Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin qərəzli bəyanatı Cənubi Qafqazda sabitliyin pozulmasına yönələn təxribatdır
Artıq keçmişdə qalmış, tarixə çevrilmiş qondarma Qarabağ münaqişəsi başlayan gündən sözdə Azərbaycanla Ermənistan arasında sülh yaranmasının tərəfdarı olduğun bildirən Avropa İttifaqı (Aİ) əslində sönən ocağı yenidən alovlandıran əməlləri ilə daim təcavüzkarı dəstəkləmişdir. Torpaqlarımız 30 il Ermənistanın işğalı altında qalanda Aİ, ATƏT, Avropa Şurası birmənalı olaraq rəsmi İrəvanı dəstəkləmişlər. İkinci Qarabağ müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra belə ikili standart siyasətini dəyişməyən bu qurumlar ölkəmizə qarşı təxribatlarını intensivləşdirmişlər. Guya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına «çalışan» xüsusilə Aİ-nin təşəbbüsü ilə təşkil olunan «Avropa Siyasi Birliyi»nin Zirvə toplantılarında ağızdolusu sülhdən danışan Avropa təsisatları Ermənistanı silahlandırmaqla ona siyasi dəstəklərini də artırır, Azərbaycan əleyhinə təxribatlarını mütəmadi davam etdirirlər. Bu dəstəyin ən son nümunəsi Aİ-nin Ermənistanda Mülki Müşahidə Missiyasını yerləşdirməsidir.
Çox təəssüf ki, Azərbaycan tərəfinə verilən vədlərə uyğun olmayan şərtlər əsasında yaradılan missiya Ermənistanla Azərbaycan arasında regional sabitliyin və etimadın gücləndirilməsinə dair öncədən bəyan edilmiş məqsədə xidmət etmir. Müşahidələr göstərir ki, missiyadan düşmənçilik yaymaq və əsassız azərbaycanofobiyanı qızışdırmaq üçün təxribat vasitəsi kimi geniş şəkildə istifadə edilir. Bu missiya Azərbaycana qarşı qərəzini açıq şəkildə nümayiş etdirir, saxta və yalan xəbərlərin yayılmasında vasitə kimi istifadə olunur. Təxribatları ilə Ermənistanı cəsarətləndirməyə davam edir və onu Azərbaycanla münasibətləri birdəfəlik normallaşdırmaq səylərindən çəkindirir.
«Binokl diplomatiyası» adlandırılan bu missiya Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə təxribatlar törətməklə məşğuldur. Aİ-nin Sülh Fondundan Ermənistan üçün ayrılan vəsaitin silah-sursat alınması üçün sərf olunduğu da gizli deyil.
Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Şarl Mişel regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini davam etdirəcəyini bildirsə də səlahiyyəti müddətində bu istiqamətdə heç bir təşəbbüs göstərməmişdir. Guya Laçın-Xankəndi yolunun bağlandığını bəhanə edən, Ermənistana dəstək göstərən Aİ -nin gizli yollarla erməniləri silah –sursatla təmin etməsi yaxın keçmişdə baş verən təxribatlardan yalnız biridir. Laçın dəhlizinin açıldığı müddətdə Aİ-nin vay-şivən qoparması da unudulmayıb. 2023-cü ilin mart ayının 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid oldu. Həmin ayın 20-də Müşahidə Missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində, Laçın-Xankəndi sərhəd – buraxılış məntəqəsindəki dirəyə Azərbaycan Bayrağını asan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunu yaralayan erməni əsgərinin bu hərəkəti də məqbul hesab edildi. Bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin, bu siyasəti dəstəkləyən Aİ-nin separatizmə dəstəyinin nəticəsi idi. Ümumiyyətlə, Avropa İttifaqı bilərəkdən bu günə qədər Ermənistanın bütün təxribatlarını ört-basdır edib və görməzdən gəlib. İstər 30 illik işğal dövründə, istərsə də sonrakı hadisələrdə Aİ tərəfindən Ermənistanın cinayətlərinə lazımi qiymət verilmədi, arada bir «Xala xətrin qalmasın» məsəlinə uyğun qəbul olunan qərarlar elə kağız üstündə qaldı.
O zaman sual yaranır: Avropada təsisatları demokratiya, insan haqlarının qorunması, sərhədlərin toxunulmazlığı prinsipini hansı meyarlarla ölçürlər. Cavab bəllidir. Ölkəmizə qarşı qərəzli yanaşan Avropa İttifaqının ədalətsizliyi anti-Azərbaycan mövqeyindən irəli gəlir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələrdə iştirakını təklif edən Aİ-nin təxribatları təşkilatın səlahiyyət prinisiplərinə uyğun gəlmir.
Artıq Avropa İttifaqı Şurasına Şarl Mişelin sələfi Antonio Koşta başçılıq edir. Təəssüf doğuran hal odur ki, sələflik vəzifəsinə tam «sadiq qalan» Koşta cənabları da Mişel kimi Azərbaycana tək gözlə baxıb. Bu baxımdan Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 2025-ci il 25 fevral tarixli bəyanatı ölkəmizə qarşı qarayaxma kampaniyasının növbəti nümunəsidir. Bəyanatda Azərbaycan əleyhinə səsləndirən absurd və tamamilə əsassız ittihamlar həm Ermənistanın, həm də Avropa Parlamentinin əsl mahiyyətini bir daha ortaya qoyur.
Azərbaycan Milli Məclisində Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatına münasibət bildirilib. Qeyd edilib ki, qurum Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində qeyri-səmimiliyini yenidən nümayiş etdirmiş oldu. Bəyanatda Ermənistanın təkidlə qurban kimi qələmə verilməsi dövlət siyasətini faşizm ideologiyası əsasında formalaşdıran işğalçıya dəstəkdir. Bu bəyanat işğal dövründə Azərbaycan xalqına qarşı cinayətlər, soyqırımlar, kütləvi qırğınlar törədən, bir milyona yaxın azərbaycanlını öz doğma yurdlarından, o cümlədən Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərdən qaçqın və məcburi köçkün vəziyyətinə salan Ermənistana Avropa İttifaqının baş tumarlaması, «binokl diplomatiyası»nın davamıdır.
Bütün dünya ictimaiyyəti təsdiqləyr ki, Ermənistan 30 il müddətində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayaraq, təbii ehtiyatlarını istismar edərək, mədəni sərvətlərini dağıdıb. Ölkəmizə milyardlarla ABŞ dolları dəyərində maddi ziyan vurulub. Azərbaycanlılara məxsus mədəni irs məhv edilib və yaxıd erməniləşdirilib. Bu cür əsaslı faktlar belə Aİ-da təmsil olunanları narahat etməyib. Təəssüflər olsun ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, nə Avropa İttifaqı, nə də onun parlament strukturu heç bir zaman Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırış etməyib. Bununla da faktiki olaraq da Azərbaycan ərazilərinin işğalını qanuni hesab edib. Demokratiyaya və ədalət prinsiplərinə cavab verməyən bu cür yanaşma, Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı çağırışların səsləndirilməsi Avropa təsisatlarında artıq kök salmış islamofobiya və azərbaycanofobiya meyillərinin təzahrüdür.
Erməni silahlı birləşmələrinin 30 ildə Azərbaycan xalqına qarşı törətdikləri hərbi cinayətləri, ölkəmizə vurulan maddi-mənəvi ziyanları, görməyən, işğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların partlaması nəticəsində həyatlarını itirən azərbaycanlıların müsibətlərini görməzdən gələn qurum irqi-ayrılıq siyasətlərini davam etdirir. Avropa Parlamentinin deputatları özlərini ermənilərin basdırdıqları , günahsız insanların ölümünə səbəb olan minaların törətdikləri bəlalardan da xəbərsiz kimi aparırlar.
30 il davam edən qondarma Dağlıq Qarabağ münaqişəsi dövründə itkin düşmüş dörd min nəfər azərbaycanlının taleyi ilə maraqlanmayan qurum 1980-ci illərin sonlarında Qərbi Aərbaycandan zorla qovulmuş təxminən 250 min azərbaycanlı qaçqının geri qayıtmaq hüququ barədə fikir söyləməyə cəsarət etmir. Əvəzində avropalılar sağlam məntiqi əks etdirməyən açıqlamaları ilə ermənipərəst mövqelərini ortaya qoyurlar.
Azərbaycanla rəsmi İrəvan arasında imzalanacaq sülh sazişinin əsas tələblərindən olan Ermənistanın Konstitusiyasında ərazi iddiaları bəndlərində düzəliş edilməsinin zəruriliyi ilə bağlı məsələyə biganəlik göstərən avropalı rəsmilər unudublar ki, Azərbaycan suveren, tam müstəqil ölkədir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil əməldə tam şəkildə tanımalıdır.
Bütün bunları nəzərə alaraq tam məsuliyyətlə demək olar ki, korrupsiyalaşmış Avropa İttifaqı Ermənistanla loyal münasibətləri ilə Cənubi Qafqazda sabitliyin gərginləşməsinə bilərəkdən şərait yaradır, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına maneçilik törədir. Avropa təsisatları sözdə deyil, əməldə Cənubi Qafqazda sabitliyi təşviq etmək istəyirlərsə Ermənistanın işğalçılıq siyasətini tənqid , Azərbaycan xalqına qarşı törədilən cinayətləri etiraf etməli, rəsmi İrəvanın revanşist siyasətini və militarizasiya cəhdlərini təşviq etməyən tarazlı və ədalətli yanaşmanı rəhbər tutmalıdırlar.
Xuraman İsmayılqızı, «İki sahil»