Rəsmi Vaşinqton və Kiyev nadir torpaq metalları üzrə saziş üzrə danışıqları davam etdirir.
“İki sahil” xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
Amerikalı məmur, eləcə də məsələdən birbaşa xəbərdar olan mənbə “Axios”a bildirib ki, ABŞ və Ukrayna rəsmiləri cümə günü səhərə kimi metallarla bağlı sövdələşməyə nail olmaq və münasibətlərin pisləşməsini dayandırmaq üçün danışıqlar aparıblar.
Mənbələr qərarın indi Ukrayna Prezidenti Volodimir Zelenskidən asılı olduğunu söyləyib. “O, təklifi rədd etsə, ABŞ və Ukrayna arasında böhran daha da dərinləşəcək. Amerikalı mənbə bunu “Ukrayna üçün olum və ya ölüm ssenarisi” adlandırıb”, - məlumatda vurğulanır.
Portal xatırladır ki, Zelenski ABŞ-nin maliyyə naziri Skott Bessent tərəfindən təqdim olunan sazişin ilk variantını rədd edib. İlkin layihəyə görə, ABŞ tərəfi mənfəətin 50 %-ni alacaqdı, üstəlik, orada Kiyev üçün təhlükəsizlik təminatları əks olunmamışdı.
ABŞ daha sonra sazişin yenidən işlənmiş variantını Ukrayna hökumətinə təhvil verib, ardından əlavə düzəlişlər də edib və layihəni cümə günü axşam Kiyevə göndərib. Lakin yenilənmiş sənədin məzmunu bəlli deyil.
Qeyd edək ki, ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq danışıqlar üçün hələ də Kiyevdədir.