İyulun 10-11-də İtaliyanın paytaxtı Romada Ukraynanın bərpasına dair konfransın keçirilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin Ukraynanın yenidən qurulması üzrə xüsusi nümayəndəsi Davide La Sesiliyanın rəhbərlik etdiyi missiyanın münaqişənin ildönümü ərəfəsində Kiyevə səfəri baş tutub. Səfər çərçivəsində konfransın təşkilinə dair hökumət və yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirilib.
Görüşlərdə Ukraynaya iqtisadi yardımın davam etdirilməsi, donor platformasının yenidən işə salınması, enerji, mülki, səhiyyə və təhsil infrastrukturunun gücləndirilməsi, iqtisadiyyatın bərpası üçün sosial şəraitin təşviq edilməsi və mədəni irsin mühafizəsi ilə bağlı müzakirələr aparılıb.
Bu, müharibənin başlanmasından bəri Ukraynanın bərpasına və uzunmüddətli yenidən qurulmasına həsr olunmuş illik yüksək səviyyəli siyasi tədbirlər silsiləsi çərçivəsində müxtəlif ölkələrdə keçirilən sayca 4-cü konfransı olacaq.