21 fevral 2025 09:21
176

Milli birliyimizin və mədəni irsimizin rəmzi

Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.

Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. Dil bir millətin kimliyini, tarixi yaddaşını və mədəni irsini yaşadan ən mühüm faktorlardan biridir. Keçmişinə bağlı olan, milli-mənəvi dəyərlərinə sahib çıxan xalqlar tarixin ağır sınaqlarından uğurla keçib, müstəqilliklərini və varlıqlarını qoruyub saxlaya biliblər. 

Azərbaycan xalqı zəngin tarixə, mədəniyyətə və ədəbiyyata malikdir. Tarix boyu müxtəlif çətinliklərlə üzləşsə də, milli kimliyini, dilini və mədəni irsini qorumağa müvəffəq olub. Məhz bu amillər Azərbaycanı bu gün inkişaf etmiş və xoşbəxt ölkələr sırasında qərarlaşdırıb.  Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması, iqtisadi və mədəni sahədə qazandığı nailiyyətlər bunun bariz sübutudur. Bütün bu uğurların əsasında milli kimliyə sahib çıxmaq, onu qorumaq və inkişaf etdirmək dayanır. 

Bu baxımdan hər bir azərbaycanlı dilinə, mədəniyyətinə və tarixinə sahib çıxmalı, onları gələcək nəsillərə ötürmək üçün əlindən gələni etməlidir. Ümummilli Lider gənclərə daim tövsiyə edirdi ki, tariximizi dərindən öyrənsinlər, milli-mənəvi dəyərlərimizə sahib çıxsınlar. Çünki xalqın kimliyi, varlığı onun dili, tarixi və mədəniyyəti ilə sıx bağlıdır. Bu çağırış bu gün də öz aktuallığını qoruyur və hər bir azərbaycanlının üzərinə məsuliyyət qoyur. Ulu Öndərin 2001-ci il 18 iyun tarixli “Azərbaycan dilinin tətbiqi işinin  təkmilləşdirilməsi haqqında”,  2001-ci il 9 avqust tarixli  “Azərbaycan əlifbası və  Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, eyni zamanda, milli mənəvi dəyərlərimizin qorunmasına xidmət edən 2001-ci il  13 avqust bəyanatı da deyilənlərin təsdiqidir. Gənc nəslin milli ruhda tərbiyə olunmasının prioritetliyi bütün dövrlərdə atılan addımlardan aydın görünür.

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Prezident İlham Əliyev  2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət yönəldərək konkret tapşırıqlarını verib.  “Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlətimizin başçısı qeyd edib ki,  bu sahəyə dövlət tərəfindən daima diqqət göstərilir. Cənab İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman da məhz bu məqsədə xidmət edir.

Sirr deyil ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi də inkaredilməz həqiqətlərdir. Bu gerçəkliklər dövlətimizin başçısının məlum Fərmanında da öz əksini tapıb ki,  mövcud  sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir. Məhz bu problemlərin həlli məqsədilə imzalanan sənədə əsasən dövlət dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradıldı.

Monitorinq Mərkəzinin yaradılması Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlardan biri oldu. Mərkəz ədəbi dilin norma və qaydalarına riayət olunmasına nəzarət etməklə yanaşı, dilin zənginləşdirilməsi, müasir dövrün tələblərinə uyğun inkişafı və kütləvi informasiya vasitələrində düzgün tətbiqinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Eyni zamanda, dilin saflığını qorumaq təkcə rəsmi qurumların deyil, hər bir vətəndaşın məsuliyyətidir. Cəmiyyətin bütün təbəqələri, xüsusilə media nümayəndələri, müəllimlər, alimlər və ziyalılar dilimizin düzgün və səlis istifadəsinə xüsusi diqqət yetirməli, gənc nəslə ədəbi dili sevdirib öyrətməlidirlər. Bu istiqamətdə görülən tədbirlər, maarifləndirmə işləri və ictimai nəzarətin gücləndirilməsi milli kimliyimizin əsas göstəricisi olan ana dilimizin qorunmasına və inkişafına mühüm töhfə verəcək.

Nigar Orucova, “İki sahil”