04 mart 2025 22:39
112

Qotur at həmişə quyruğunu yellər…

Korporativ maraqlarını, şəxsi çıxarlarını milli mənafedən üstün tutan AXCP sədri Əli Kərimli, “Mili Şura”nın rəhbəri Cəmil Həsənli, bu qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli kimi siyasət dəllalları xaricdə məskunlaşmış, məhdud siyasi təfəkkürlü, dar dünyagörüşlü, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri düzgün təhlil edə bilməyən bəzi kəmsavad gəncləri də tora salaraq öz məkrli məqsədlərinə alət edirlər.

Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu qaragüruhçuların, eləcə də ayrı-ayrı Qərb ölkələrində mühacir adı ilə məskunlaşan Tural Sadıqlı, Qənimət Zahid, Sevinc Osmanqızı kimilərin sosial şəbəkələrdəki antimilli çıxışları, “moizələri” bir daha təsdiq edir ki, əslində bütün bunlar merkantil bir şəbəkənin xaotik özfəaliyyəti yox erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir prosesdir. Daha doğrusu, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Təbii ki, bütün bunların təməlində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən məlum dairələr dayanır. Onların əsas məqsədi ölkəmizdə xaos, anarxiya yaratmaq və bulanıq suda balıq tutmaqdır. Öz çirkin niyyətlərini gerçəkləşdirmək istəyən bədxahlarımız bu işdə radikal müxalifətdəki ünsürlərdən ustalıqla istifadə edirlər.

Xəyanətkar marginal zümrənin sosial şəbəkələrdə, xüsusilə Ə.Kərimliyə yaxınlığı ilə tanınan internet tv-lərdə  dövlətçiliyimizin əleyhinə yayımladıqları materialların, səsləndirdikləri əsassız iddiaların eyniliyi onların xaricdəki himayədarları ilə şəxsi maraqlar üzərində qurulmuş işbirliyini bir daha ortaya qoyur. Son zamanlar radikal müxalifət ünsürlərinin sosial şəbəkələrdəki antimilli notlara köklənmiş ürək bulandıran çıxışları açıq-aşkar göstərir ki, bu siyasi canbazlar tapşırıq və tezisləri eyni mərkəzdən alırlar.

Məlum dairələrin maşasına çevrilən, ötən əsrin 90-cı illərində öz şəxsi mənafeləri, ambisiyaları, kreslo, hakimiyyət sevdaları üzündən müstəqilliyini yenicə bərpa etmiş respublikamızı cəhənnəm atəşinə atan Ə.Kərimli, C.Həsənli kimilər bu gün də öz əməlləri, çirkin xislətləri ilə Azərbaycanımıza oddan köynək biçmək istəyirlər. Tam çılpaqlığı ilə demək olar ki, onların dərdi demokratiya, azad seçkilər, filan deyil. Bu üzdəniraqların əsl məqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına su tökərək ölkəmizdəki sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq, necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Əsla və əsla buna nail ola bilməyəcəklər. Çünki bu gün azadlıq və sabitlik adası olan ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi vardır. Təəssüf ki, bütün bu nailiyyətləri hər şeydə qara axtaran “sapı özümüzdən olan baltalar”- dağıdıcı müxalifətin başbilənləri anlamaq istəmirlər. Siyasi şüuru və ümummədəni səviyyəsi aşağı olan, kompromisi və konsensusu, konstruktivliyi və quruculuğu rədd edən, alternativliyi ümumiyyətlə, qəbul etməyən, “bizim kimi düşünməyənlər bizə düşməndir” prinsipi ilə hərəkət edən bu pozucu qüvvələr cəmiyyətin tənqidlərinə, rəqiblərinin alternativ fikirlərinə, rasional düşüncələrinə belə dözümsüzlük nümayiş etdirirlər. Atalar demişkən: “Qotur at həmişə quyruğunu yellər”.

Gerçəklik odur ki, mənəvi-psixoloji burulğanlar girdabında çırpınan antimilli ünsürlərin, milli dönüklərin və qaragüruhçu tör-töküntülərin Azərbaycan əleyhinə yönəlmiş fəaliyyətləri və bütün cəhdləri fiaskoya uğrayacaq. Güclü, qüdrətli, qalib Azərbaycan öz yolu ilə inamla irəliləyəcək. Özünü cəmiyyətdən təcrid edən, bədnam antimilli fəaliyyəti ilə cəmiyyətdə ikrah doğuran, şərin qulluğunda dayanan radikal müxalifət düşərgəsinin təmsilçiləri tarixin təkərləri altında qalaraq əziləcək, siyasi səhnədən silinəcəklər.

Zahid Rza, “İki sahil”