21 fevral 2025 10:15
132

Başı daşdan-daşa dəyən Paşinyanın ağlı kəssə…

Qırx dörd günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində önəmli səylər göstərən Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmsı, eləcə də bölgədə sabitliyin və təhlükəsizliyin davamlı olması üçün mühüm addımlar atır. Milli maraqların təmin edilməsinə uyğun siyasət yürüdən, bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı mənfəət əsasında quran rəsmi Bakı İrəvanla münasibətlərin normallaşdırılması, iki ölkə arasında şərti dövlət sərhədinin delimitasiyası, demarkasiyası, yekun sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı danışıqları davam etdirmək əzmindədir.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında bu ölkə ilə sülh müqaviləsi imzalamaq istəyindədir. Ermənistanla münasibətlərin normallaşmasında əsas olacaq 5 əsas prinsipi irəli sürən rəsmi Bakı qeyd edir ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.

Bütün bunların fonunda əsl reallıqları qiymətləndirə bilməyən, ayrı-ayrı güc mərkəzlərinin sifarişlərini yerinə yetirən, regionda maraqları olan bəzi ölkələrin himayəsinə bel bağlayan, sülh prosesini siyasi alver predmetinə çevirmək istəyən, müstəqil xarici siyasət yürüdə bilməyən Ermənistan uzun müddətdən bəridir ki, müxtəlif bəhanələrlə sülh prosesindən yayınır.

2023-cü ilin dekabrında dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə özünün gərəksiz “Sülh kəsişməsi” layihəsini təqdim edən Hayastanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, əsas məsələ Ermənistanla Azərbaycan arasında sülhün nə dərəcədə mümkün olması və bunun hansı prinsiplər çərçivəsində baş verməsidir. O, qeyd etmişdi ki, güya Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsip razılaşdırılıb. Onun sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq. Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır-Ermənistan Respublikasının ərazisinin 29,8 min kvadratmetr, Azərbaycanın isə 86,600 kv. km olduğunu qəbul edərək.  Onun sözlərinə görə, ikinci prinsip ondan ibarətdir ki, Almatı Bəyannaməsi dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün əsas olmalıdır. Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır. Baş nazirin fikrincə, bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir. Baş nazir deyəsən, o zaman unutmuşdu ki, Azərbaycan hələ bundan xeyli əvvəl Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi İrəvana 5 baza prinsipini təklif edib.

Hazırda dünyada baş verən geosiyasi proseslərin Ermənistana ciddi təsir edəcəyini hiss edən, “Zelenski-2” yə çevrilərək taleyin ümidinə buraxılmaqdan qorxan, Münxen Təhlükəsizlik Konfransında fiaskoya uğrayan, Vaşinqton tərəfindən heçə sayılan, Rusiyanın qəzəbinə tuş gələn Nikol Paşinyanın deyəsən ağlı yavaş- yavaş başına gəlir. Belə ki, Ermənistan baş naziri fevralın 20-də xalqa müraciətində ölkədə Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib. O, video-müraciətində sülhə ayrıca bölmə həsr edib.

Politoloq Elxan Şahinoğlu bildirib ki, N.Paşinyan referendumu il ərzində keçirərsə, bu, Azərbaycanla sülh sazişinin imzalanması ehtimalını artıracaq: “Paşinyanın sülhə həsr etdiyi bölmə onun etirafıdır ki, Ermənistan gah Rusiya, gah Fransa, gah da ABŞ-a arxalanaraq təhlükəsizliyini təmin edə bilməyəcək, ermənilər üçün sülhün yeganə təminatı qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə normal münasibətlərin yaradılmasıdır. Bunun üçün isə birincisi, Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddalarını ehtiva edən bəndləri çıxarmalı, ikincisi, Zəngəzur dəhlizinin reallaşmasına şərait yaratmalı, üçüncüsü, sərhədin “monitorinqi” adı altında Ermənistanda yerləşdirdiyi Qərbin hərbi heyətinin fəaliyyətinə ehtiyac olmadığını bəyan etməlidir. Bunlar edilərsə, Paşinyan ümid etdiyi regional sülhü yaxınlaşdıra bilər”.

Zahid Rza, “İki sahil”