyanı yerinə yetirən yerli medianın fəaliyyətində də canlanma yaradıb, ölkələrimizin media nümayəndələrinin, subyektlərinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib”, - deyə Ə.İsmayılov bildirib.