Xoş gəldin on bir ayın sultanı...
Hacı Ağasəid Yaqubov: Oruc niyyət edərilək Allaha xatir tutulur
Xəbər verildiyi kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvaya görə, Ramazan ayının ilk günü martın 1-nə təsadüf edəcək. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası müqəddəs Ramazan ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarını təbrik edib, Uca Allah- Təaladan müqəddəs orucluq ayında ibadətlərin qəbula yetməsini diləyib.
Builki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcək. Fətvada qeyd olunur ki, şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir: “Allahın rəhmət və bərəkətinin gəlişinə görə oruclular üçün ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin Rəbbül-Alam tərəfindən yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindədir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarilə Novruz adətləri ilə eynidir. Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır.”
Qafqaz Müsəlmanları İdarəsinin “TəzəPir” məscidinin imamı, islamşünas Hacı Ağasəid Yaqubov mövzu ilə bağlı “İki sahil”in suallarını cavablandırır:
Hər ibadət ruhun ayrı bir qidasıdır
- Sabahdan müqəddəs Ramazan ayı başlayır. Mübarək ayın əhəmiyyətini oxucularımızla bölüşərdiniz.
- Müqəddəs Ramazan ayı 11 ayın sultanıdır. Allah-Təala bu ayı Ona iman edən insanlar üçün fəzilətli edir. Ramazan ayı və onun orucu İlahi əmridir, bu barədə Qurani-Kərimin “Bəqərə” surəsində belə buyurulur: "Ramazan ayı insanlara doğru yol göstərən və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun..." Ramazanın əhəmiyyətini dərk etmək üçün əvvəlcə Allaha inanasan. Ona görə Allahı tanıyan bəndələrə biz xitab edirik ki, Ramazan ayının mahiyyəti odur ki, bu ayda Allah-Təala insandan istəyir ki, insan bir az fərqli yaşasın. Yəni, hər günü yemək-içməklə keçən bir insan bu ayda fərqli yaşasın. Bu ayda insanlar oruc tutaraq digər əməlləri dəyərləndirir.
- Oruc tutmağın dəyərləri nədir?
- Hər ibadət ruhun ayrı bir qidasıdır. Həqiqi mənada tutulan orucun verdiyi feyz və ruhaniyyət isə çox qiymətlidir. Orucun əsl həqiqəti onun mənəvi, əxlaqi və ictimai dəyərlərində gizlidir. Belə ki, oruc – nemətlərin qədrini bildirərək könüllərdəki şükran duyğularını dərinləşdirir.
"TəzəPir” məscidinin imamı: Allah-Təala Ramazan ayını Ona iman edən insanlar üçün fəzilətli edir
İmsak vaxtı Ramazanda günün başlanğıcıdır
- İmsak və iftar vaxtlarının dində əhəmiyyəti nədən ibarətdir?
- Həzrəti Peyğəmbərimiz (s.a.s.) buyurur ki, sahura qalxın. Ramazan ayında sahura qalxan insanlar üçün mələklər istiğfar edirlər, həmin şəxslər üçün dua edirlər. İnsan sahura qalxmaqla səhəri oyaq qalmalı olur və bu vaxt dua etməklə həm də cənnət əhlinin xüsusiyyətlərini qazanmış olur. İmsak vaxtı Ramazanda günün başlanğıcıdır. Sübh azanından sonra Allah-Təala insanlara yemək-içməyi qadağan edir. Hər imsaka oyanmaq, adi süfrə hazırlamaqla sahur etmək sənin niyyətin hesab edilir. Ramazan ayında sağlam iftarın önəmi uzun bir oruc günündən sonra bədənin enerji tələbatını təmin edir. Sağlam və balanslı qidalar yorğunluq və halsızlığın qarşısını almağa kömək edir. Bu ayda müsəlmanların adətlərindən biri olan oruc tutanlara iftar verməyin çox böyük savabı vardır. İftarın savabı ev sahibinin öz orucunun savabından və möminin öz iftarına dəvətini qəbul etməyin savabı qonağın yetmiş günlük orucundan daha böyükdür.
-İmsaka oyanmadan tutulan oruc qəbul olunurmu?
- Hər imsaka oyanmaq, adi süfrə hazırlamaqla sahur etmək sənin niyyətin hesab edilir. Ümumilikdə deyə bilərəm ki, niyyət üçün ayrıca bir ayin icra olunmur. Sadəcə olaraq məqsəd bəlli olsun. Lakin sahura qalxmadan da oruc tutmaq mümkündür və mütləqdir. Axşam yatmazdan əvvəl tutacağın orucun niyyətini etməlisən. Ancaq imsaka oyanmaq Ramazan ayına ehtiram göstərmək, hörmətlə yanaşmaq deməkdir. Yəni, insan həqiqətən Allaha inanıb mübarək ayın filizini aparmaq istəyirsə imsaka oyansın, niyyət və dualar etsin. Peyğəmbərimiz (s.a.s.) buyurur ki, oyanıb dua edən insanlar üçün Allahın yaratdığı mələklər istiğfar edər.
Azanı eşidəndə ağzında yemək və ya su varsa...
- Sübh azanı eşidilən zaman qida qəbul etmək olarmı?
- Oruc tutan insan sübh azanını eşidəndə yeməyi dayandırmalıdır. Təbii ki, oruc tutan şəxs bu zaman ağzındakı loxmanı uda və ya suyu içə bilər.
Hər səhər sahura qədər niyyət etmək daha qəbulolunandır
- Ramazan ayının xüsusi niyyəti varmı? Hər gün niyyət edilməlidirmi?
- Ramazan ayının niyyəti sənə verilən sualın cavabıdır. Düşündüyün fikir Ramazan ayının niyyətidir. Sübh vaxtı, yaxud da ümumi Ramazan ayı boyunca oruc tutursansa niyyət edirsən ki, bir ay müddətinə oruc tutacağam. Ancaq belə niyyət etdikdə ay ərzində səfərə çıxmamalı, orucu pozmamalısan. Hər gün niyyət etdikdə isə səfər günlərində niyyətin pozulmur. Ümumilikdə hər səhər sahura qədər niyyət etmək daha qəbulolunandır.
Axşam yatmazdan əvvəl tutacağın orucun niyyətini etməlisən
DİQQƏT- Bu əməllər orucu batil edir!
- Orucu pozan məqamlar hansılarıdr?
- Orucu pozan bəzi əməllər var. Birinci növbədə yemək və içməkdir. Sonra cinsi yaxınlıq etmək. Daha sonra imalə etmək. Boğaz vasitəsilə çoxlu miqdarda toz qəbul etmək. Siqaret çəkmək də bura aiddir. Ən əsas amillərdən biri isə Allah və Həzrəti Peyğəmbər adından yalan danışmaqdır. Sübh azanına qədər boynunda vacib qüsul almaq varsa onu etməsən həmin gün tutduğun oruc batil hesab olunur. İnsan səfərdə olanda da orucu pozulur. Yəni, zöhr namazı səfər ərəfəsinə düşərsə oruc pozulur.
Qəsdən orucu pozmağa görə 2 ay əlavə oruc tutmalısan
Bir sözlə, səkkiz əməl orucu batil edir: Yemək və içmək, cima, istimna (yəni özü ilə məninin xaric olmasına səbəb olan bir iş görsə və ya başqası ilə cimadan geyri bir iş etməklə məni xaric etməsinə deyilir.), ehtiyat-vacibə əsasən Allaha, Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) və Peyğəmbərin canişinlərinə (ələyhimus-salam) yalan isdinad vermək (onların adından yalandan bir söz demək), ehtiyat-vacibə görə tozu boğaza yetişdirmək, sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq, axıcı şeylərlə imalə etmək, qəsdən qusmaq.
- Orucu bilə-bilə pozmaq olarmı?
- Bilə-bilə orucu pozmağın kəffarəsi var. Qəsdən orucu pozmağa görə 2 ay əlavə oruc tutmalısan.
- Bəs, kimlərə oruc tutmaq olmaz?
- Səhhətlərində problem olan insanlar oruc tutmaqdan məhrumdurlar. Xüsusən də şəkər, təzyiq xəstəliyi olan insanlar, ahıllar burada yer alırlar. Gələn Ramazan ayına qədər səhhəti düzəlməsə, şəfa tapmasa xəstəliyi davam edərsə həmin adamlar hər gün üçün müttəhab, yəni fəqirə bir nəfəri doyuracaq qədər yemək verməlidir. Azyaşlı uşaqların oruc tutmasına gəlincə qızlara 9-13 yaşa qədər, oğlanlara isə 13 yaşından 15 yaşadək oruc tutmamaları bağışlanır. Azyaşlıların oruc tutmaları həvəs xarakterlidir ki, öyrəşmək məqsədi daşıyır. Valideyn onlara icazə versə tuta bilərlər.
Arıqlamaq üçün yemək yemirəm demək, oruc tutmaq deyil
- Arıqlamaq üçün oruc tutmaq nə dərəcədə doğrudur?
- Arıqlamaq özü belə bir niyyətdir. Ancaq arıqlamaq üçün “mən yemək yemirəm” demək, oruc tutmaq deyil. Lakin ilahi bir iş olaraq bunu icra edirsənsə “mən oruc tuturam” deyirsən. Oruc niyyət edilərək Allaha xatir tutulur. Orucun ümumilikdə faydalarından biri də fiziki baxımındandır. Yəni, arıqlamaq üçün insanlar bəzi vaxtlarda pəhriz saxlayırlar. Onların həmin əməlləri oruc tutmaq sayılmır, çünki niyyət etməyiblər, Allah tərəfindən heç bir mükafatı yoxdur. İnsan pəhriz saxlaya bilər. Pəhriz saxlamaq şəriətdə də var. İnsan çox yeməməlidir, qidasına nəzər salmalı, düzən verməlidir. Əgər bir insan sübh azanından əvvəl, şam azanından sonra yesə həmin gün onun məqsədi oruc tutmağa hörmət etməkdir. Əgər əməli, niyyəti sağlamdırsa tutduğu oruc qəbul olunur, İnşallah Allah da onu qəbul edər. Əgər bir insan vaxta riayət etməsə bilin ki, onun əməli oruc deyil, arıqlamaq məqsədi daşıyır.
Oruc tutan şəxsin qan verməməsi daha uyğundur
- Qan vermək, yaxud bədən daxilinə qəbul olunan dərman orucu pozurmu?
- İmalə etmək olmaz. Lakin istər Ramazan ayı boyunca, istərsə də digər vaxtlarda oruc tutulanda bədənin səthinə dərman vasitələri vurmaq olar. Ağız, göz, burun, qulaq vasitəsilə dərman qəbul etmək olmaz. Damar və əzələ daxilinə dərman qəbulu mümkündür. Lakin bu vitamin, qida əlavəsi olmamalıdır. Qan vermək insanın halını pisləşdirə bilər. Çünki insan ac qalır, tutlan oruca bir zədə ola bilər. Orqanizm zəifləyib gücdən düşə bilər. Buna görə də Ramazan ayında qan vermək uyğun görünmür. Tibbi müayinə üçün qan verilə bilər.
- Ramazan ayında gündəlik dualar fərqlidirmi?
- Ramazan ayının hər gününə aid özünəməxsus duaları var. Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvimi QMİ-nin internet saytından (www.qafqazislam.com) əldə etmək olar.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”