Millət vəkili Elman Nəsirov: Zəngəzurun Ermənistana verilməsi Rusiya imperiyasının xalqımıza qarşı cinayəti, türk həmrəyliyinə vurulan zərbə idi
XIX-XX yüzilliklər bir çox dövlətlərin, o cümlədən Azərbaycanın taleyində mühüm siyasi, təlatümlü hadisələrlə yadda qalmışdır. Həmin dövrlərdə Rusiya imperiyası Cənubi Qafqaza gəlmə olan nökərləri -ermənilərə havadarlıq edərək qonşu dövlətlərin, o cümlədən Azərbaycanın əraziləri hesabına qondarma Ermənistan yaratdı. Sovet hakimiyyəti illərində bölgədə ermənilərin möhkəmlənməsi üçün Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə qatıldı. Bununla kifayətlənməyən ermənilər hətta Dağlıq Qarabağa da iddialı olduqlarını bildirirdilər. O hadisələri təcrübəli dövlət xadimi, tarixi şəxsiyyət kimi təhlil edən Ulu Öndər Heydər Əliyevin «Məhz buna görə də Naxçıvanın Azərbaycanın tərkibində olması üçün 1921-ci ildə referendum keçirildi və Naxçıvan əhalisinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində olmasına səs verdi» sözlərinin dəyəri bu günlərdə daha çox hiss olunur.
Azərbaycanın müqəddəratının həll olunduğu o dövrdə dövlətimizin milli mənafelərini qoruyanların xidmətlərini həmişə yüksək qiymətləndirən Ulu Öndər Moskvada, Qarsda imzalanan müqavilələri əsl vətənpərvərlik, fədakarlıq adlandırırdı. O dövrdə Naxçıvanı öz əraziləri hesab edən ermənilər bu torpaqlara sahib olmaq niyyətlərini açıq-aşkar söyləyirdilər və məqsədlərinə çatmaq üçün havadarlarından dəstək alırdılar. Sovet hakimiyyəti yeni qurulan zaman Zəngəzur mahalının və Araz sahilindəki Mehrinin Ermənistana verilməsi Azərbaycana qarşı ədalətsizliyin daha bir nümunəsi idi. Tarixi nöqteyi- nəzərdən çox ağır, gərgin bir dövrdə Azərbaycan torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qorumaq üçün böyük nailiyyət əldə edilmiş, bu qədim diyara muxtariyyət verilmişdir. «…Xatirimdədir, 1992-ci ilin mart ayında mən Naxçıvanda Ali Məclisin Sədri olarkən Türkiyəyə səfər etdiyim zaman orada mərhum prezident Turqut Özalla, o vaxtkı Baş nazir Süleyman Dəmirəllə danışıqlarımızda həmin Qars və Moskva müqavilələrini biz çox geniş səsləndirdik. Uzun bir fasilədən sonra Türkiyə Cümhuriyyətinin başçıları, xüsusən Baş nazir Süleyman Dəmirəl bütün mətbuat qarşısında bəyan etdi ki, Moskva və Qars müqavilələrinə görə, Naxçıvan Muxtar Respublikasının statusunda əgər bir dəyişiklik edilərsə, Türkiyə burada səs sahibidir. Bu, həqiqətən də belədir. Çünki həm Qars müqaviləsini, həm də Moskva müqaviləsini imzalayan bir tərəf də Türkiyə idi» söyləyən Ulu Öndər Qars müqaviləsini təzələməklə hazırda Zəngəzur dəhlizinin gerçəkləşməsi istiqamətində atılan addımların təməlini qoydu. Aradan uzun zaman keçsə də Türkiyə o vaxt olduğu kimi, indi də dünyanın böyük, müstəqil dövləti kimi, daim Azərbaycanın yanındadır və Naxçıvan Muxtar Respublikasının qarantı rolunu davam etdirir. Bütün bunlar bizim tariximizin səhifələridir.
Bəllidir ki, Zəngəzur dəhlizinin açılması muxtar respublikanın inkişafına daha böyük töhfələr verəcək. Prezident İlham Əliyevin qətiyyəti sayəsində 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata, Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsinə Zəngəzur dəhlizi ilə bağlı bəndlərin salınması dövlət başçımızın siyasi iradəsinin, qətiyyətinin nəticəsi idi. Zəngəzur dəhlizinin açılması ilə bağlı dövlət başçımızın yeritdiyi siyasətin, onun diplomatiyasının dünya birliyi tərəfindən dəstəklənməsi Azərbaycanın siyasi , iqtisadi uğuru olmaqla, muxtar respublikanın Avropaya açılan qapı statusunun gerçəkləşməsi, Orta Dəhliz layihəsinin əsas tərəfdaşı və iştirakçısı olan ölkəmizin önəminin artması, türk dünyasının birlik və həmrəyliyinə etibarlı zəmanətdir.
Artıq Qarabağda, Şərqi Zəngəzurda, o cümlədən Şuşada, Laçında, Xankəndidə, işğaldan azad edilmiş digər şəhər və rayonlarda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Bu Qayıdış Qərbi Azərbaycana dönüşün də müjdəçisidir. Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında Azərbaycanla həmrəyliyini «Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”!» sözləri ilə ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın” vurğuladığı kimi, Naxçıvanı Azərbaycana birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi çevrələrdəki qorxu və əndişələr yersizdir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Azərbaycan ortaya güclü iradə qoyduğu üçün bütün işlər plan üzrə gedir. İrəvanda isə Zəngəzur dəhlizi ilə bağlı təlaş səngimir. İctimaiyyəti aldadaraq Azərbaycanla dəhliz məsələsinin müzakirə edilmədiyini deyən hakim qüvvələr bildirirlər ki, onun statusu və mexanizmi mübahisəlidir. Amma Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla kimin nə düşünməsindən asılı olmayaraq Zəngəzur dəhlizi Azərbaycanın və Türkiyənin istədiyi bir formada və şərtlər çərçivəsində bərpa ediləcək. Vəziyyətin daha da dramatikləşdiyini nəzərə alan haylar anlamalıdırlar ki, artıq vaxt onların zərərinə işləyir. Çünki” Zəngəzur dəhlizinin bərpasını istəyən tərəfdaşların sayı artmaqdadır. Cənubi Qafqazda sabitliyin bərpasını təmin edəcək bu layihə ABŞ-ın, Avropa İttifaqının, həm də Çinin maraqları dairəsində olan kommunikasiyadır. Ermənistanda dəhliz ifadəsi təlaş, vəhimə yaratsa da Zəngəzur öz həqiqi sahiblərinə qovuşacaq. Paşinyanın gülünc «sülh kəsişməsi» layihəsi Azərbaycanın qətiyyəti qarşısında kağız parçası olaraq qalacaq. Reallıq budur ki, dəhlizin açılmasına mane olanlər təkcə Zəngəzuru deyil, bütövlükdə Ermənistanı itirəcəklər. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa –quruculuq işlərinin Zəngəzur dəhlizinə yaxın əraziləri də əhatə etməsi bu əminliyi yaradır ki, nəzərdə tutulan bütün kommunikasiyalar Azərbaycan və Türkiyə ərazisindən keçməlidir.
Milli Məclisin deputatı Elman Nəsirovun mövzu ilə bağlı «İki sahil» qəzetinə açıqlamasında vurğuladığı kimi, Zəngəzurun Ermənistana verilməsi rus imperiyasının xalqımıza qarşı ciddi xəyanəti idi: «1920 – cil il reallığında Qərbi Zəngəzurun Azərbaycandan qopardılıb Ermənistana verilməsi nəticə etibarilə türk dünyasının coğrafiyasına bir zərbə, türk dünyasının bütövlüyünə arxadan endirilmiş bir xəncər idi. İki qardaş xalq arasında bağlantı süni şəkildə, bilərəkdən pozuldu. Antitürk qüvvələr iki qardaş xalq arasındakı körpünü yandırdıqlarını zənn etsələr də zaman haqqı, ədaləti bərpa edir. Tarixin təkəri geri dönür. Dəhlizin açılması naminə qətiyyət göstərən Prezident İlham Əliyev siyasəti ilə sübut edir ki, bu dünyada əbədi heç nə yoxdur. Yalan ayaq tutsa da yerimədi.»
İkinci Qarabağ müharibəsindəki Zəfərimizi erməni vandalizminin, terrorunun, faşizminin məhvi adlandıran millət vəkili Ermənistanın işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunmasını Zəngəzura uzanan yol adlandıraraq bu yolun uğurla başa çatacağına da əminliyini ifadə etdi: « Artıq ərazi bütövlüyümüz, suverenliyimiz tam qəti və əbədi şəkildə təmin edilib. Yenilməz ordumuz bu qabiliyyəti təmin edib və sərhədlərimizin keşiyində möhkəm dayanmaqdadır. Növbəti hədəfimiz isə Zəngəzur dəhlizinin işə salınması ilə bağlıdır. Əslində 2020-ci il üçtərəfli Bəyanatın 9-cu bəndi bunu həyata keçirmək üçün tam səlahiyyətlər verir. Amma Ermənistanın siyasi rəhbərliyi Fransa Prezidenti Emmanuel Makorunun çaldığı havaya oynayır.»
Türk birliyinin və həmrəyliyinin getdikcə güclənən qüdrətindən vahimələnən Ermənistanın xəyanətlərinin baş tutmayacağını bildirən Elman Nəsirov hayların ikili siyasətinin fayda verməyəcəyini Prezident İlham Əliyevin aşağıdakı sözlərini nümunə gətirməklə diqqətə çatdırdı: «Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq.»
Həmsöhbətimiz bildirdi ki, Ermənistan və havadarları ciddi- cəhdlə Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışırlar. Azərbaycanla imzalanacaq sülh müqaviləsindən danışan Paşinyan az müddətdən sonra prosesə əngəl törədəcək sərsəm bəyanatlar səsləndirir. Haylar unudurlar ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün hava- su kimi lazımdır. Naxçıvan Muxtar Respublikasından keçməklə Türkiyəyə uzanacaq dəmir və avtomobil yollarının gerçəkləşməsi ilə Ermənistan blokadadan çıxacaq. Turan yolunun davamı olacaq dəhlizin açılmasından qorxan erməni havadarları Ermənistanı silahlandırmaqla, müharibəyə hazırlaşdırmaqla bu nəqliyyat infrastrukturunun bərpasını ləngitsələr də söz yenə də Azərbaycanın olacaq.
Yelisey Sarayının əl buyruqçusu kimi idarə olunan Ermənistan revanşistləri bu cür dəstəkdən ruhlanaraq «Bəlkə də qaytardılar!» sevdası ilə yaşayırlar. Bu niyyətin baş tutmayacağını bildirən millət vəkili əminliklə vurğuladı ki, hadisələrin gedişi, dünyada baş verən qlobal proseslər göstərir ki, bu cəhdlərin heç bir mənası yoxdur: «Ermənistan tərəfi çox gözəl bilir ki, Prezident İlham Əliyevin sözü imzası qədər gücə malikdir. Dəfələrlə söyləyib ki, biz Zəngəzura sülhməramlı məqsədlə qayıdacağıq. Bu gec- tez olacaq. Son çıxışlarının birində dövlətimizin başçısı israrlı şəkildə qeyd etdi ki, bizim alternativ yollarmız da var. Amma biz qısa yolu, yəni Zəngəzur yolunu qoyub niyə digər yollar axtarmalıyıq? Niyə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yol əlaqəsi başqa bir dövlətin daha uzun yolu hesabına reallaşdırılmalıdır. Xeyir, bizim aydın məqsədimiz var və bu heç kimin təhülkəsi əleyhinə yönəlməyib. Biz istəyirik ki, Zəngəzur dəhlizi çox rahat şəkildə işləsin və yüklərin, insanların daşınması həyata keçirilsin. Burada kimə təhdid var, kimə təzyiq var? Amma Ermənistan dediyim kimi, hələ ikibaşlı oyun oynayır. Ancaq yəqin ki, o gün uzaqda deyil, necə ki, Ali Baş Komandan qarşısına qoyduğu bütün hədəflərə çatıb, deməli Zəngəzur dəhlizinin açılması da zamanla həllini tapacaq. Ermənistan bunu nə qədər tez dərk etsə bölgədə sabitlik də tezliklə bərpa olunacaq.
Xuraman İsmayılqızı, «İki sahil»