İyirminci əsrdə bəşəriyyət Xocalı soyqırımı kimi dəhşətli faciə görməyib. 1992-ci il fevralın 26-na keçən gecə dinc xocalıların üstünə zirehli texnika və artilleriya ilə hücum edən birləşmiş quldur qüvvələr şəhərin əliyalın əhalisini insanlıqla bir araya sığmayan ən amansız şəkildə qırıb-çatdılar. Cəlladlar qocalara, körpə uşaqlara,xəstələrə, qadınlara belə aman vermədilər. Birləşmiş qüvvələr ona görə deyirik ki, yüzlərlə erməni qanunsuz yaraqlıları ilə birlikdə keçmiş sovet ordusunun Xankəndidə dislokasia olunan 366-cı motoatıcı alayı da bu qanlı qırğında fəal iştirak edirdi. Bu alayın zabitlərindən bir çoxu ermənilər idi. Sonralar Ermənistanın müdafiə naziri olmuş mayor Seyran Ohanyan alaydakı batalyonlardan birinin komandiri kimi günahsız xocalıların qəddarlıqla öldürülməsinə şəxsən əmr vermiş və özü də bu çirkin əməllərin icraçılarından biri olmuşdu.O zaman Azərbaycan informasiya blokadasına alındığından əsl həqiqətlər dünya ictimaiyyətindən gizli saxlanılırdı. Ancaq bu, uzun sürmədi. 1993-cü ilin iyununda ulu öndərimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra dünya ölkələrinə Xocalıda baş verən qətliam haqqında müfəssəl məlumatlar verildi. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ermənilərin azərbaycanlıların vəhşi obrazı haqqında yaydıqları 200 illik yalan informasiyalar puça çıxarıldı. Dünya Azərbaycanın haqlı mövqeyini tanımağa və qəbul etməyə başladı. Artıq İslam Konfransı Təşkilatına daxil 7 olan ölkə Xocalı soyqırımını rəsmi olaraq qəbul edib. Cənubi Amerika qitəsi ölkələrinin Xocalı soyqırımını tanıması dövlətimizin bu istiqamətdə apardığı gərgin işin miqyasını aydın göstərir.Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan,İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanıyıblar.Habelə ABŞ-ın artıq 21 ştatı - Massaçusets, Texas, Nyu Cersi, Meyn, Nyu Meksika, Arkanzas,Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub. Bütün bunlar diplomatiyamızın dünyada haqq səsimizin eşidilməsində apardığı məqsədyönlü işlərin fərəhli nəticəsidir və bu iş uğurla davam etdirilir.Göründüyü kimi, zaman keçdikcə Xocalıda erməni vandalları tərəfindən törədilən vəhşiliklər və əsl həqiqətlər dünya ölkələri tərəfindən olduğu kimi tanınır və ölkəmizin haqlı mövqeyi dövlətlər tərəfindən dəstəklənir. Bu isə bizim düşmən üzərində ən böyük qələbələrimizdən biridir.
30 ildən çox idi ki, fevral ayının sonuna yaxın hər birimizin Xocalı adlı ürək yaramıza sanki duz səpilirdi. Mətbuatda çoxlu yazılar yazır, o günahsız qurbanları kədərlə yad edirdik. Bu il isə biz onları sevinc göz yaşları ilə, başımızı dik tutaraq anırıq. Əminliklə ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı!
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaltdı və bununla da, keçdiyimiz enişli-yoxuşlu, qanlı-qadalı şərəf yolumuzun məntiqi nəticəsini təsdiqlədi. 30 ildən çox məkrli erməni xislətinə, dünya erməniliyinin havadarlarına, qərb “biganəliyinə”, dünya terrorizminin ən qanlı və murdar dəstələrinə, Eçmiədzin emissarlarının uydurduqları xristian təəssübkeşliyinə qarşı apardığımız mübarizənin çox vacib mərhələsi başa çatdı.2020-ci ilin payızında Azərbaycanın tarixi torpaqlarının işğalına son qoyuldu. ATƏT-in Minsk qrupu həmsədrlərinin “münaqişənin hərbi yolla həlli yoxdur” kimi 30 illik tezisi 44 gün ərzində darmadağın oldu və Cənubi Qafqazın geosiyasi arxitekturasında tam fərqli reallıq yarandı.Regionun iqtisadi potensialının 80 faizindən çoxuna malik olan Azərbaycanın, geosiyasi əhəmiyyəti istər Qarabağın təbii-mineral ehtiyatları, istərsə də Şimalla Cənub, Qərblə Şərq arasında mövcud nəqliyyatkommunikasiya və tranzit imkanlarının kəskin şəkildə artması baxımından Xəzər-Qara dəniz hövzəsi, Cənubi Qafqaz, Orta Asiya və hətta Yaxın Şərqdə daha da yüksəldi. Biz qalib gəldik, çünki onlardan bütün parametrlər üzrə, müqayisəyəgəlməz dərəcədə güclüyük. Regionda sabitliyin, təminatlı sülhün yaranması üçün olduqca əlverişli vəziyyətin yarandığını nəzərə alaraq yenə də öz sülhpərvərliyimizi nümayiş etdirdik.Xankəndidə Azərbaycan bayrağını ucaldarkən Prezidentimizin böyük qürur və eyni zamanda ürək ağrısı ilə söylədiyi kimi “Azərbaycan xalqı yaxşı bilir və əminəm, dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər”. Amma dünya şahid oldu ki, antiterror əməliyyatı ilə cəmi 23 saat kifayət etdi ki, Azərbaycan Bayrağı Xankəndi, Xocalı və Əsgəranda ucalsın!Ermənistana gəldikdə isə, işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran, 44 günlük müharibədə məğlubiyyət acısı yaşayan bir ölkədə dövlətin, cəmiyyətin bəlkə də qarşısıalınmaz çöküşü haqda ovqatın inama çevrilməsi prosesi - “deklinizm” hökm sürməyə başladığı bir vaxtda, məğlub Ermənistan sülh təklifini ən alternativ yol kimi qəbul etməli olduğu halda, erməni şairi E. Çarentsin təbirincə desək, erməni xisləti tam gücü ilə işə düşdü. Azərbaycanlılara qarşı 30 ildə etnik təmizləmə və kütləvi qırğınlar törətmiş Ermənistan rəhbərliyi, onların havadarları, qərb “insanpərvərləri” və xristian “təəssübkeşləri”ndən ibarət bir xor Azərbaycanı etnik təmizləmədə təqsirləndirməyə başladılar. Azərbaycanın Xankəndidə öz bayrağını ucaltdıqdan sonra “etnik təmizləmə” Ermənistanın çoxsaylı siyasilərinin dilindən, müxtəlif Avropa tribunallarından tez-tez səslənir.Hərçənd bu kəlməni ilk dəfə Ermənistan Prezidenti S. Sarkisyan 30 il əvvəl Tomas de Vaal adlı jurnalistin yazdığı “Qara Bağ” adlı kitabda səsləndirmişdi: “Tomas de Vaal: Mənə elə gəlir ki, sadəcə olaraq, siz adətən dəhliz qoyurdunuz ki... S. Sarkisyan: Bu, əsasən, Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi...” Əlavə şərhə ehtiyac yoxdur. Xocalı qətliamı əsil etnik təmizləmə idi və bu gün müxtəlif tribunalardan Azərbaycanı etnik təmizləmə siyasətində təqsirləndirən müxtəlif çeşidli Avropa siyasiləri Ermənistan prezidentinin əsil etnik təmizləmə siyasəti haqda etirafını görməzdən gəlir, anlamaq istəmirlər ki, ikili standartlarla erməni faşizmini stimullaşdırırlar.Təsadüfi deyil ki, acınacaqlı günlərində belə Ermənistan rəhbərliyi sülh təklifini xilas yolu kimi qəbul etməli olduqları halda, ərazi iddialarından əl çəkmək fikrindən uzaqdır və sülh sazişinin imzalanması yolunda süni maneələr yaratmaqdadır.Yuxarıda qeyd etmişdik ki, biz məkrli erməni xislətinə qarşı apardığımız mübarizənin çox vacib mərhələsini şərəflə başa çatdırdıq. Lakin mübarizə bitməyib, erməni faşizminin səsi hələ də eşidilməkdədir.Biz Xocalı faciəsini heç vaxt unutmamalıyıq. O məşum gecədə vəhşicəsinə qətlə yetirilən günahsız İnsanların – məsum körpələrin, qadınların, qocaların qisası alındı. Onların 30 il rahatlıq tapmayan ruhları şad oldu. Prezidentimizin hər birimizin ürəyindən gələn, hər birimizin adından səsləndirdiyi kimi “Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən Biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub”.Biz Xocalı faciəsini həm də ona görə unutmamalıyıq ki, bu faciə unutqanlığımızın cəzası olan növbəti dəhşətli bir xatırlatmadır. Bunları unutmağımızın bədəli, bir qayda olaraq çox ağır olur və biz bundan ciddi nəticələr çıxarmalıyıq. Çünki düşmənimizin xisləti dəyişməzdir. Ölkə rəhbərimiz Xocalı şəhərində Dövlət Bayrağını ucaldarkən demişdir: “Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir? Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində.”Biz də dəyişmirik, daha da mətinləşir, daha da güclənirik! Prezidentin dediyi kimi “...xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı.”Bəli! Əyilmədik, sınmadıq! Və heç vaxt əyilməyəcəyik! Sınmayacağıq! Qurub yaradacağıq! Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayında başlamış “Xocalıya ədalət!” kampaniyası, “Xocalıya böyük qayıdış”a çevrilməkdədir! Xalqımızın 7 fevral Prezident seçkilərində nümayiş etdirdiyi yekdillik və müdrik seçim onu deməyə əsas verir ki, 30 ildən çox matəmdə olan o torpaqlarda tezliklə şən həyat qaynayacaq!
Gülnar İmanova,
Bakı şəhəri, Xətai rayonu, 165№-li tam orta məktəbin tarix müəllimi