28 fevral 2025 23:15
111

Azərbaycan bütün dünyada yaxşı əlaqələr quran ölkə nümunəsini göstərir

Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirir və aid olduğumuz Cənubi Qafqaz, Xəzər regionunda etibarlı mövqe tutur

Prezident İlham Əliyev son 20 ilin hesabatı kimi dəyərləndirilən 7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində uğurlarımızın təhlili əsasında xarici siyasətdə qazanılan nəticələrdən geniş bəhs edərək bildirdi ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq.

Hazırkı dövrün mühüm çağırışlarından biri iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı birgə mübarizənin aparılmasıdır. Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər beynəlxalq səviyyədə təqdir edilir. Ötən il Azərbaycan ev sahibliyi etdiyi COP29 ilə hansı imkanlara malik olduğunu, nüfuzunu dünyaya təqdim etdi. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29 Azərbaycanın təqdimatı oldu. Azərbaycan bütün proses boyu inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Ölkəmiz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirildi. Ümumilikdə Azərbaycanın xarici siyasətində ayrı-ayrı dövlətlərlə ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulmasına və coğrafiyasının genişləndirilməsinə xüsusi diqqət göstərilir. COP29 bu hədəfə geniş imkanlar yaratdı. Bunu istər tədbir çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, istərsə də hazırkı dövrdə yeni yaradılan əməkdaşlıq formatları bir daha sübut edir. Cari ilin ötən dövründə qarşılıqlı səfərlər zamanı müzakirə edilən məsələlərə diqqət yetirsək yaşıl enerjiyə xüsusi önəm verildiyini görərik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, COP29-da ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi.

Çoxtərəflilik fonunda bu əsas məqamı da qeyd etməliyik ki, Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq, Türkiyə, Özbəkistan ilə Müttəfiqlik Bəyannaməsi imzalayıb. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə ölkəmizin əməli nəticələri, əməkdaşlıq proqramları var. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycanın iqlim konfransından sonra D-8 təşkilatına üzv qəbul olunması da onun çoxtərəfliliyin tərəfdarı olmasının göstəricilərindən biridir. Belə ki, bu təşkilat 30 il bundan əvvəl Türkiyənin təşəbbüsü ilə yaradılmış və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Azərbaycan 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etdi. Bu onu göstərir ki, ölkəmizin dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasəti həqiqətən də beynəlxalq arenada dəstəklənir. Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dönəmində yeni müstəviyə qədəm qoydu. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, əlbəttə, imkan verə bilmərik ki, bu qurum müəyyən dərəcədə tənəzzülə uğrasın. Əminəm ki, bu, olmayacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, Qoşulmama Hərəkatı bir təsisat kimi daha da güclənsin. Əgər üzv ölkələrin qarşısında duran problemlərin həllinə kömək göstərmək lazım olarsa, əlbəttə, biz bunu edəcəyik.

Azərbaycanın Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlar da göz qabağındadır. «Bizim ailəmiz türk dünyasıdır» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik. Azərbaycanın türk dünyasının birliyi yönümündə atdığı addımlar davamlılığı ilə diqqətdədir.

Azərbaycanın əlaqələrin inkişafında etimad mühitini qoruması yeni əməkdaşlıq formatlarının yaradılmasında, həmçinin mövcud olanların coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizdən sonra ölkəmizin müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyinin şahidi oluruq. Ölkəmizin tranzit imkanları əməkdaşlıq əlaqələrinin dərinləşməsində əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (TBNM) kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir. Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir. Dövlət başçısı İlham Əliyevin son zamanlar imzaladığı Fərman və sərəncamlara diqqət yetirsək nəqliyyat məsələlərinin iqtisadi siyasətimizin əsasında dayandığını görərik. Belə ki, nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirildi, onun ardınca «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı» təsdiqləndi.

Azərbaycanın trapnzit imkanları yeni əməkdaşlıq əlaqələrinə yol açır. Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatıran, qonşuları ilə birləşən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmış Azərbaycan region ölkələri üçün tranzit imkanlarını təmin etməkdədir. Orta Dəhlizin daha bir qolu olaraq İran ərazisindən keçməklə Bakı-Naxçıvan-Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür, paralel olaraq Şimal-Cənub dəhlizinin əlaqələndirilməsi nəticəsində Azərbaycanın özü və tərəfdaşları üçün tranzit imkanlarını genişləndirəcəyi gözlənilir. Çinin Qaşqar əyalətindən avtomobil yolu vasitəsilə Qırğızıstandan keçməklə Özbəkistanın Əndican şəhərində dəmir yoluna qoşulmaqla yüklər daşınır ki, bu yaxınlarda Çin, Qırğızıstan və Özbəkistan arasında bu hissədə dəmir yolu xəttinin tikilməsi ilə bağlı razılıq əldə edilib və işlərin yaxın illərdə yekunlaşacağı planlaşdırılır. Bu yeni dəmir yolu xətti regionda yerləşən digər ölkələr Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq. Prezident İlham Əliyev müxtəlif regional və qlobal platformalarda dəfələrlə Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verdiyini bildirir. Bu təşəbbüsün əyani davamı kimi ölkəmiz tərəfdaş dövlətlər və onların dəmir yolu administrasiyaları ilə əməkdaşlıq edərək Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində əhəmiyyətli işlərə imza atır.

Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır. Çinli ekspert, Taihe İnstitutunun həmtəsisçisi Vanq Quan bu günlərdə müsahibəsində «Çin “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın rolunu necə görür» sualını cavablandırarkən bildirir ki, bu gün Çin Azərbaycanı “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində etibarlı dost və əsas tərəfdaş kimi görür. Azərbaycanın nəqliyyat dəhlizlərinə və logistika mərkəzlərinə yatırımları onu Çin-Mərkəzi Asiya-Avropa ticarət şəbəkəsində mühüm qovşaq kimi möhkəmləndirir. Orta Dəhliz və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Çin və Avropa arasındakı tranzit müddətini azaltmaqda həlledici rol oynayır, Azərbaycanın qlobal tədarük zəncirlərində əvəzolunmaz halqaya çevrilməsi üçün şərait yaradır. Çinli ekspert «Çin investisiyaları Azərbaycan iqtisadiyyatının hansı sektorlarında cəmləşib» sualına gəlidikdə isə qeyd edib ki, Çin investisiyaları Azərbaycanda infrastruktur, energetika, rəqəmsal iqtisadiyyat və sənaye parkları da daxil olmaqla geniş sahələri əhatə edir. Azərbaycan beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilir. Bu baxış Çin investorlarının infrastruktur və nəqliyyat sahəsinə yatırımlarında öz əksini tapır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin reallaşdırılması Çin və Avropa arasında ticarətin sürətlənməsinə töhfə verir. Çin şirkətləri energetika sektoru, neft və qaz hasilatı layihələrində iştirak etməklə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafına da dəstək verir. Bu, Azərbaycanın yaşıl enerji sahəsindəki hədəflərinə çatmasına kömək edir. Texnologiya və rəqəmsal iqtisadiyyat sahəsində isə telekommunikasiya infrastrukturunun inkişafı, bulud texnologiyaları və fintech həlləri istiqamətində fəal əməkdaşlıq müşahidə olunur. Bu investisiyalar təkcə Azərbaycanın iqtisadiyyatını gücləndirmir, həm də regional inteqrasiyanın inkişafına töhfə verərək hər iki ölkənin strateji məqsədlərinə uyğun gəlir.

Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində də vurğuladı ki, indi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzalandı. Beləliklə, Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq. Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır.

Dövlət başçısı İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Prezident İlham Əliyevin hər bir çıxışı, müsahibəsi beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə çağırışlarla zəngindir. Hər zaman qeyd edilir ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.

Azərbaycanın davamlı uğurlarında iqtisadi müstəqilliyi əhəmiyyətli rol oynayır. Möhkəm təməl dayanıqlı inkişafa stimul verir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ölkəmiz iqtisadi inkişafı ilə liderliyini yüksək səviyyədə qoruyur. Artıq beynəlxalq maliyyə qurumları 2025-ci il ilə bağlı proqnozlarını açıqlayırlar. Avropa Yenidənqurma və İnkişaf Bankının hesabatında 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırılır. Bank 2024-cü ildəki güclü artımın ardından 2025-ci ildə ÜDM artımını 3 faiz səviyyəsində proqnozlaşdırır.

Ölkəmizin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadə, yeni-yeni layihələrin uğurlu sonluqla başa çatması Azərbaycanın siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. İqtisadi və siyasi müstəqilliyin vəhdətliyinin uğurlu nəticəsi bugünkü reallıqlarımızdır. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Regional çərçivədən başlayaraq beynəlxalq səviyyəyə yüksələn əməkdaşlıq özündə bütün məqamları ehtiva edir. Cənub Qaz Dəhlizinin əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın tərkibinin genişləndirilməsi, nəqliyyat sisteminin təkmilləşdirilməsi, BTQ dəmir yolu xəttinin yükgötürmə qabiliyyətinin artırılması və sair biri-birindən mühüm addımlar Azərbaycanın tranzit imkanlarının əməkdaşlığın coğrafiyasının genişləndirilməsində öz sözünü dediyini təsdiqləyir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması həm sosial-iqtisadi göstəricilərdə, həm də beynəlxalq maliyyə qurumlarının hesabatlarında və ölkəmizlə bağlı proqnozlarında özünü aydın şəkildə nümayiş etdirir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bütün dünyada yaxşı əlaqələr quran ölkə nümunəsini göstərir. Ölkəmiz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirir və aid olduğumuz Cənubi Qafqaz, Xəzər regionunda etibarlı mövqe tutur.

Yeganə Əliyeva, «İki sahil»