Dövlət başçısı İlham Əliyev Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşündə bildirdi ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur
Son dörd ildən artıq dövrdə hədəflərimiz sırasında azad edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrası dayanır. Dövlət başçısı İlham Əliyev fevralın 18-də bu torpaqlara səfəri çərçivəsində Ağdam rayonundan sonra Xankəndi şəhərində və Xocalı rayonunda oldu. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrası istiqamətində atılan addımlarla zəngin olur. 44 günlük İkinci Qarabağ müharibəsindən üç il sonra - 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpası ilə ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixində Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı, Xankəndi şəhərində Zəfər meydanından xalqa müraciət etdi. Həmin ilin noyabrında Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Ötən ilin martında dövlət başçısı İlham Əliyev Novruz tonqalını Xankəndi şəhərindərb Zəfər meydanında alovlandırdı. 2024-cü il fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində cənab İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdi.
Qısa müddətdə atılan addımların xronologiyası 30 illik torpaq həsrətindən sonra yaşadığımız qürur və sevinc hissinin aydın mənzərəsini yaradır. Tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atan Azərbaycan xalqı, eyni zamanda, qurucu xalq olduğunu nümayiş etdirir. Ermənilər illərdir apardıqları əsassız təbliğatlara uyğun olaraq özlərini bu torpaqların əsl sahibi kimi təqdim etməyə çalışsalar da hər daşı, qayası tarix olan bu torpaqlarımızda 30 illik işğal dövründə törədilən vəhşiliklər, dağıntılar onların yalanlarına şahidlik edir. 30 ildə bir daşı daş üstünə qoymayan, əksinə bütün tikililəri yerlə-yeksan edən ermənilər havadarlarının köməyinə arxalanaraq özlərində belə ümid yaradırdılar ki, Azərbaycan xalqı belə vəziyyətlə barışacaq, bu torpaqlar onlarda qalacaq. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin illərdir yaratdıqları bütün mifləri dağıtdı.
Cənab İlham Əliyev suverenliyimizin bərpasından sonra Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində bir daha diqqəti 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarına yönəldərək bildirdi ki, Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq: «Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır.» Həmin müraciətdə bu çağırış da səsləndirildi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Suverenliyimizin bərpasından ötən qısa müddətdə bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin miqyasının nə qədər böyük olduğu göz qabağındadır. Suverenliyimizin bərpasından səkkiz ay sonra Xocalı şəhəri ilk sakinlərini qarşıladı. Belə ki, ötən ilin 28 May-Müstəqillik Günündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Dövlətimizin başçısı və birinci xanım evlərin açarlarını sakinlərə təqdim etdilər.
Qeyd edək ki, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir.
Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunur. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınır. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur.
Xocalının Baş planını hazırlayarkən ilk növbədə, onun regiondakı mövqeyi nəzərə alınıb. Rayon çox strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu xüsusi qeyd edilməlidir. Bütün bunlar Xocalının gələcəyini bir nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir. Əsas çağırışlardan biri budur ki, Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Bərpa olunan evlər də vacib elementlərdən biridir. Şəhər mühitini canlandıran yeni nəqliyyat qovşağı vacib rol oynayacaq, mobilliyi artıracaq. Bu, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək. Bütün bunlar dinamik inkişafı təmin edən iqtisadi şaxələndirməyə imkan verəcək. Burada çox zəngin kənd təsərrüfatı torpaqları olduğunu nəzərə alaraq, şəhər daxilində kiçik aqropark yaradılması təklif olunur. Müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye, qida sənayesi obyektləri yaradılacaq, nəqliyyat və logistika ənənəvi əsas sektor olaraq inkişaf etdiriləcək.
Dövlət başçısı İlham Əliyev ötən il Xocalı sakinləri ilə görüşündə bu müjdəni də vermişdir ki, sentyabr ayında Xankəndi şəhərinə də köç başlayacaq. Qeyd edək ki, 2024-cü ildə Şuşa, Xankəndi, Xocalı, Kəlbəcər və Cəbrayıl şəhərlərinin sakinlərinə qovuşması nəzərdə tutulmuşdu. Şuşa, Cəbrayıl və Xocalı şəhərləri bu sevinci yaşadı. Hazırda Xankəndi, eyni zamanda, Ağdam şəhərində görülən işlərin miqyası bu əminliyi ifadə etməyə əsas verir ki, tezliklə qayıdış ünvanlarının sırasında Xankəndi və Ağdam şəhərlərini də görəcəyik. Diqqət çəkən məqam budur ki, azad edilmiş şəhərlərimizin hər biri Baş plan əsasında bərpa edilir. Müasir çağırışlara uyğun olaraq bütün işlər yüksək səviyyədə və nəzərdə tutulmuş vaxta başa çatdırılır. İşlərin səmərəliliyini artıran mühüm məqamlardan biri də bu ərazilərdə müasir idarəçilik sisteminin yaradılmasıdır. Ölkəmiz dünyaya yeni idarəetmə modelini təqdim edir. Cənab İlham Əliyev bildirir ki, kadr potensialı çox önəmlidir. Azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni, bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik.
Azad edilmiş ərazilərdə bərpa işlərinə başlanan ilk gündən kompleks tədbirlərin həyata keçirilməsi hədəflərə zamanında nail olmağa stimul verir. Cənab İlham Əliyevin təkcə sözügedən səfəri çərçivəsində açılışında, yaxud görülən işlərlə tanış olduğu sosial obyektlərin təməlinin qoyulduğu zamanlara diqqət yetirsək hər birinin qısa müddətdə icra olunduğunu görərik. Azərbaycanın iqtisadi və maliyyə imkanları bu işlərin qısa zamanda görülməsini şərtləndirir.
Dövlət başçısı İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra «Bulud» hotelinin açılışında iştirak etdi. İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni abidələrlə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan əsas prioritetlərdən biri də məhz bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı üçün zəruri təminatların yaradılmasıdır. Artıq son illər bu istiqamətdə genişmiqyaslı işlər görülür. Füzuli və Zəngilanda yaradılan, Laçında tikintisi davam edən beynəlxalq hava limanları, inşa olunan müasir hotellər və həyata keçirilən digər infrastruktur layihələri azad olunan ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin bu bölgələrə cəlb edilməsində mühüm rol oynayacaq.
Xankəndi şəhərində, həmçinin Zəfər parkının təməlqoyma mərasimi oldu. Bildirildi ki, Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub. Ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. Ümumilikdə ərazidən 279 min 416 kubmetr həcmində söküntü tullantılarının daşınması təmin olunub. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin və suverenliyimizin bərpasının əbədiləşdirilməsi istiqamətində biri-birindən mühüm addımlar atılır. Ölkəmizdə yaradılan Zəfər parkları xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzidir. Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Xankəndi şəhərində yaradılacaq Zəfər parkı tarixi Qələbəmizin yaddaşlarda yaşadılması, yaradılmış qəhrəmanlıq nümunələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyətə malikdir. Zəfər parkı Azərbaycanın gücünü, xalqımızın əzmini və azərbaycanlıların Vətən torpağına olan bağlılığını göstərən bir məkandır. Bu kimi təbliğat xarakteri daşıyan addımlar indiki və gələcək nəsillərin, ölkəmizə gələn qonaqların istər 30 illik işğal dövrünün reallıqları, istərsə də tarixi Zəfərimiz barədə zəngin məlumatlar əldə etmələrində bir mənbə rolunu oynayır. Bir sözlə, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi əsas prioritetlərdəndir.
Cənab İlham Əliyev səfər çərçivəsində Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə də tanış oldu. Qeyd edək ki, bu tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən videobağlantı vasitəsilə Xankəndi tikiş fabrikinin açılışı oldu. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilir. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq, iqtisadi tərəfdaşlıq əlaqələrini möhkəmləndirir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək.
Ötən il COP29 çərçivəsində dövlət başçısı İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşündə fabriki birliyimizin daha bir rəmzi kimi dəyərləndirərək qeyd etmişdir ki, özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır. Özbək qardaşlarımız isə yenə burada birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər.
İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri türk dünyasının birliyinin növbəti təqdimatı kimi dəyərləndirilir. Belə ki, tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işlərinə türk dövlətləri öz dəstəklərini göstərir. Bu sırada 2023-cü ilin avqustunda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın iştirakı ilə Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, ötən ilin martında Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını qeyd edə bilərik. Bu məktəblərin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Özbəkistanın növbəti addımı isə Xankəndi şəhərində tikiş fabrikinin inşası oldu.
Göründüyü kimi, tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından ötən qısa müddətdə sadalamaqla bitməyən genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib. Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının qısa müddətdə dünyaya açılması, üçüncü Laçın Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsinin planlaşdırılması bunun bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev bu reallıqlar fonunda bildirir ki, bu, doğrudan da böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğrudan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı. Əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq.
Dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərə səfəri Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlığı, sonra kəndə köçən bir qrup sakinlə görüşü ilə də yadda qaldı. Cənab İlham Əliyev sakinlərlə görüşündə bir daha bildirdi ki, keçmiş köçkünlər demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük: «Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir. İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində.»
Ballıca kəndinin bərpa edilən və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsi olduğunu vurğulayan cənab İlham Əliyev onu da əlavə etdi ki, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da ki, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar: «Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir və bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir…Burada insanlar rahat, təhlükəsiz və xoşbəxt yaşamalıdırlar. Bunun üçün Azərbaycan dövləti bundan sonra da hər şeyi edəcəkdir.»
Qeyd etdiklərimiz belə bir ümumiləşdirməyə əsas verir ki, şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır, doğma Qarabağımıza, Şərqi Zəngəzurumuza yenidən həyat qayıdır. Artıq minlərlə ailənin azad edilmiş şəhər və kəndlərə qayıdışı təmin olunub, onlara yeni evlərin açarları təqdim edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təxminən 30 min insan yaşayır. Hədəf 2026-cı ilədək bu sayı 140 minə çatdırmaqdır. Azərbaycan dövlətinin gücü, iqtisadi imkanları, xalqımızın birliyi bu hədəfə də yüksək səviyyədə nail olacağımıza əsas verir.
Yeganə Əliyeva, «İki sahil»