26 fevral 2025 00:48
89

Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi əsas çağırışlardandır

Dövlət başçısı İlham Əliyevin «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında» Fərmanı bu istiqamətdə atılan addımların tərkib hissəsidir

Dövlət başçısı İlham Əliyevin 25 fevral 2025-ci il tarixli «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında» Fərmanına uyğun olaraq «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti (QSC) yenidən təşkil ediləcək. Fərman dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə imzalandı.

Dəniz nəqliyyatı Xəzər hövzəsi ölkələri ilə əlaqə saxlanmasında və onlarda çıxarılan neftin Azərbaycandan keçməklə dünya bazarına çıxarılmasında böyük əhəmiyyət kəsb edir. Bakı təkcə respublikada yox, həm də Xəzər dənizində ən böyük limandır. Buna görə də bütün yüklər və sərnişinlər əsasən buradan daşınır. Sənədə əsasən, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək.

Son illərdə nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı üçün ölkə Prezidenti İlham Əliyev tərəfindən mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanıb. Bununla da dəmir yolunun tarixində yeni bir dövr başlayıb. Dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə hələ Prezident İlham Əliyev 2009-cu ildə «Azərbaycan Dəmir Yolları» QSC-nin yaradılması haqqında Sərəncam imzalamışdı.

Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz Fərmanı nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımların tərkib hissəsidir. Cənab İlham Əliyev bu ilin 28 yanvar tarixində nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə ölkəmizin son illərdə nəqliyyat sahəsində qazandığı uğurlardan geniş bəhs edərək diqqəti vacib layihələrdən biri olan yeni Dəniz Ticarət Limanının inşasına yönəltdi. Vurğuladı ki, köhnə limanı biz şəhərin mərkəzindən çıxardıq. İndi o ərazidə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək. Yəni, bu zona şəhərimizin ümumi inkişafına əlavə töhfə verəcək və vətəndaşlar da bundan faydalanacaqlar. Ağ Şəhər bulvarına bitişik olan bu istiqamətdə master-plan hazırlanır. O da bildirildi ki, yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulur. Ancaq yüklərin həcminin daha çox olacağı nəzərə alınaraq  beynəlxalq məsləhətçilər cəlb edilməsi ilə yeni layihə hazırlanacaq, limanın imkanları 25 milyon tona çatdırılacaq. Ola bilsin, bu da yetməsin. Çünki Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcmi o qədər sürətlə artır ki, bu işləri də bu artıma görə etməliyik. Bütün nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün dövlət başçısı İlham Əliyevin qərarı ilə yeni qurum - AZCON yaradıldı. Qurum bütün əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu, bütün bu məsələləri nəzərə alacaq.

Dövlət başçısı İlham Əliyev həmin müşavirədə Azərbaycanın tranzit ölkə kimi mövqeyini möhkəmləndirməsini şərtləndirən amillərə də diqqəti yönəltdi. Bildirdi ki, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Ona görə keçir ki, bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə «Azərbaycan Dəmir Yolları» QSC müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə ciddi yanaşır. Bu yöndə XXI əsrin əsas tikintilərindən olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu istifadəyə verildi. 2017-ci ildə istismara verilmiş dəmiryolu xətti Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmir yolu Azərbaycanla Türkiyəni birləşdirir. 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmir yolunun Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışı edildi. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir. Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir. O da məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və dəmir iradəsi ilə həyata keçirilib.

Mövcud yolların reabilitasiyası və müasirləşməsi, daşınma imkanlarının və qatarların sürətinin artırılması istiqamətində görülən işlər arasında Sumqayıt-Yalama dəmir yolu da xüsusi qeyd edilir. Bu yolun tikintisi artıq 80 faiz səviyyəsində təmin edilib və yaxın zamanlarda tam istifadəyə veriləcək. Gələcəkdə Şimal-Cənub dəhlizi üzrə yüklərin kəskin artacağı nəzərə alınaraq Ələt-Astara yolunun da genişləndirilməsi gündəlikdədir. Bu il artıq müəyyən vəsait də ayrılıb.

Azərbaycan şəhərləri arasındakı bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib. Bakı-Qəbələ, Bakı-Balakən və Bakı-Ağstafa dəmir yolları ölkəmizi qərb, şimal-qərb sərhədi və Qəbələ şəhəri ilə bağlayır.

Son dörd ildən artıq  dövrdə  işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da, digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb.

Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə nəqliyyat layihələrini icra etmişik. Əgər bunlar icra edilməsəydi, bu gün həm Bakı, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi.

Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikilən Beynəlxalq Hava limanlarına da yönəldir. Artıq 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanlarının açılışı oldu. Üçüncü Beynəlxalq Hava Limanı isə Laçın rayonu ərazisindədir və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu Beynəlxalq Hava limanları Azərbaycanın dünya birliyində roluna, möhkəmlənən mövqeyinə aydınlıq gətirir. Beynəlxalq status almış bu hava limanları işğaldan azad edilmiş ərazilərimizin turizm imkanlarından istifadəyə geniş imkanlar açacaq. 

Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.

Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu İnkişaf Konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü doğrultdu. Konkret konseptual proqramlar, düşünülmüş ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on ildə görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Məqsəd iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirməkdir.  Qeyd etdiyimiz kimi, Azərbaycanın tranzit imkanlarının artması onun əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri birləşdirici rola malikdir. Öncə regional çərçivədə başlayan əməkdaşlıq əlaqələrinin zaman keçdikcə coğrafiyası daha da genişlənir.

Prezident İlham Əliyev nəqliyyat sahəsində qazanılan uğurların təhlili fonunda hədəfləri açıqlayarkən bu çağırışı etdi ki, həyat yerində durmur. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb. O da məlumdur ki, nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədən sonra yanvarın 30-da dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı» təsdiqləndi. Dövlət Proqramında nəqliyyatın ayrı-ayrı istiqamətlərində əldə edilən uğurlar və hədəflər öz əksini tapıb. Vurğulanır ki, Azərbaycan yol infrastrukturunun keyfiyyəti üzrə MDB dövlətləri arasında birinci, dünyada isə 27-ci yerdə qərarlaşıb. Görülən işlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bir daha təsdiqlənir ki, Azərbaycan bütün sahələrdə zəngin təcrübəyə malikdir. Daim irəli baxır. Təkmilləşmə, yeniləşmə dövlət siyasətinin əsasında dayanır. Yol infrastrukturunun təkmilləşdirilməsi Qərblə Şərqin qovuşağında yerləşən Azərbaycanın gələcəkdə tranzit imkanlarının daha da artırılması üçün vacib amillərdən biridir.

Yeganə Əliyeva, «İki sahil»